Danimarkada qadınların məcburi hərbi xidmətə çağırılması 2026-cı ildə həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, qadınların məcburi hərbi xidmətə cəlb edilməsi ilə yanaşı, Danimarka parlamenti ordunun əhəmiyyətli dərəcədə genişləndirilməsi və gücləndirilməsi barədə qərar qəbul edib. Xidmət müddəti dörd aydan on bir aya qaldırılıb: beş ay baza hazırlığı, ardınca isə altı ay əlavə xidmət. Bundan əlavə, hərbi xidmətə xarici ezamiyyətlər də əlavə ediləcək. Məsələn, Danimarka ordusunun Latviyadakı 1-ci briqadasının döyüş batalyonunun tərkibində xidmət də nəzərdə tutulub.
Kopenhagen Universitetinin Hərbi Tədqiqatlar Mərkəzinin elmi əməkdaşı, mayor Aleksandr Höqsberq Tetslaff qeyd edib ki, “yeni çağırışçılar Danimarka ərazisinin müdafiəsinin ayrılmaz hissəsinə çevrilir, bu isə əvvəlki yalnız təlim və operativ tapşırıqlara həsr olunmuş xidmətdən fərqlənir”.
Donald Trampın “güc” yolu ilə Qrenlandiyanı ələ keçirməklə hədələməsindən sonra hökumət öz müdafiəsinə tarixi investisiya qoymaq qərarına gəlib və yazda müdafiə xərclərini ÜDM-in 3%-nə qədər artırıb. Baş nazir Mette Frederiksen hesab edir ki, vaxt həlledici rol oynayır. Onun fikrincə, Ukraynadakı müharibə Avropanın gələcəyi üçün kritik əhəmiyyət daşıyır, Rusiyanın hərbi iqtisadiyyata keçidi isə NATO ölkələrinə hücumların xəbərçisidir.
Danimarka çağırışçı sayını hazırkı 4700 nəfərdən ən azı 7500-ə çatdırmağı planlaşdırır. Bir çox yeni əsgər hələlik müvəqqəti yaşayış yerlərində yerləşdiriləcək. Həmçinin zabit çatışmazlığı problemi mövcuddur.
Hazırda Danimarkada cəmi təxminən 9 min peşəkar hərbçi var ki, onlar da altı milyon sakini müdafiə etməlidirlər. Bununla belə, istəməyənlər üçün Danimarka Mülki Müdafiə Agentliyində xidmət etmək və ya xidmətdən imtina etmək imkanı olacaq. Ekspertlər etiraf edirlər ki, islahat nəticəsində ordu qadın çağırışçıların ehtiyaclarına daha çox diqqət yetirməlidir. Hazırda könüllü çağırışçıların təxminən dörddə birini təşkil edən qadın hərbçilər tez-tez uniformanın və zirehli gödəkçənin narahat olması, həmçinin müəyyən tədbirlərdə qalstuk taxmaq məcburiyyəti ilə bağlı narazılıqlarını bildirirlər.