Vəziyyət təhlili (case study) metodu əsasında yazılmış mətni nəqli esse hesab etmək olarmı?
Könül Aydın Nəhmətova,
Filologiya üzrə fəlsəfə doktoru
Azərbaycan dili dərslərində aparılan yazı işlərinə nəqli essenin öyrədilməsi, xüsusiyyətlərinin digər yazı növlərindən fərqləndirilməsi, müxtəlif kompozisiyaların mənimsənilməsi də daxildir. Hekayə əsasında yazilan bu mətn zahirən sadə görünsə də, tədris zamanı bir çox suallar doğurur. Strukturu, kompozisiyası, funksiyası haqqında dərin nəzəri biliklərə yiyələnmədən dərslərin aparılması çətinliklərə yol açır.
Müxtəlif ədəbiyyatlarda nəqli esse strukturunda mətnlərə təsadüf edirik. Xüsusilə hər kəsin öz təcrübəsini kitablar vasitəsilə bölüşmək imkanı olan bu dövrdə tez-tez həyat hekayələri əsasında yazılmış mətnlərlə rastlaşırıq.
Belə bir sual: Hətta hekayə kimi təfərrüatlı olsa belə, hadisə, vəziyyət təhlili (case study) metodu əsasında yazılmış mətni nəqli esse hesab etmək olarmı? Məsələn, psixoloq pasiyentinin həyat hadisəsi əsasında müəyyən elmi-psixoliji yanaşmanı əsaslandırır. Və yaxud peşə və ya biznes uğurunun səbəbini, inkişaf yolunu əks etdirən həyat hekayələrinin təhlili yolu ilə bir çox mətnlər yazılır. Strukturca nəqli esseyə bənzər belə mətnlərin növü nədir?
Nəqli esse strukturca zahirən digər akademik yazı olan esse növlərinə bənzəsə də, qarşısında arqumentləşdirmə, fikrin isbatı kimi məsələ durmur. Nəqli essenin də əsas məzmun komponenti ideya olsa da, burada tematik ideya isbata ehtiyacı olan tezis deyil, hadisə və təcrübənin yaratdığı ümumi mənalandırma qatıdır. İctimai, fəlsəfi, məişət məsələləri ilə bağlı əldə etdiyi qənaətlərdir ki, bunu həyat hekayəsi vasitəsilə oxucularla bölüşür. Yuxarıda qeyd etdiyimiz situasiyaların müşahidəsi nəqli mətndə hekayə olunan hadisədən fərqli olaraq, akademik və ya peşəkar mahiyyət kəsb edir.
Dövrümüzdə hadisə və ya situasiya təhlili əsasında yazılmış bir çox ədəbiyyat nümunələri vardır. Deyl Karneqinin kitablarını oxumayan, yəqin ki, yoxdur. Və yaxud yapon özünü inkişaf ədəbiyyatında geniş yer alan ikiqai, qambatte ve s. motivasiya xarakterli kitablar Azərbaycan oxucularına da tanışdır. Bu kitablarda həyat hadisələrİnin, real situasiyaların nəqli və təhlili əsasında analizlər aparılmış fəsillər çoxdur. Eləcə də tibb sahəsində, xüsusilə psixologiya ilə bağlı araşdırmalarda belə mətnlərə çox təsadüf edilir. Bu mətnləri nəqli essedən fərqləndirən nədir?
Qeyd etdiyimiz ədəbiyyat nümunələrində hadisə, sadəcə, nəql edilərək təcrübə bölüşmək üçün verilmir. Burada məqsəd hadisəni danışmaqdan çox, onu təhlil etmək və qarşıya qoyulmuş elmi və yaxud strateji fikri əsaslandırmaqdır.Tibb və psixologiya sahəsi ilə bağlı əsərlərdə verilən situasiyalar müşahidə və eksperimentlərin nəqli və təhlilidir ki, bunlar da həmin əsərlər üçün faktoloji materialdır. Bu materiallar analiz üçün istifadə edilir.
Tərkibində hadisənin təhlili olan bu tip mətnlər analitik təhkiyə xarakterli mətnlədir. Başqa sözlə, belə ifadə belə ifadə edə bilərik: vəziyyət təhlili (case study) əsasında yazılmış analitik mətn. Bu strukturda yazılar elmi məqalə də ola bilər, esse də. Esse olaraq, bu mətnlər analitik, izahedici esse hesab olunur. Bir sözlə, bunlar nəqli esse deyildir.
Azərbaycan dili fənninin müasir məzmununa daxil edilmiş yeni terminlər, anlayışlar elmi araşdırmaya cəlb edilməli, nəzəri əsasları öyrənilməli, akademik bazası yaradilmalı, sonra isə bunlara istinadən kütləviləşfdrilməlidir. Bunun üçün elmi-metodik vəsaitlər yazılmalı, məhz bundan sonra bu biliklər dərsliklərə düzgün və dəqiq şəkildə daxil edilməlidir.