- Cəmiyyət

Azərbaycan dili dərslərində şeir: əzbərləmək üçündür, yoxsa…?

Fənn mütəxəssisi nazirin suallarını cavablandırır.

Mövzu ilə bağlı Azərbaycan dili fənni üzrə mütəxəssis, filologiya üzrə fəlsəfə doktoru Könül Aydın Nəhmətova öz Feysbuk səhifəsində fikirlərini bölüşüb, elm və təhsil naziri Emin Əmrullayevin “Azərbaycan müəllimi” qəzetinin Feysbuk səhifəsində yayımlanan suallarına cavab verib.

Hər il müxtəlif tədbirlərdə elm və təhsil naziri bu problemi qaldırır və eyni sualları qarşıya qoyur:

“Şagird şeiri əzbər bilməlidir? Yoxsa oxuduğunu başa düşməlidir? Yoxsa Azərbaycan dilində fikrini düzgün və səlis şəkildə ifadə etməyi bacarmalıdır?

Azərbaycan dilini yaxşı bilən insan kimdir? Şeiri əzbər deyən, yoxsa mətnləri anlayan və keyfiyyətli yazı yazan şəxs?

Məncə, bu sualların cavabları ilə bağlı cəmiyyət olaraq hələ tam ortaq mövqeyə gəlməmişik. Halbuki tədrisin məqsədini müəyyən etmək üçün, ilk növbədə, məhz bu suallara cavab verməliyik”.

Hörmətli müəllimlər, gəlin birlikdə bu problemi qısa müddətdə həll edək və biliklərimizi mümkün qədər geniş auditoriyada bölüşək ki, cəmiyyət olaraq bu problemi həll edək.

Azərbaycan dili dərslərində oxu və dinləmə üçün təqdim edilən mətnlər əzbərlənmək, yadda saxlanıb nəql etmək məqsədi daşımır. Bilirsiniz ki, dərsliklərdə verilmiş mətnlərin məzmunu ilə bağlı qiymətləndirmə testlərinə sual daxil edilmir. Mətn dərslərdə müxtəlif dinləmə, danışmaq, oxu, yazı bacarıqlarının formalaşdırılmasına xidmət edir. Mətn müxtəlif formalarda təqdim edilir ki, bunlardan biri də şeirdir.

Şeir mətni üzrə dərslərdə hansı fəaliyyətlər yerinə yetirilir və onlar hansı bacarıqları formalaşdırır?

Standartları əsas götürərək həmin fəaliyyətləri sadədən mürəkkəbə doğru meyarlar şəklində nəzərdən keçirək:

Şeiri oxuyur və yeni sözləri seçib lüğət vasitəsilə mənasını aydınlaşdırır.

Şeirdə rast gəldiyi yeni sözlərin mənasını kontekstə görə müəyyən edir.

Şeirdəki məcazi mənalı sözləri seçir, qarşılığını taparaq sözün mənasını izah edir.

Şeir mətninə əsasən bədii ifadə və təsvir vasitələri ilə bağlı biliklərini nümayiş etdirir. Şeirdə onların rolunu izah edir.

Şeirin məzmununu öz sözləri ilə ifadə edərək mətn yazır və ya şifahi şəkildə ifadə edir.

Dinlədiyi şeirin məzmununu nəql edir, ideyasını müəyyənləşdirir.

Şeirdə əsas ideya cümləsini/ beyt və ya bəndi müəyyən edib, onu öz sözləri ilə ifadə edir.

Şeirin abzasları arasında fikir, məna əlaqəsini şərh edir.

Eyni mövzuda oxuduğu və ya dinlədiyi şeirləri məzmununa və strukturuna görə müqayisəli təhlil edir.

Şeirin məzmunu ilə eyni mövzuda verilmiş qeyri-bədii mətndəki məlumatları müqayisəli nəzərdən keçirir, yazdığı mətndə istifadə edir.

Müəyyən mövzularda şeir mətni yazır.

Şeiri əzbərləyir və intonasiyalı ifadə edir.

Şeiri oxuyarkən və ya əzbər söyləyərkən jest və mimikalardan istifadə edir.

Şeir üzrə aparılan bu fəaliyyətlər digər mətnlər kimi şagirin lüğət bazasını genişləndirir və müxtəlif nitq bacarıqları formalaşdırır:

Şagird fikrini səlis və aydın ifadə edir.

Şagird fikrini ifadə edərkən müxtəlif cümlə konstruksiyalarından, bədii təsvir və ifadə vasitələrindən, intonasiyalardan, jest və mimikalardan istifadə edir.

Şagird müxtəlif formalarda  təqdim edilmiş mətnləri anlayır.

Şagird sətiraltı mənaları çıxara bilir və onu öz sözləri ilə izah etməyi bacarır.

Mürəkkəb strukturlu nitq qurmağı, mətn yazmağı bacarır.

Emosiyalarını nitqində və yazısında ifadə etməyi bacarır.

Esse yazarkən, çıxış edərkən  əzbər yadında saxladığı şeirlərdən cümlə, beyt və bəndlərdən istifadə edərək fikir və hisslərinin ekspressiv təsirini artıra bilir.

Lirik mətnlər yazaraq estetik zövqünü ifadə etməyi bacarır.

Yuxarıda sadaladığım fəaliyyətlər  və bacarıqlar şeiri oxuyub təhlil etməyin tədrisdə əhəmiyyətini açıq şəkildə əks etdirir.  Diqqət etdinizsə, bu fəaliyyətlər arasında şeir əzbərləmək də vardır. Şeir əzbərləmək tapşırıqları da digər tapşırıqlar kimi müəyyən bacarıqları formalaşdırır, bunu sadaladığım fəaliyyət və bacarıqlar siyahısına əsasən nümayiş etdirdik. Bəs şeir əzbərləmək tapşırığını necə verməli?

Azərbaycan dili dərslərində şeir əzbərləməyin funksiyası Ədəbiyyat dərslərinin fəaliyyətindən fərqlənir. Məqsədəmüvafiq şəkildə üsullar seçərək müxtəlif cür tapşırıqlar vermək olar:

Sinifdə təqdim olunmuş şeirdən bəyəndiyiniz bəndi seçib əzbərləyin.

Əzbərlədiyiniz bəndi söyləyin.

Qrupda şeir bəndələrini öz aranızda bölüşün, əzbərlyin  və kompozisiya təqdim edin.

Ən çox yadınızda qalmış şeir beytlərini və ya bəndələrini söyləyin.

Eyni mövzuda əzbər bildiyiniz şeirləri yadınıza salın.

Şeiri evdə bütöv əzbərləyin.

Müəyyən mövzuya uyğun bəyəndiyiniz bir şeir seçin və onu əzbərləyin və s..

Hörmətli müəllimlər, bu statusu yazmaqla mən Azərbaycan dili dərslərində şeir mətnlərini rolunu ətraflı izah etdim. Ümid edirəm ki, bəyənəcəksiniz, oxuyub təhlil edətək münasibət bildirəcəksiniz  və paylaşmaqla daha çox həmkarımızın bu əhəmiyyətli materiala əlinin çatmasına şərait yaradacaqsınız.