2000-ci ilin möhtəşəmliyi ilə seçilən 20-ci illərinin 5-ci ilini də beləcə yola salırıq… İkinci minilliyin 20-ci ili gəlişi ilə həyatımızı, dünyaya baxışımızı dəyişdi. Arzu və ümidlərimizi artırdı. Tikanı da oldu, gülü də, laləsi də, qanqalı da, böcəyi, xarı da, xarıbülbülü də, ağrılı-acılı, kədər, qəm göz yaşları da oldu, sevinc, qürur, fəxr yaşları da…Boz olmadı, rəngbərəng oldu, ağlı-qaralı, qırmızılı-yaşıllı, göylü oldu, ücrəngli bayrağımız kimi… Gəlin bu illərə birlikdə nəzər salaq.
2000-ci ilin 20-ci ili gəlişindən bir az keçmiş insanları evlərə doldurdu. Ailələri bir yerə yığdı, pis-yaxşı, zorla, qorxu gücünə, covid-19 qorxusu altında olsa da. “Taclı virus”, “koronavirus”, “spirt”, “maska”, “sabun”, “virtual”, “distant” sözləri gündəlik eşitdiyimiz sözlərə çevrildi. Uşaqlar məktəbə getmədi daha, məktəb özü öz ayağı ilə evimizə gəldi, məişətimizə daxil oldu, hər evdə bir sakin də peyda oldu, virtual dərs-virtual müəllim. Sonra Azərbaycan dilinə diqqətimiz artdı. Əcnəbi dillərin ölkənin küçə və reklamlarında başa çıxmasına dözə bilmədik, etiraz etdik 2020-ci ildə. Dilimizin paytaxt küçələrini işğalına qarşı ziyalıların birliyi və mübarizəsi başladı. Bu birliyi Vasif Sadiqlinin təşəbbüsü ilə FADMM yaratdı. Sonra bu birliyin arxasından xalqın düşmənə qarşı birliyi, daha sıx, daha möhkəm bir birlik yarandı! “İllər görməmişdik bu illər kimi”…Sonra müharibənin gizlindən, açığa çıxması, düşmənin daha da quduzlaşması, ürəkləri dağlayan şəhid xədərləri…dinc əhalinin, uşağın, qocanın, qadının, kişinin yatdığı yerdəcə namərd, qaradonlu kafir qonşuların raket hücumları nəticəsində həyata vida etməsi, uçulmuş evər altında qalaraq bərkiyən birliyimiz, uçqun altından uşağını və bayrağını çıxaran Azərbaycan vətəndaşının formalaşması, qorxmayıb “naabarot” qızışıyor olması”, millətin birliyi üçün qığılcım olan Polad Həşimov şəhidliyinin zirvəsi, Hikmət Hacıyev adı, bir millətin öz Prezidenti ətrafında mənfur düşmənə qarşı birləşərək yumruq kimi bir olması və bu yumruğun düşmən başını əzməsi, hər gün yaşanan “tvit” həyəcanı-sevinci, “dron”, “Bayraqdar”, “İtiqovan” sözlərinin leksikomumuzda daha çox işlənməsi, “Nooldu Paşinyan?! Noldu, bəss yol çəkirdin, Şuşada yallı gedirdin?!”-ritorikası… unudulmaz qələbələrimizin kulminasiya nöqtəsi—”Əziz Şuşa, sən azadsan! Sən bizimsən! Biz səni dirçəldəcəyik! Qarabağ Azərbaycandır!” nidası! Topçu Vüsalın möhtəşəm duruşu ilə məğrur Azərbaycan əsgərinin xəyallarda heykəlləşməsi, Xudayarın o gülən gözləri, qəmzəsi, əsgər yoldaşlarının əhatəsində vətən torpağından, söykəndiyi vətən dağlarına yayılan Xudayar təsnifinin xoşbəxt sədaları altındakı keçirdiyimiz Zəfər paradı, qardaş türk əsgərlərinin Azərbaycan əsgərləri ilə birgə 2782 şəhidimizi əvəz edən rəmzi sayı, R.Ərdoğanın məşhur çıxışı, “lil ilə doyurulan Araz, Can Laçın”, xarabalığa çevrilmiş şəhid şəhərlərimiz: Ağdam, Füzuli, Cəbrayıl gəlib gözlərim qarşısından bir kino lenti kimi keçərək, gözlərimizi ağrı, acı, kədər, sevinc, qürur, fəxr yaşlarına qərq edir …
2025…Yola saldığımız 20-nin 5-ci ili. 20-nin gətirdiyi sevincin möhtəşəmliyini davam etdirdi. Düşmənin məhvi. Xankəndinin təmizlənməsi “Allah haqqı hə… Erməni adam dəyil”i dedirtdi tipik erməniyə…
2020-də qazandığımız zəfərin möhkəmlənməsini, zəfər paradımızın kölgəsiz və daha möhtəşəm olmasını, yaralarımızın sağalmasını, Qarabağ müharibəsinin tarixə dönməsini gerçəkləşdirdi. Şikəst edilmiş, yandırılmış, öldürülmüş şəhərlərimiz bir-bir canlanması, dirçəldilməsi prosessinin başlanması…
Biz Qarabağın azad olacağına inanırdıq. Amma bu tezliklə Şuşada “Xarıbülbül festivalı”, Xankəndidə möhtəşəm Zəfər paradı keçirəcəyimiz, ardınca “Qarabağ” ın 44-cü dəqiqədə qələbə qolunu vuracağını, düzü, gözləmirdik! Müharibədə Qarabağın qələbə sevinci öz yerini idmanda “Qarabağın” qələbə sevinci ilə əvəzləməsi— zəfərlərimizin bir müstəvidən digərinə keçməsi dövlətə, inkişafa inamımızı daha da gücləndirdi. Qarabağda tikinti-quruculuq işlərinin tezləşməsi, “Əziz Şuşa”nın, həqiqətən də, “dirçəldilməsi”, Qarabağın öz qucağını doğma sakinlərinə açması, orada artıq yaşayışın başlanması, “Konstitutsiya və Suverenlik ili”nin də artıq tarixə qovuşması…Öz yerini “Şəhərsalma və Memarlıq ili”nə verməsi bundan sonra dinc və sakit həyata başlayacağımızdan xəbər verir.
2020-ci ildə FADMM-in Azərbaycan dili uğrunda apardığı mübarizəsi də artıq öz bəhrəsini verməkdədir. Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyinə həsr olunmuş tədbirdəki çıxışında dediyi: “Azərbaycan dilinin saflığının qorunması milli məsələdir. Bu, təkcə dilçi alimlərin və müəllimlərin deyil, hər bir vətəndaşın mənəvi borcudur,”— sözlər ana dilimizə münasibətdə də köklü dəyişikliyin olacağından xəbər verir…
Qoy üzümüzə gələn 2026-cı il bütün problemlərin bitdiyi, azad, xoşbəxt, qayğısız günlərlə dolu, bütün cəbhələrdə: həm Qarabağ, həm də FADMM-in açdığı cəbhədə tam və qəti qələbə ili olsun!
2026-cı il At ilidir. Özü də sadə at yox, Şərq təqviminə görə “Alovlu At ili”.
At ili Çin təqviminin ən enerjili və hərəkətli dövrlərindən olub, dəyişikliklərə açıq olmağı, cəsarətli qərarlar verməyi və uzun müddətdir gözlənilən planlara başlamağı təşviq edir. At simvolu azadlıq, sərbəstlik və irəliləmə istəyini ifadə edir. At böyük dəyişikliklər, irəliyə can atmaq, bərpa etmək, həyatda köklü dəyişikliklər etməyin simvoludur. Ümid edək ki, bu il hər kəsə – xalqımıza düşərli il, bərpa və özünəqayıtma, bütövlükdə Qarabağa qayıtma ili olacaq! Yeni iliniz uğurlu olsun. Qoy bu il həm də “Azərbaycan dili ili” olsun!
Bu gün həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. 31 Dekabr hər bir azərbaycanlı üçün əziz gündür. Bu münasibətlə “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” (FADMM) Azərbaycan xalqını – həm respublikamızda, həm də xaricdə yaşayan soydaşlarımızı təbrik edir. Vətənimizin inkişafı, müstəqilliyimizin sarsılmazlığı, xalqımızın əmin-amanlığı, insanlarımızın rifahı, ana dilimizin saflığı! —bu amallar dünyada yaşayan bütün azərbaycanlıları birləşdirən, həmrəy edən əsas amal olsun! Qoy üzümüzə gələn bu yeni il dünyada yaşayn bütün azərbaycanlılara düşərli olsun. Yeni il doğma Qarabağımıza yeni ruh, yeni nəfəs gətirsin, torpaq uğrunda canından keçmiş şəhidlərimizin ruhu şad olsun, dağıdılmış, viran qalmış şəhərlərimiz azad, abad diyara, gülüstan bir yurda çevrilsin. Yurdumuzdan bir daha güllə səsi eşidilməsin, əvəzində məktəblərdən quş civitisi kimi səs-səsə verən xoşbəxt balalarımızın səsi gəlsin.
Azad, abad, demokratik Azərbaycan bütün dünya azərbaycanlılarının fəxr, iftixar yeri olsun! Oğuz elimiz bir də qan-qada görməsin. Qarabağımızda uca ağaclarımız bir daha yıxılmasın, kölgəsi daha da qalın olsun. Axar çaylarımız qurumasın. Yenidən qurulan evlərimiz yağmalanıb dağıdılmasın, el-obalarımız, evlərimiz böyüksüz, tədbirli ağsaqqalsız, ağzı dualı ağbirçəksiz olmasın, hər bir evdən xoşbəxt uşaq səsləri gəlsin. Yeni ilimiz mübarək olsun! At muraddır, deyirlər. Hər kəs bu ildə muradına yetsin!