18–22 may 2026-cı il tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə Beynəlxalq Musiqi və Rəqs Ənənələri Şurasının (ICTMD) Türk Dünyası Musiqi və Rəqs Tədqiqat Qrupunun 10-cu — yubiley — simpoziumu keçirildi. Simpozium 90 illik şərəfli tarixi olan Özbəkistan Dövlət Konservatoriyasının yubileyi ilə üst-üstə düşdü — bu da forumun əhəmiyyətini daha da artırdı.
2006-cı ildə yaradılmış Tədqiqat Qrupu (sədr – professor Abdullah Akat) bu möhtəşəm elmi toplantını Özbəkistan Dövlət Konservatoriyası ilə yanaşı, Özbəkistan Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı, Batır Zakirov adına Estrada Sənəti İnstitutu və Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının dəstəyi ilə həyata keçirdi.
Simpoziuma onlarla ölkədən 100-ə yaxın mütəxəssis – tədqiqatçı, ifaçı, rəqs sənətçisi, prodüser toplaşdı. Forumun əsas mövzusu “Türk musiqi və rəqs ənənələrinin qorunmasında, ötürülməsində, tədqiqində və transformasiyasında institutlar, ustad və şagirdlərin rolu” olaraq müəyyən edilmişdi. Müzakirələr aşağıdakı aktual problemləri əhatə etdi: ustad–şagird münasibətlərinin təkamülü; institutlaşma ilə canlı ənənə arasındakı gərginlik; irs və innovasiya arasında balans; mədəni iyerarxiyalar və legitimlik məsələləri; qloballaşma və diaspor mobilliyinin qarşılıqlı təsiri; etik suallar və mədəni mənimsəmə; bədən vasitəsilə qazanılan bilik ilə sənədləşdirilmiş formalar arasındakı nisbət; nəsillərarası varislik və gənc nəslin ənənəyə qoşulması; ənənələrin sosial, ritual və şəfaverici funksiyaları; tədqiqat və arxivləşdirmənin ənənə ötürülməsinə təsiri.
Akademik məruzələrlə yanaşı, simpoziumda ustad dərsləri, kitab və film prezentasiyaları da keçirildi.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının müdiri, professor Zümrüd Axundova-Dadaşzadə simpoziumda “Muğam: Ənənə və Müasirlik arasında: bəstəkar mədəni mediator kimi” (Mugham between Tradition and Modernity: The Composer as a Cultural Mediator) adlı məruzə ilə çıxış etdi. Tədqiqatçı mövzunu Azərbaycan bəstəkarlıq məktəbinin müqtədir nümayəndələri — Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Arif Məlikov, Aqşin Əlizadə və çağdaş dönəmin bəstəkarları timsalında işıqlandırdı: milli muğam ənənəsinin müasir akademik musiqinə necə təcəssüm tapdığını, ənənə ilə müasirliyin vəhdətinə nail olmaq yollarının müxtəlifliyini sərgilədi.
Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova “Azərbaycan ali musiqi təhsil sistemində ustad-şagird ənənələri: tarix və müasirlik” mövzusunda məruzə təqdim etdi. Onun məruzəsinə illüstrasiya olaraq Malik Mansurov və Qoçaq Əsgərov ayrı-ayrı muğamlardan parçalar ifa etdilər. Musiqiçilərimiz habelə simpozium günlərində keçirilən ustad dərslərinə qatıldılar. Onların simpoziumun bağlanış konsertində mahiranə çıxışı xüsusən yaddaqalan oldu.
Müxtəlif ölkələrin alimlərinin məruzələrində dəfələrlə Azərbaycan musiqisinə — Üzeyir Hacıbəylinin yaradıcılığına, Azərbaycanın zəngin milli ənənəvi irsinin türk dünyası kontekstindəki yerinə — müraciət edildi. Həmin nöqteyi-nəzərdən Anna Oldfild (ABŞ), Saşar Zərif (Kanada), Firuzə Əbdürəhimovanın (Özbəkistan) çıxış və prezentasiyaları daha çox diqqətəlayiq idi. Bu da Azərbaycan musiqi sənətinin misilsiz bədii dəyərinə və əzəmətinə, beynəlxalq aləmdə nüfuzuna dəlalət edir.
ICTMD simpoziumu ilə eyni günlərdə Daşkənddə Özbəkistan Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən “Musiqi təhsili: qlobal miqyasda vahid məkana doğru” mövzusunda I Beynəlxalq Forum da keçirilirdi. Bu forumda ölkəmizi Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimova və həmin universitet nəzdindəki Humanitar Kollejin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərmin Qaralova təmsil etdi
Simpozium böyük elmi toplantıya, fikir mübadiləsinə və yeni birgə layihələrin doğulduğu məkana çevrildi. Müxtəlif ənənələrin nümayəndələrinin musiqi müstəvisində bir araya gəldiyi bu forum uzun müddət iştirakçıların yaddaşında parlaq bir hadisə kimi yaşayacaq.













