- Köşə

Böyük sima – Sima müəllimə təsəvvürümdə

Vüqar MƏMMƏDZADƏ – Hüquqşünas

Hər kəs bir ömür yaşayır. Kiminin həyat yolu hamar, rahat, kiminki isə daşlı-kəsəkli olur. Mötəbər insanlar verilən ömrü elə yaşamağa çalışır ki, özündən sonra bir iz, cığır qoysun və gələcək nəsillər onu xatırlasın. Haqqında söz açmaq istədiyim 80 yaşlı ağbirçək Sima xanım Cəfərovadır.
Onunla yaxın əlaqələrim sosial şəbəkədə – Afiq Yusifovun ərsəyə gətirdiyi “Füzuli Şəhəri Keçmişimizi Unutmayaq” adlı qrupda olmuşdur. Həmin qrup çərçivəsində rayonumuzun Ziyalı təbəqəsindən cəmi 27 nəfər “Füzuli Ziyaliları” adlı qrupda birləşdik. Üzvlər sırasında Sima müəllimə və mən də yer aldıq. “Füzuli Ziyalıları” qrupunun tez-tez görüşü baş tutduğundan, mənim də həmin qrup üzvülərini yaxından tanımağa fürsətim oldu. Bu baxımdan Sima müəlliməni bir insan kimi az da olsa tanıya bildim.
O, gənc yaşlarından pedaqoji sahədə, dövlət işlərində əhəmiyyətli vəzifələrdə şərəflə işləmiş, zəhmətlə dolu bir həyat yaşayaraq özündən sonraya elmi fəaliyyəti, yaxşı əməlləri ilə  bir nişanə qoymağa çalışmışdır. Əslində o, sadəcə özünəməxsus bir həyat yaşamışdır və bu gün də əmək fəaliyyətini davam etməklə həmin həyat qaydaları ilə yaşayır.
Eldən öyrəndiklərim onu deməyə əsas verir ki, Sima müəllimə bu günkü özüllü həyatını zəhmətilə, savadı, qabiliyyəti ilə, iynənin gözündən keçərək qazanıb. O, ziyalılığı, zəhmətkeşliyi, istedadı və bacarığı ilə rayon ictimaiyyəti arasında böyük hörmət qazanmış əsl şəxsiyyətdir.
Sima müəllimənin haqsızlığa, ədalətsizliyə, öz haqqının və kiminsə haqqının pozulmasına qarşı dözümsüz olduğunun, nə qədər problemi olsa da, nikbinliyini qoruyub dərd-səri ilə başqalarını yükləməyi sevmədiyinin şahidi olmuşam. Həm də həyata fərqli baxışı, nikbinliyi ilə çətin anlarda dik durmağı da bacarır. Həyat təcrübəsinə güvənərək hər kəsin bel bağlaya, sözünü deyə, kömək istəyə biləcəyi bir şəxsdir Sima müəllimə! Bu mövqelərinə görə mən onu Böyük sima – Sima xanım  kimi dəyərləndirirəm!
Əslən Gədəbəyli qızı – dağ xislətli, dağ vüqarlı insan!
ELDƏN-ELə gəlib sözün həqiqi mənasında sadə, səmimi, işgüzar, mehriban  bir ziyalı olaraq xeyirxah əməlləri ilə bərabər, həm də sədaqətli dost, etibarlı tərəfdaş kimi özünü təqdim edə bilmiş, vətənpərvərliyi ilə füzulilərin sevimlisi, Füzulinin bir parçası olmuşdur.
Nəzərimdə Ümummilli liderimiz Heydər Əliyev dediyi “müəllim peşəsindən yüksək peşə tanımıram” ifadəsinə Sima müəllimə hər kəsdən daha çox layiqdir.
On illiklər əvvəldən bu günə qədər şagirdlərinin qəlbində ona məhəbbət yaşayırsa, iş yoldaşları onun haqqında ehtiramla danışırsa bu onun ləyaqətidir, ona olan sevgidir. Yalnız böyük insanlar bir belə sevilə bilir!
Mən Sima müəlliməyə davamlı xoş günlər yaşamağı, hər yaşında sağlam və şux olmağı arzu edirəm. Yaşayın, yaşayın ki, cəmiyyətimiz Sizdən yararlanmaqda davam etsin.. Siz bir MƏKTƏBSİNİZ! Sizdən öyrəniləsi hələ çox şeylər var..
Arzularınız çin olsun, böyük sima – Sima müəllimə!

İyun, 2025