- Mədəniyyət

İstanbulda Türk dünyası kino rəhbərlərinin ikinci görüşü keçirilib

İstanbulun Fəriyə Sarayında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un təşkilatçılığı ilə Türk dünyası kino rəhbərlərinin ikinci görüşü olub.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyəni təmsil edən kino sahəsi üzrə yüksəkvəzifəli şəxslər iştirak ediblər.

Tədbir TÜRKSOY Daimi Şurasının 40-cı toplantısında qəbul edilmiş qərarlar əsasında keçirilib və kino sektorunun mədəni irsin qorunması, həmçinin gələcək nəsillərə ötürülməsindəki rolunun gücləndirilməsi məqsədini daşıyıb.

Tədbirin açılışında çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev ortaq yaddaş və mədəniyyətin formalaşdırılması üçün birgə fəaliyyətin önəmini vurğulayıb. O, kinonun türk sivilizasiyasının zəngin irsini dünyaya çatdırmaq baxımından ən güclü vasitələrdən biri olduğunu qeyd edib.

Azərbaycan Respublikası Kino Agentliyinin baş direktorunun müavini Qurban Primov çıxışında ölkəmizin kino sahəsində həyata keçirdiyi siyasət, beynəlxalq əməkdaşlıq istiqamətləri və gələcək planlar barədə ətraflı məlumat verib. O, həmçinin “Baku Cinema Breeze Festivalı” haqqında iştirakçıları məlumatlandıraraq festivalda iştiraka dəvət edib. Çıxışı zamanı distribusiya, dublyaj və animasiya sahələrində əməkdaşlıq təklifləri də irəli sürülüb.

Görüşdə ortaq film istehsalı, kino festivallarında əməkdaşlıq və birgə kino fondu yaradılması kimi məsələlər müzakirə olunub. Tədbirin yekununda iştirakçı ölkələrin nümayəndələri tərəfindən ortaq protokol imzalanıb.

Qeyd edək ki, görüş Türkiyənin ən böyük ssenari inkişafı və ortaq istehsal platforması olan “TRT 12 Punto” tədbirləri ilə paralel təşkil edilib. “12 Punto 2025” çərçivəsində keçirilən “Türkiyə ilə Türk dünyası arasında ortaq istehsalda yeni körpülər” adlı panel müzakirəsində Türkiyə və digər türk dövlətlərinin kino sahəsindəki rəsmi qurumlarının rəhbərləri iştirak ediblər. Paneldə ortaq istehsal imkanları, əməkdaşlıq platformaları və gələcək perspektivlər müzakirə olunub.

Panel iştirakçıları arasında Azərbaycan Kino Agentliyinin baş direktorunun müavini Qurban Primov, Qırğızıstanın Kino üzrə Baş direktoru Ulan Adamaliev, Qazaxıstan “Kazakfilm”in icraçı direktoru Asset Yernazarov, Qazaxıstan Milli Kino Dəstək Mərkəzinin sədri Jumagali Kurmanbek, Özbəkistanın Kino üzrə Baş direktoru Şuxratulla Rızayev, Türkmənistan “Oğuzxan” Türkmənfilm Birliyinin sədr müavini Sahysalyh Bayramov, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş direktoru Birol Güven və TRT Sinema rəhbəri Faruk Güven yer alıblar.

Müzakirələr zamanı ölkələrarası birgə layihələrin həyata keçirilməsi, kino üzrə təlim və təcrübə proqramlarının təşkili, qarşılıqlı film mübadiləsi və festival əməkdaşlığı mövzularında fikir mübadiləsi aparılıb. İştirakçılar öz təcrübələrini bölüşərək qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı təkliflər səsləndiriblər.

Səfər çərçivəsində nümayəndə heyətləri TRT-nin pavilyonunu da ziyarət edərək televiziya və kino sahəsində tətbiq olunan müasir texnoloji imkanlar, çəkiliş və postprodakşn prosesləri ilə tanış olublar. Azərbaycan nümayəndə heyəti, həmçinin Türkiyənin bir sıra nüfuzlu özəl film şirkətləri ilə görüşlər keçirib. Görüşlər zamanı studiyaların tətbiq etdiyi texniki infrastruktur, yüksəkkeyfiyyətli istehsalat imkanları və əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılıb.

Görüş Türk dünyasında kino sahəsində əməkdaşlığın genişləndirilməsi və ortaq mədəni dəyərlərin qorunması istiqamətində atılmış önəmli addım kimi dəyərləndirilib.