- Mədəniyyət

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş növbəti konsert

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı keçirilib.

Bu barədə AZƏRTAC-a Filarmoniyadan məlumat verilib.

Bildirilib ki, “Biz dünyayıq” adlı konsertdə Uşaq Filarmoniyasının müxtəlif yaradıcı kollektivləri – “Musiqili Uşaq Teatrı”, “Sədəf” xalq çalğı alətləri ansamblı və solistlər, Uşaq Folklor Rəqs Ansamblının müxtəlif yaş qruplarından ibarət rəqs kollektivləri, gimnastika dərnəyi, “Simurq” musiqi festivalının iştirakçıları Fəxriyyə İsgəndərova, Amalya Seyidova (müəllim: Nigar Rəhimova), İnci Humbətova (müəllim: Kamilla Sədirxanova), Cəlalə İsmayılzadə (müəllim: Kamilla Əmirova), İnci Abbasova (müəllim: Fəridə Əhmədbəyova) bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış edib. Təqdim olunan rəqs nömrələri, uşaq dünyasının rəngarəngliyini əks etdirən musiqi kompozisiyaları, milli alətlərimizin ahəngi, gimnastika dərnəyinin fiziki çeviklikləri ilə konsertə dinamik ruh qatıblar.

Konsert proqramı həm uşaqların potensialının üzə çıxarılması, həm də mədəniyyətin regionlarda inkişafı baxımından əhəmiyyətli tədbir kimi qiymətləndirilə bilər.