- Dil

Vasif SADIQLI. “Lanç” sözü haqqında

Dünən müzakirəyə çıxarılmışdı.
Soruşurdular ki, “lanç” sözünü işlətmək olarmı?
İşlətsək, ədəbi dil norması pozulmur ki?
Deyilən sözün dilin lüğət tərkibinə daxil olub-olmamasını yoxlamaq üçün əvvəlcə orfoqrafiya lüğətinə (7-ci buraxılış, 2021) baxdıq, sonra izahlı lüğətin müvafiq cildinə, daha sonra tərcümə lüğətlərinə. Onların heç birində ”lanç” sözü işlənməyib.
Amma “Azleks” saytı mənbə kimi izahlı lüğəti göstərərək (hansı izahlı lüğətdən söhbət getdiyini bilmirik) bu sözü belə izah edir:
lanç
 isim kul. ing. lunch – yemək

Avropanın bəzi ölkələrində və ABŞ-da nahara qədər olan ikinci yemək, bir qədər gecikmiş səhər yeməyi; yüngül qəlyanaltı. □ Lanç vaxtı.

Məncə, bu, düzgün izahdır.

Burada müvafiq termin işlədilməsə də (buna ehtiyac da yoxdur) “lanç”ın izahı onu müəyyən qədər ekzotizm kimi qəbul etməyə imkan verir. Ona görə həmin sözün tərcümə edilməməsi, transliterasiya edilərək mənbə dildəki kimi yazılması doğru sayıla bilər. Amma təkcə buna görə yox…

“Lanç” sözü rəsmi mətbuatda və qanunvericilik aktlarında çoxdan işlənir:
Azərbaycan Prezidenti İlham Əliyevin Qvineya-Bisau Prezidenti ilə lanç əsnasında geniş tərkibdə görüşü olub”,
“Azərtac”, 27.fevral 2025.
Azərbaycan Respublikasının Prezidentinin şərəfinə lanç”,
“Azərtac”,
06.aprel 2026;
“Birinci xanım Mehriban Əliyevanın şərəfinə lanç
“Azərtac”, 06.aprel 2026;

Ümumiyyətlə, bu söz dövlət agentliyinin saytında 114 dəfə işlənib.

Bundan əvvəl isə “lanç” sözü Azərbaycan Respublikasının Prezidentinin düz 22 il əvvəl – 28 iyul 2004-cü il tarixli FƏRMANI ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Protokolunun ƏSAS QAYDALARI”nda “nahar” sözündən sonra mötərizədə işlənir:
3.13.Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti tərəfindən dövlət başçısının şərəfinə nahar (lanç) verilir.

3.14.Nahar (lanç) zamanı qarşılıqlı tostlar nəzərdə tutulur və müstəsna hallarda musiqi proqramı ilə müşayiət olunur”.

Göründüyü kimi, bu söz artıq gecikmiş səhər yeməyi, nahardan əvvəl yüngül qəlyanaltı mənasından uzaqlaşıb. Dövlət başçısının saytında da (president.az) “lanç” sözünün adi yemək, nahar və ya qəlyanaltı kimi yox, rəsmi, işgüzar görüşlərin zəruri elementi kimi işlənməsinin şahidi oluruq:
“Budapeştdə Türk Dövlətləri Təşkilatının dövlət və hökumət başçılarının şərəfinə rəsmi lanç verilib” (21 may 2025).
“İlham Əliyevin şərəfinə Tbilisidə Gürcüstanın hakim partiyasının fəxri sədrinin adından lanç verilib: (6 aprel 2026).

Bəli, lanç artıq, sadəcə, yemək deyil, semantik cəhətdən dəyişib, ona rəsmi, işgüzar görüşlərin zəruri elementi kimi yeni məna da yüklənib. Etiraf etmək lazımdır ki, o, artıq müəyyən qədər Qərb siyasi-sosial həyatının praktikasıdır, bizdə – yerli mədəniyyətdə tam ekvivalenti olmayan anlayışı bildirir. Son illər “lanç” “jur fiks”, “bir qədəh şampan”, “furşet” kimi diplomatik praktikada geniş istifadə edilən qəbul növlərindən birinin adı kimi Qərbin hüdudlarını da aşaraq qloballaşıb, müvafiq termin isə çoxdan beynəlmiləllik qazanıb.