- Manşet

Çarlz DİKKENS

(9 iyun ədibin xatirə günüdür)

-Ata, pul nədir?

-Yaman çətin sual oldu… Cənab Dombi nə deyəcəyini bilmirdi. Balaca uşağa necə izah etsin bunu? Özünü toplayıb dedi:

-Qızıl, gümüş, mis. Şillinq, penni. Başa düşürsən?

-Hə, bunları bilirəm. Ancaq yenə də aydın deyil. Ümumiyyətlə, axı bu pul nədir, nə üçündür?

Cənab Dombi stulunda yayxanıb bu sualları verən oğlunu heyrətamiz baxışlarla süzdü.

-Pul, oğlum, hər şeyə qadir olan nəsnədir. Onunla hər şey etmək mümkündür.

-Hər şey?, – oğlu soruşdu.

-Əlbəttə. Pul hər şeydir. Hər şey edə biləndir.

-Bəs onda niyə anam öldü? Niyə pul onu ölümdən qoruya bilmədi?

Bu hissəni təxminən yaddaşdan yazdım. İnstitutda oxuyanda keçmişdik və mənə təsir etmişdi. Bu dialoq görkəmli ingilis yazıçısı ÇARLZ DİKKENSin “Dombi və oğlu” əsərindəndir. Anasını doğuş vaxtı itirən 5 yaşlı oğlanın atası ilə dialoqundandır.

Haqqında maraqlı faktlar:

  • Viktorian erasının ən görkəmli nümayəndələrindən biri olub.
  • Çox gənc yaşda qələmə sarılıb. İlk hekayəsini 9 yaşında yazıb.
  • Uşaqlıqda fabrikdə işləyib, teatrda da özünü sınayıb, daha sonra uğurlu jurnalist karyerası olub, seriallar formasında romanlar dərc etdirib.
  • Səyahəti çox sevib.
  • Xeyirxah şəxsiyyət olub. Onun dövründə qədim peşə ilə məşğul olan qadınlara qarşı qanunlar çox sərt idi. Dikkens belə qadınlar üçün “Urania House” adlı pansionat tipli yer açaraq onları küçədən və əxlaqsızlıqdan uzaqlaşdırıb. Burada “həyatın dibinə düşmüş” qadınlar düzgün yola çəkilir, onlara yazmaq, oxumaq öyrədilirdi ki, gələcəkdə normal iş tapıb pis yola bir da qayıtmasınlar.
  • Yazıçı SHN-dən (sarışan hallar nevrozu) əziyyət çəkib. Harada olmağından asılı olmayaraq, mebellərin yerini dəyişməsə rahat olmazmış. Hətta öz uşaqlarının da hər səhər yataq otağına girib hər şeyi birbəbir yoxlayıb, təmiz və yerlərində olmasına diqqət edərmiş.
  • Evində iki quzğun saxlayıb.
  • Mistikaya meyilli olub. Uşaqlıqdan kabus gördüyü deyilir. Kabuslar, ruhlar, qorxulu əhvalatlar haqqında oxumağı çox sevib.
  • İngilis dilinin lüğət fonduna xeyli töhfə verib. 250-dən çox söz yaradıb. Həmin söz və ifadələr müasir ingilis dilində hələ də işləkdir.
  • 1836-cı ildə evlənib, 1858-ci ildə boşandığı arvadı Katerin Hoqartdan 10 uşağı olub. Bütün uşaqlarına ləqəb verib və onları o cür çağırıb.
  • Dəfninə cəmi 12 adam buraxılıb. Lakin çox adam onu son mənzilə yola salmaq üçün gəlmək istəyib. Ona görə qəbri 2 gün açıq saxlanılıb. Həmin vaxt 10 mindən çox pərəstişkarı qəbrini ziyarət edib.

“Haqqında maraqlı faktlar”ı müxtəlif ingilisdilli saytlardan toplayıb tərcümə etdi: Aygün ƏZİZ