Klassik ədəbiyyatımızın qədim janrlarından olan mərsiyə hər il məhərrəm ayı gələndə yenidən aktuallaşır, İmam Hüseynin Kərbəlada 680-ci il 10 oktyabrda şəhid olması ilə bağlı keçirilən mərasimlərdə oxunulur. Azərbaycan ədəbiyyatında mərsiyə janrının Məhəmməd Füzuli, Qasım bəy Zakir, Seyyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Əbülhəsən Raci,Zərgər Bakuyi, Mirzə Ələkbər Sabir, Əlağa Vahid kimi görkəmli yaradıcıları olmuşdur. Şair Qabil 20 yanvar faciəsi zamanı yazdığı “ Gecəni atəş ilə qırmızı dan eylədilər, Xalqımı,millətimi gülləbaran eylədilər” şeirini mərsiyə adlandırmışdır.
Gəlin mərsiyənin tarixinə nəzər salaq: Mərsiyə ərəb dilində رثى feilindən götürülüb, mənası oxşayıb ağlamaq deməkdir. Mərsiyə ərəb cəmiyyətinə İslamdan əvvəl bəlli idi. Belə ki, cahiliyyət dövründə Xənsa ləqəbi ilə tanınan Tumadir binti Əmr adlı qadın şairə qardaşları Səxr və Müaviyənin ölümünə, müsəlman olduqdan sonra Məhəmməd peyğəmbərin əmisi Həmzənin şəhadətinə mərsiyə yazmışdır. Peyğəmbər dövrü şairlərindən Kəb ibn Malik, Həssan ibn Sabit də mərsiyə müəllifidir. Mərsiyə qəsidənin növü kimi saray şeirinə də yol tapmış, xəlifələr, onların doğmaları ölərkən şairlər hüzn və kədərlərini, xəlifəyə təsəlli vermək üçün də mərsiyələr yazırdı. Ərəb şeirinin ustad nümayəndələri Fərəzdəq, Əbu Nüvas, Mütənəbbi , Əbu Firas əlHəmdani, İbn əl-Rumi bu janrda etalon əsərlər yazmışlar. Xaqani Şirvani əmisi Kafiəddinin və oğlu Rəşidəddinin ölümünə mərsiyə həsr etmişdir. Fars poeziyasında Əmirüş şüəra ləqəbli 12-ci əsr şairi Əmqəq Buxarayi də mərsiyə janrının məşhur müəllifləridir. Bədiüzzaman Füruzənfərin “ Soxən və soxənvar” əsərində yazdığına görə Sultan Səncər qızı Mahmələk xatunun vəfatı zamanı Əmqəq Buxariyə mərsiyə yazmasını sifariş vermişdir.
Yazıçı Yusif Vəzir Çəmənzəminli “ Qan içində” romanında Aşura günü Şuşada təşkil olunan şəbihdən bir mərsiyə parçası verir:
Xeyməgaha od düşəndə,
Od düşəydi aləmə,
Yandıreydi aləmi
Övladi-Heydər qanlısı!
Ku Hüseynimə!
Va Hüseynimə!…
Orta əsr təzkirələrində, müxtəlif ərəbdilli qaynaqlarda ilk mərsiyənin Adəm peyğəmbər tərəfindən oğlu Habil üçün söylədiyi qeyd olunur. Adəm peyğəmbər mərsiyədə gözəl simalı Habilin ölümündən sonra dünyadakı ləzzətin qalmadığını dilə gətirir. Fərqli versiyada təqdim olunan mərsiyənin “ Uyunu Əxbar ər-Riza” əsərindəki nümunəsinin tərcüməsi ilə sizi tanış edirəm:
“ Ölkələr və ordakı hər bir şey dəyişdi.
Yerin üzü tozlu və eybəcərdir.
Hər bir dadlı və rəngli dəyişdi.
Gözəl üzün parlaqlığı azaldı.
Görürəm, həyatım boyu qəm mənimlə olacaq
Mən sağlığımda dincələ bilərəmmi?
Mənə göz yaşlarımı hey axıtmaq düşür
Qəbir Habili qoynuna almışdır.
Qabil öldürüb qardaşı Habili,
Yaraşıqlı oğlumu itirdiyim üçün kədərliyəm”.
Mərsiyə janrının ədəbiyyatmızda geniş rəvac tapmasındakı səbəblərdən biri də XIX əsrdə özülü qoyulmuş ədəbi məclislərdir. Qarabağda, Lənkəranda, Şamaxıda, Bakıda, Qubada fəaliyyət göstərən şairlərin toplandığı şeir-söz məbədlərində Kərbəla şəhidlərinin anıldığı, tarixi fakt və rəvayətlərdən qaynaqlanan mərsiyələr vardır. Çap olunmamış, məhərrəmlik mərasimləri zamanı oxunan mərsiyələrdən biri də filologiya elmləri doktoru, dilçi alim Əliheydər Orucovun atası Məşədi Əlabbas Orucovun yazdığı mərsiyədir. Quba şəhərinin nüfuzlu tacirlərindən olmuş Əlabbas Orucov özünə məxsus torpaq sahəsini qəbiristanlıq ərazisi kimi Quba əhalisinə bağışlamışdır. Məşədi Əlabbasın mərsiyəsi Aşura günü şami-qəriban mərasimində oxunmaq üçün nəzərdə tutulmuşdur. Mərsiyənin yaşı bir əsri ötməsinə baxmayaraq bu gün də Qubada dillər əzbəridir.
Bu gecə göydə mələklər ağlar
Qərib Hüseynə əzanı saxlar
Gələr peyğəmbər Kərbübəlayə
Deyər: “Oğul vay!”, Hüseynə ağlar.
Əli tərəfdən ey növcavanlar
Başvuz sağ olsun əza tutanlar
Bu gecə yer-göy əza vurarlar
Fəryadə gəlib Hüseynə ağlar.
Yanıq xeyməyə gəldi əsiran
Şümri sitəmkar əldə xeyzoran
Dolanıb Zeynəb edərdi əfqan
Deyərdi, zalim, Səkinəm ağlar.
Əli anası oğulsuz qalıb
Məcərini Şümr başından alıb
Qeyrətli oğlun yadına salıb
Nəvayə gəlib dəmadəm ağlar.
Ərşə çıxıbdır Leyla nəvası
Əlindən gedib cavan balası
Belin xəm eylər oğul yarası
Çöllərdə heyran sərasər ağlar.
Qasim ərusi deyir : Əmoğlu,
İndi əsiran gedər, əmoğlu,
Dur bir ayağa qurban, əmoğlu
Xeymədə gizlin həzinə ağlar.
Kimə tapşırdın, əmoğlu, məni
Gündüz-gecələr axtarram səni
Gözüm yollarda gözlərəm səni
Xeymə baçına dolanıb ağlar.
Qurban, əmoğlu, olum canuva
Məni də apar özün yanuva
Bu zülflərimi silləm qanuva
Halimə mənim yananlar ağlar.
Bu gecə Zeynəb gəzərdi əlqan
Qardaşsız bacı edərdi əfqan
Bir yanda eylər Səkinə əfqan
Xırda uşaqlar dayanmaz ağlar.
Büsati Zeynəb bu gün pozuldu
Qardaş əlindən əlim üzüldü
Qatari əsir Şamə düzüldü
Gecə sübhədək aramsız ağlar.
Oxunub: 27