Rusiyanın neft emalı zavodlarının təxminən yarısı PUA və raketlərlə vurulub. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə “The Economist” məlumat yayıb.
Nəşr yazır ki, Ukrayna Rusiyanın enerji infrastrukturuna ziyan vurmaqda davam edir və bu temp sürətlə artır. Hücumlar tezliklə gündəlik ola bilər.
Avqustun sonunda “Reuters” Rusiyanın neft emalı gücünün təxminən 17%-nin müvəqqəti olaraq sıradan çıxdığı barədə məlumat yayıb. Bu rəqəmin indi şübhəsiz daha yüksək olduğu bildirilib.
Bəzi təsdiqlənməmiş hesabatlar göstərir ki, neft emalı zavodlarının 40%-ə qədəri zədələnib. “Energy Aspects” tədqiqat qrupuna görə, bu, gündə 1 milyon bareldən çox itki deməkdir.
“Argus Media” analitik şirkətindən Benedikt Corc deyir ki, Ukrayna Rusiyanın 38 neft emalı zavodundan 16-nı vurub. O, hesab edir ki, təmir mümkün olsa da, neftayırma zavodları təkrar hücumlara məruz qaldıqda, ziyan geri qaytarılmaz olur. Onun sözlərinə görə, Rusiyanın bəzi neft emalı zavodları üç dəfəyə qədər vurulub.









