- Köşə

Ziya nurunda ucalanlar

Həmyerlimiz, professor Tofiq Əbdülhəsənlinin
70 illik yubileyi münasibətilə
“Bu yaxınlarda Sizin iki kitabınızı eyni gündə aldım.(Tofiq Əbdülhəsənli: “İstiqlal işığında”, Şirvannəşr, 1998; “Vətəndaş yanğısı”, 1988, “Gənclik”). Qəlbimdə təbii iftixar hissi oyandı. Əcəlin dalbadal ayaq açdığı Kür üstünün rəhmətə qovuşan istedadları-söz sərraflarını yeni nəsil əvəz edir!
Xəlil Rza Ulutürkün doğma yurdunu-Neftçalanın Pirəbbə kəndini ədəbi mühitə xatırladan doğma bir imza – Sizin imzanız mənə, həm də ənənəvi varislik və varisliyin qırılmazlığını arzulayan hər kəsə çox əziz göründü.
Hacı İmamverdi Əbilov, filologiya elmləri doktoru, professor, 2000 – ci il.

—————————————–

Hər bir insan əməlinin işiğında, keçdiyi ömür yolunun şam kimi əriyən günlərinin özündən sönra şölələnən işığında yaşayır. Bu ifadəni qəhrəman şəhidlərimiz, qazilərimiz haqqında söyləyərkən gözlərimiz önündə döyüş səhnəsi canlanırsa, elm insanları haqqında deyərkən tamam fərqli bir sahəyə üz tuturuq. Lakin hər iki istiqaməti birləşdirin yenə eyni bir yol var ki, bu yol əbədidir, dəyişməzdir. İnsanın həyatda xeyirli olmaq missiyası, ətrafındakılara, öz torpağına, dövlətinə şərəfli xidmət eşqidir. Bu yol çox qürurludur. Cəsarət və dönməzlik, zəhmət ətri ilə gedilən bu yol baş ucalığıdır. Elə eşidəndə ki, bizim elin, yurdumuzun elm fədaisi, həyatını elmə, maarifə, ana dilimizin inkişafına, tədrisinə, araşdırılmasına sərf edən çox hörmətli Tofiq müəllimin ad günüdür, biz də təbrik etmək istədik. Çünki bu onun haqqıdır, dəyərli xidmətindən ona verilən bir vətəndaş mövqeyi, doğma ocağının səsi olan “Neftçala-Gündoğar”qəzetinin hörmətli professorumuza doğum günü hədiyyəsi, bir daha ömür yolunun, fəaliyyətinin dəyərləndirilərək təbliğidir.

Tofiq Əbdüləziz oğlu Əbdülhəsənli 1955-ci ildə Neftçala rayonunun Xəlil Rza Ulutürk nəfəsli Pirəbbə kəndində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1973-1981-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində oxumuş, təhsilini fərqlənmə diplomu ilə başa vuraraq filoloq, “Azərbaycan dili və ədəbiyyatı müəllimi” ixtisasına yiyələnmişdir. 2000-ci ildə isə təhsilini yenə artırmaq niyyəti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-Kredit fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Tofiq müəllim bu illərdə filologiya üzrə namizədlik dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almış, 2004-cü ildə isə dosent elmi adına layiq görülmüşdür. Tofiq müəllim 1993-cü ildən Azərbaycan Dövlət İqtsad Universitetində “Azərbaycan dili” kafedrasında müəllim, baş müəllim, dosent vəzifəsində çalışmışdır. 2014-cü ildən filologiya elmləri doktoru, professordur. Onun uzunmüddətli elmi fəaliyyəti 4 nonoqrafiyanın, 5 dərslik, dərs vəsaiti, müasir Azərbaycan dilinin və ədəbiyyatının problemlərinə həsr olunmuş onlarla kitabı, monoqrafiyaları, ölkədə və xaricdə çap olunmuş 100-dən artıq elmi məqalələri, həmçinin “Azərbaycan dili” və “İşgüzar Azərbaycan dili” dərsliklərinin müəllifidir.

Tofiq müəllim Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, rəsmi dövlət qəzetlərində 200-dən artıq məqaləsi olan, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Respublika İqtisadçılar İttifaqının üzvüdür. “Qızıl qələm”, “Həsən Bəy Zərdabi” və “ Araz Ali Ədəbi Mükafatı” laureatıdır. Azərbaycan Respublikasının Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı iləAzərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Azərbaycan ədəbiyyatını sevərək oxuyan, öyrənərək alim adını şərəflə daşıyan, neçə-neçə tələbələrinə dilimizin zənginliyini inci kimi aşılayan Tofiq müəllimin elmi işi də öz doğma ocağından Xəlil Rza Ulutürk yaradıcılığından olmuşdur. Belə bir mübarizlik dolu elmi araşdırma ilə ədəbiyyatda yüksələn alim ən gözəl keyfiyyətlərə, insanı dəyərlərə, vətəndaşlığa, ucalıqdan boylanan günəş hərarətinə nə qədər yaxındısa, çıxdığı yol da onu elə bu sədaqəti, məsuliyyəti, zəhməti, humanizmi ilə ucaltmışdır. Minlərlə tələbəsinə özündə olan müqəddəs işığı verərkən vətən üçün layiqli vətəndaş yetişdirmişdir. Müəllim örnəkdir, nümunədir, elm sahəsinə istifadə etdiyi hər cümləsinin arxasından görünən əməlləri ilə işıqdır, ziyası ilə mayakdır. Tarixinə, mədəniyyətinə, adət-ənənələrimizə, xalq həyatına sadaqətlə baxan, onu təbliğ edərək qoruyan sədaqət nümunəsidir. Bu gün bu sözləri Tofiq müəllim haqqında yazarkən sadəcə onun fəaliyyətinə nəzər salaraq, çoxşaxəli, məsuliyyəti, zənginliyi ilə ən yaxın dostlarını təəccübləndirən səbri zəhməti ilə başa gətirdiyi yazıları haqqında öyrənərək yazıram. Neftçalamızdan paytaxt Bakı şəhərində zəhmətilə ucalan bir alimimizin ömür yolundan yazıram. İşıqlı insanlardan hər zaman öyrənmək vacibdir. Tofiq müəllimi bir də uzun illər birlikdə çalışdığımız bacısı Səadət xanımın gözlərində görürəm. Bu xanım da o qədər səmimi, gözəl dəyərləri ilə seçilən, uzaqdan-uzağa özünə rəğbət daşıyan, yaxından tanıdıqca bu sadəliyin, səmimiyyətin içində müqəddəs dəyərlərimizin nə qədər əziz şəkildə qorunduğunu ehtifa edən bir xanımdır, qazi anasıdır. Səadət xanımın simasında bir daha elə Tofiq müəllimin ata ocağının nurunu tanımaq, səhmanından da xəbər almış oluruq…

Dəyərli alimimiz istər elm sahəsində, istər iqtisadiyyatın hər bir sahəsində təhlillərə əsaslanaraq yazdığı məqalələrlə özüdür, məsuliyyətli jurnalist fəaliyyəti, müəllimlik fəaliyyəti, elmi yanaşma, araşdırma, alın təri, yuxusuz gecələri bu gün Neftçalamızın, bütün Azərbaycanımızın alimləri sırasında onun da adının fəxrlə yazılmasına, böyük rəğbət və hörmətlə çəkilməsinə gətirib çıxarmışdır.

Onun haqqında dostlarının, həmkarlarının fikirlərini oxuyuram, maraqlı fikirlər diqqətimi çəkir. “Kafedra müdiri olmaq hər bir alim üçün yüksək zirvədir. Xüsusən də ali məktəb müəllimləri üçün.Tofiq Əbdülhəsənlinin özəl cəhəti çətin bir kafedraya rəhbərlik etməsidir. Buraya rəhbərlik etmək hər kişinin deyil, nər kişinin işidir.
Tofiq Əbdülhəsənlinin universal dünyagörüşü onun bir ədəbiyyatçı kimi yetişməsində, jurnalist kimi fəaliyyətində, iqtisadi biliklərə yiyələnməsindədir. O, nüfuzlu rəsmi dövlət qəzeti olan “Respublika” qəzetinin şöbə müdiridir. İqtisadiyyatla bağlı jurnalist fəaliyyəti ilə tanınan peşəkar jurnalistdir.
İnsani keyfiyyət aqillərimiz tərəfindən parametrdən izah edilmişdir. Onun bir tərəfi də “Yamanlığa yaxşılıq” düşüncəsidir…”
– Maarifə Hacıyeva, filologiya elmləri doktoru, professor.

Digər həmkarı filologiya elmləri namizədi, dosent Firəngiz Kazimovanın məqaləsində isə qeyd olunub ki, “…Umumiyyətlə, Tofiq Əbdülhəsənli hər kəsə əlindən gələn yaxşılığı etməyə hazırdır. Onun üzügülər çöhrəsinə baxdıqda çox şey demək olar. O, çox müdrik, qayğıkeş ən başlıcası savadlı kafedra müdiridir…”
Xalq şairi Məmməd Arazın “Qarşıda o qədər illər var ki…” xatirə məqaləsindən isə Tofiq Əbdülhəsənli haqqında belə oxuyuruq:“… Adətən radionun bu silsilədən olan (“Xəzər: Ekoloji dəyişikliklər və heyvanat aləmi”) verilişlərinə qulaq asırdım. İstər evdə, istər işdə. Bu dəfə də dayandım.Onsuz da dərdli Xəzərimizin-bəxt üzüyümüzün problemlərinə Tofiq elə yönümdən yanaşmışdı ki, bu söhbət açığı məni təsirləndirdi. Ürəyimdə məqalə müəllifinə təşəkkür etdim.
Fikrimi iş yoldaşlarıma – “Azərbaycan təbiəti” jurnalının əməkdaşlarına bildirdim. Sən demə uşaqlarda Tofiqin telefonu varmış. Onda hələ “Gənclik” nəşriyyatında redaktor idi. Zəng vurdum. Dəstəyi özü götürdü. Səhərki veriliş üçün “çox sağ ol” dedim ona. Deyəsən, mənim zəng vurmağımdan təsirləndi. Yanıma dəvət etdim. Həmin yazını bizim üçün bir az geniş variantda işləməsini xahiş etdim. İşlədi, gətirdi, dərc etdik iki nömrədə.
Bax, Tofiqlə tanışlığım belə başladı…”

Belə xatirələrdə məncə dəyərli alimimizin minlərlə könülləri fəth edən vətəndaşlığı, vətənsevərliyi, insanlığı, zəhməti, elmi fəaliyyəti aydın görünür.
Budür 70 illik ömür yolunda qazandığın ən yüksək pillə.Vətəninə, ocağına ləyaqətli fəaliyyət, şərəfli ömür yolu, alın təri ilə, ürəyinin odu , sevinci, kədəri ilə qazandığı ziyasında ucalmaq, sevilmək, nümunə olmaq, dəyərləndirilmək…

Tofiq müəllimin illərlə dəyərləndirilən, zəhmətlə keçdiyi ömür yolunda filologiya elmləri doktoru, professor, Əməkdar Mədəniyyət İsçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm”, “Həsən Bəy Zərdabi” və “Araz Ali Ədəbi” mükafatları laureatı fəxri adları, təltifləri sırasında yaxın günlərdə aldığı “Azərbaycan milli mətbuatınn 150 illiyi(1875-2025)”Azərbaycan Respublikasının yubiley medalı da əlavə edilmişdir. Bütün bü dəyərli, zəhmətlə ətirlənmiş həyat yolunun 70 illik dönəmində biz də çox hörmətli professorumuzu təbrik edirik. Bu xoş nizamla cilalanan, vətənsevərlik, elmlə işıqlanan ömür yolunda Tofiq müəllimə bütün ailəsi, doğmaları ilə birlikdə can sağlığı, bundan sonra da arzu etdiyi yeni istiqamətlərdə, maraqlı layihələrdə yeni-yeni nailiyyətlər, xoş günlər arzu edirik. İnanırıq ki, şərəfli fəaliyyəti bundan sonra da Azərbaycanımız üçün zəngin mənbə olacaqdır.

   Bədirə NİFTALİYEVA
“NEFTÇALA -GÜNDOĞAR” qəzetinin baş redaktoru