İnstitutu bitirəndən sonra könüllü olaraq əsgərliyə getdim. Altı ay Çitada serjantlıq kursu keçdik. Sonra məni Monqolustana göndərdilər. Oranın iqlimi Sibirdən də betər imiş: qışda əlli dərəcəyə yaxın soyuq, yayda bir elə isti. Hərbi hissə Çinlə sərhədin qırx kilometrliyində, Çingiz xanın doğulub böyüdüyü Kerulen çayının sahilində idi. Monqolustanın bu hissəsi stadion kimidir – dümdüz. Elə bil dənizin ortasındasan. Nə dağ, nə dərə, nə ağac. Günəş elə bil yerin içindən çıxır. Monqollustan çox geniş, əhali isə azdır. Əlli–yüz kilometrdə bir alaçığa rast gələrsən. Ailəliklə orda yaşayır, dəvə, at, mal və qoyun saxlayırlar. Bunları otarmaq da çətin olmur. Hər tərəf dümdüz olduğundan, mal-qara on kilometr aralansa belə, qıyıq monqol gözləri onların yerini təyin edə bilir. Dörd-beş yaşlı uşaq atın üstündə elə oturur, deyirsən orada anadan olub, iməkləməyi də atın belində öyrənib. Bütün bunları sonralar öyrənəcəm.
Kazarmaya gecə çatdım. Həlledici vaxt yaxınlaşırdı. Əsgərlikdə bir qayda var: özünü necə tanıtdın, o cür də davam edir. Çox mənəm-mənəm deyənlərin qabırğalarını lomla sındırırdılar. “Dedovşina” çox güclü idi. Səhər “qalx” əmri verildi. Beş-on nəfərdən sonra qalxıb geyinməyə başladım. Bir də gördüm balaca boylu birisi peyda oldu. Məni hədələyirdi: “Vaxtında durmaq lazımdır. Özünü yaxşı aparmırsan, Sovet ordusunun qayda-qanununu pozursan… Hələ təzəsən, biz bir həftə heç kəsə əl vurmuruq. Özünü yığışdır”. Mən onu süzüb qiymət verirdim: “Orta Asiyalıdır. Qazax, qırğız deyil. Ehtimal ki, özbəkdir. Bir zərbə vursam, çökər. Amma lazım deyil”.
İkinci insident axşam oldu. Bu dəfə sırada arxada durduğuma görə hədələndim. Eyni sözlər təkrar olundu. Bu da tatar imiş. Hər ikisi mənə dost olmalı idi, amma hədələyirdilər. Onlar milliyyətimi soruşmur, mən də soruşulmadığı halda “azərbaycanlıyam” deməyi özümə sığışdırmırdım. Yaxın günlərdə olacağı gözlənilən həlledici döyüşə hazırlaşırdım.
“Kto zdes Azərbaycan?”
Amma hər şey öz-özünə çözüldü. Üçüncü gün səhər kazarmada amiranə bir səs eşidildi: “Kto zdes Azərbaycan?”. Ayağına çəkmə əvəzinə nəleyin geyinmiş, beli kəmərsiz, yaxası qurşağa qədər açıq, başı papaqsız bir serjant kazarmanın ortasında dayanmışdı. Bu şəxsin polkda söz sahibi olması bütün hərəkətlərindən hiss olunurdu. Əsgərlər ona qibtə ilə baxırdılar. Zəncirə bağlanmış on-on beş açarı (sonra bildim ki, polkun ərzaq anbarlarının açarıdır) əlində fırladır, havada iki metr diametrində çevrə cızırdı. Çarpayıların arasından çıxıb ona tərəf gəldim. Sarışın olduğumdan mənə etina etmir, gözləri çarpayıların arasında qaraşın oğlan axtarırdı. Düz önündə dayanıb dedim: “Mənəm Azərbaycan”. Qucaqlaşdıq. Starşina isə tarixi bir hadisəni seyr edirmiş kimi bizə baxırdı, demə, bu görüşü o təşkil edibmiş. Məlum oldu ki, Hüseynov (Sabirabad-Saatlı zonasından idi, deyəsən) polkun bütün ərzaq anbarlarına məsul imiş. Yüksək rütbəli zabitlərin də ona işi düşürdü.
Həmin gün mənim gəlişim münasibətilə bayram keçirildi. Polkda cəmi səkkiz azərbaycanlı vardı… (mən hauptvaxtda yatanda adi əsgər yeməyi yox, qızardılmış ət göndərirdilər 🙂 Əsgərliyimin bəlkə də, ən rahat hissəsi həbsdə oldu. Əsgərlər ən çox yuxusuzluqdan əziyyət çəkir, amma həbsdə bütün günü yatırdım. Serjantları işə aparmaq olmazdı) .
Əlqərəz, xəbər güllə kimi kazarmaya yayıldı. Axşam özbək saydığım tacik, tatar və iki çeçen mənim yanıma gəlib tanışlıq verdilər. Azərbaycanlı olduğumu bilmədiklərini deyib üzr istədilər. Çarpayıda ikinci yarusdan birinciyə endirildim. “Toxunulmazlıq immunitetim” təmin olundu. Sonra öyrəndim ki, batareyamızda Fərid Əhmərov adlı bir azərbaycanlı varmış, mən gəldiyim gecə o vətənə yola düşüb. Zenitçi olub, təlim zamanı diviziyada birinci yerə çıxıb. Zenit qurğusunda adı-soyadı hələ dururdu. Mən onun yerinə komandir təyin olundum.
Taciklər və monqol inəyi
Müsəlmanlar bir-biri ilə çox mehriban idi. Kazarmada bir neçə tacik vardı. Bir gecə məni oyatdılar:
– Vosif, dur, bir az iş var.
– Nə iş?
– Yemək.
Bir yekə qazan kabab gətirmişdilər. Digər müsəlmanları da oyatdılar. Məlum oldu ki, bunlar hərbi hissədən uzaqda bir obyekti qoruyurlar. Növbə vaxtı bir sürü mal-davar gəlib. Qobi səhrası dümdüz olduğundan, mal-qara on kilometr aralansa belə, görünür. Ona görə onları otarmırdılar. Əlqərəz, qoçaqlar bir inəyi sürüdən ayırıb, kəsiblər. Dedilər, bir hissəsini yerə basdırdıq. Arada fərqli yeməklər bişirib gətirirdilər Biz də yeyib, monqolun əmvatınaın ruhuna dua edirdik.
…Bir neçə gün sonra bir monqol gəlib inəyi soruşub. Rusca bilmədyindən iki əlini buynuz kimi tutaraq mələyib. Yəni inək görməmisiniz?
Onlar da “Yox, yox, heç izini də görməmişik”, – deyib yola salıblar.
…Bir il gəlib keçdi. Ali təhsilli olduğumdan mən daha tez tərxis olundum. Hüseynov bütün azərbaycanlıları sıraya düzdü. Əsgəri addımlarla “Cücələrim” oxuyub məni yola saldılar. Ordan Ulan Batora uçdum. Sibir şəhərlərinə bənzəyir. Şəhərin lap mərkəzində on beş mərtəbəli binaların arasında çadırlar gözə dəyirdi. “Bu çadırlarda qoca monqollar yaşayır” – deyə Moskvada təhsil almış monqol tanışım izah etdi – onlar evlərə uyğunlaşa bilmirlər. Ulan Batordan Erdenetə gəldim. Bir ay yarım zabit kursu keçməli idik. Əslində hamı vaxt öldürürdü: əsgər və zabitlər balıq tutur, mənsə Orxon çayının sahilində yeni bir runik yazılı abidə axtarırdım. Tapmadım, təbii ki.








