- Mədəniyyət

Dövlət Akademik Filarmoniyasında konsert – “Azərbaycan-Serbiya. Mədəniyyət körpüsü”

Mayın 4-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Azərbaycan-Serbiya. Mədəniyyət körpüsü” adlı konsert proqramı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Serbiyanın mədəniyyət naziri Nikola Selakoviç iştirak ediblər.

Gecədə Azərbaycanın və Serbiyanın tanınmış ifaçıları eyni səhnəni bölüşərək iki ölkənin zəngin musiqi ənənələrini təqdim ediblər. Konsert proqramında Əməkdar artist Afaq Abbasova (soprano), serbiyalı opera ifaçısı Ljubica Vranes (mezzo-soprano), Fəhmin Əhmədli (tenor) çıxış ediblər. İfaçıları pianoda Tofiq Şıxıyev və Vladimir Stepanoviç müşayiət ediblər.

Konsertdə dünya və Azərbaycan klassik musiqisinin incilərindən seçilmiş əsərlər səsləndirilib. Belə ki, proqramda dünyaşöhrətli bəstəkarlar Cüzeppe Verdi, Cakomo Puççini, eləcə də Tofiq Quliyev, Asəf Zeynallı və başqalarının əsərləri yer alıb.

Qeyd edək ki, konsert Azərbaycan və Serbiya arasında mədəni əlaqələrin inkişafına töhfə verən, iki ölkənin musiqi ənənələrini bir araya gətirən mühüm yaradıcılıq körpüsüdür.