- Köşə

Vasif SADIQLI. Tolstoyun xatakar oğlu Andrey…

Təsadüfən maraqlı bir informasiyaya rast gəldim. Demək, Cəmil müəllimin (professor Cəmil Həsənli) 1957-ci ilin dekabrında keçirilən Respublika fəallar yığıncağı barədə statusunda yazıçı Mir Cəlal Paşayevin çıxışı diqqətimi cəlb etdi. Fəallar yığıncağında MK katibi Abdulla Bayramov yazıçı Əbülhəsənin oğlu ilə bağlı xoşagəlməz məsələlərə toxunanda Mir Cəlal Paşayev deyir: “Burada oturan yoldaşların çoxusu atadır. Ata olmaq da pis bir iş deyildir. Övlad böyütmək hər kəs üçün böyük şərəfdir. Bu barədə avropalılardan biz çox şey öyrənməliyik. Bəzən övlad atanı utanmağa məcbur edir. Tolstoyun bir oğlu vilayətlərdən birinə işə getmişdi. O, qubernatorun arvadını götürüb qaçmışdı. Bu iş üçün Tolstoy həm utanırdı, həm də oğlunun üzünə baxa bilmirdi. Bu bir növ faciə idi. Lakin bunu bir də yazıçının üzünə vurmaq bir qədər ağır olur. Məncə, yazıçını ayrılıqda çağırıb demək olardı. Camaatın içərisində utandırmaq lazım deyildi”.

Tolstoyun xatakar oğlu? Bəli. Söhbət onun kiçik oğlu Andreydən gedir. Mənbələrə görə, o, əyyaş və arvadbaz olub. Andrey Tolstoyun oğlu kimi tanınmaqla yanaşı, qubernatorun arvadını oğurlayan şəxs kimi də Tula şəhərinin tarixinə düşüb. Maraqlıdır ki, Andrey yazıçının ən sevimli oğlu imiş.
Bioqraflarının yazdığına görə, atası sonbeşiyi Andreyin xeyirxahlığını, sadəliyini və təvazökarlığını bəyənirmiş, amma oğlunun qaraçılara, qadınlara meyli və israfçılğından məmnun deyilmiş.
Andrey 1904-cü ilin avqustunda könüllü olaraq rus-yapon müharibəsinə gedir, Uzaq Şərqdə baş unterzabit rütbəsində vuruşur, yaralanır  və “Cəsarət və igidliyə görə” ordeni alır. Andrey Lvoviç hələ yeniyetmə vaxtından qadınlara çox maraq göstərib. 15 yaşından etibarən Yasnaya Polyanada günlərlə yoxa çıxır, gecə-gündüz əylənirmiş. 18 yaşına çatmamış məktəbi tərk edir və kəndli bir qadınla evlənmək qərarına gəlir. Atası onu bu niyyətdən çəkindirməyi bacarır.

Bundan sonra o, Tiflisə gedir və gürcü knyaginya Yelena Qurieliyə evlilik təklif edir. Lakin sonra Moskvaya qayıdır və Yelenanı unudur. Moskvada o, general qızı Olqa Diterixsə aşiq olur. Gürcü knyaginya Andreyin evliliyini eşidəndə tapança ilə özünə atəş açaraq intihar etməyə cəhd edir. Yara ölümcül olmur, o, sağ qalır, lakin bir il sonra aldığı yarada baş verən ağırlaşmalardan ölür. Yelenanın uşaqlıq dostu knyaz Çelokayev Lev Tolstoya qəzəbli bir məktub yazaraq bu faciədə Andreyi günahlandırır. L.Tolstoy 16 oktyabr 1899-cu ildə ona cavab olaraq yazır: “Səmimi şəkildə aşiq olan və sonra heç bir pis niyyəti olmadan soyuyan oğlumun hərəkəti bağışlanmaz dərəcədə qeyri-ciddidir. O, yerinə yetirə bilmədiyi vəd verib, buna görə də, xüsusən də bu hərəkətin dəhşətli nəticələrini nəzərə alsaq, ona bəraət qazandırmağa heç bir əsas yoxdur.

Mən məktubunuzu ona göstərəcəyəm və onun nə qədər əziyyət çəkəcəyini biləcəyəm. Həmçinin bilirəm ki, onun əzabı etdiyi pisliyi aradan qaldırmayacaq və günahını yumayacaq.

Və buna görə də onu müdafiə etmək üçün deyil, ona qarşı qəzəbi yumşaltmaq üçün yalnız bir şey deyə bilərəm: istəmədən səbəbkar olduğu dəhşətli bədbəxtliyə görə onu xristiancasına bağışlayın”.

Olqa Diterixs ilə toy 8 yanvar 1899-cu ildə Tulada olur. Bu zaman Andreyin 21, Olqanın 27 yaşı var idi. Bu evlilikdən onların iki övladı olur. Qıza Sofiya (Sergey Yeseninin gələcək həyat yoldaşı), oğluna isə İlya adı verirlər. Amma bu ailə həyatı çox davam etməyib. Andreyin yaramaz xasiyyəti yenə özünü göstərib. 1904-cü ildə o, general Sobolevin qızı Anna Tolmaçevaya vurulub və həyat yoldaşına xəyanət edib. Olqa onların xəyanətini öyrəndikdən sonra uşaqları ilə birlikdə İngiltərəyə, bacısının yanına köçüb. Bir qədər sonra Andrey Tula qubernatoru Artsimoviçin yanında işə düzəlir və indi də qubernatorun arvadı Yekaterinaya aşiq olur. Bu vaxt Andreyin 29, Yekaterinanın  31 yaşı, bundan əlavə, birincinin iki, ikincinin isə altı uşağı vardı… 

Bu xəbər Tulanı əməlli-başlı silkələyir.”Əxlaq, mənəviyyat  haqqında danışan və yazan Tolstoyun oğlu qubernatorun arvadını yoldan çıxarıb! “Ekspertlər” Andrey Lvoviçin bütün işlərini xatırlayırdılar, sanki onun başının üstündə və ya ot tayalarının yanında olublar. Təəssüf ki, bunun çox hissəsi doğru idi. Andreyin atası da gənclikdə az aşın duzu olmyaıb,  sağ-sola çox gedib. Lakin o, evləndikdən sonra sakitləşib və fəlsəfi əsərlərində əxlaqsızlığı pisləməyə başlayıb. Andrey isə evləndikdən sonra belə o vaxtlar dəbdə olan qaraçı restoran xorlarının müğənniləri ilə əylənməyə davam edir”, – deyə tarixçi Antonina Kazimirçik yazır.
BİZİM QEYD, Deyilənə görə, 34 yaşlı Lev Nikolayeviç Tolstoy özü Sofiya Bers ilə toy gecəsində 18 yaşlı yeni həyat yoldaşını təhkimli qadınlar da daxil olmaqla müxtəlif qadınlarla olan sevgi macəralarını ətraflı izah edən gündəliyinin səhifələrini oxumağa məcbur edib.Tolstoy onunla həyat yoldaşı arasında heç bir sirr qalmasını istəmirmiş.

Hadisədən xəbərdar olan L.Tolstoy 3 məktub yazmalı olub: oğluna, qubernatora və Yekaterinaya.
“Əziz oğlum Andryuşa, bu, nə hərəkətdir? Sən həm başqalarını, həm də özünü məhv edirsən. Başqalarınıa məhv etməyin bir qədər şübhəli ola bilər, amma özünü, əlbəttə ki, məhv edirsən, – deyə o, 1907-ci il may ayının əvvəlində oğluna yazırdı, – Bu qədər insana, o cümlədən aşiq olduğun qadına verdiyin kədər və zərərdən sonra necə dinc yaşaya və sevinc hiss edə bilərsən? … Sağlamlığını, sərvətini məhv etdin və indi sonuncu şeyi – xeyirxah ruhunu məhv etmək istəyirsən”.

Lev Tolstoyun qubernator Artsimoviçlə yaxşı münasibəti olub, buna görə oğlunun hərəkətləri barədə qubernatora üzrxahlıq məktubu yazır. Onun iyun ayında qubernatora yazdığı məktubun qısa məzmunu belədir:

“Əziz Mixail Viktoroviç, oğlumun iyrənc hərəkətindən sizin qədər əziyyət çəkməsəm də, onun hərəkətlərinə sizin qədər ikrah və hiddətlə yanaşıram”.

Tolstoy “təzə gəlin”ə də qeyzlənib və məktub yazaraq onu qınayıb: “Əziz və bədbəxt bacım, əgər sözlərim sizə sərt görünürsə, mənə qəzəblənməyin… Siz bir arvadın və ananın edə biləcəyi ən ciddi və eyni zamanda alçaq cinayətlərdən birini törətmisiniz və bu cinayəti törətdiyiniz üçün hər bir qadına xas olanı etmirsiniz. Siz heç xristian da demirəm, vicdanını itirməmiş sadə qadın kimi günahınıza görə titrəmirsiniz, tövbə də etmirsiniz… Əziz bacı, özünüzə gəlin və başa düşün ki, törədilmiş günah, qoparılmış çiçək kimidir… Əriniz çox ciddi iztirab çəkir, amma bu, onun ruhunu ucaldır və təmizləyir. Sizin əzablarınız isə ruhunuzu çirkləndirir… Sizi hansı gələcəyin gözlədiyini düşünəndə hər ikinizə yazığım gəlir”.

N. Tolstoydan E. V. Artsimoviçə, 2 iyun 1907-ci il,

L.Tolstoyun həyat yoldaşı Sofiya Andreyevna da Yekaterinanı qınayıb. O, gündəliyində yazırdı: “Mən onu başa düşmürəm: gözəl ərini və altı uşağını atıb necə xoşbəxt ola bilərsən?”
Andrey Yekaterina ilə izdivacını rəsmiləşdirmək üçün İngiltərəyə gedir və Olqanı rəsmən boşayır. Üç ay sonra Yekaterina ilə evlənir.
“14 noyabr 1907-ci ildə qraf Andrey Lvoviç Tolstoy keçmiş Tula qubernatoru M. V. Artsimoviçin boşanmış həyat yoldaşı E. V. Artsimoviç ilə evləndi. Yeri gəlmişkən, qraf Tolstoyun özü bu yaxınlarda arvadını boşayıb”, – deyə “Tulskaya Molva” qəzeti yazırdı.

Mixail Artsimoviç bu biabırçılıqdan sonra vəzifədən istefa vermişdi və deyilənə görə, ailə faciəsinə görə ömrünün sonuna qədər kədərlənir.

Andreyin Yekaterina ilə evlililiyindən Mariya adlı bir qızları dünyaya gəlib (Mariya inqilabdan sonra ABŞ-a köçüb, orada “Amerikanın səsi”nin Rus xidmətinin əməkdaşı V.F. Mansvetova ərə gedib).

Əyalət həyatı Andreyi bezdirir və 1914-cü ildə cütlük Sankt-Peterburqa köçür. Burada şənliklər, eyş-işrətlər, qadınlar… onun sağlamlığına mənfi təsir göstərir. 24 fevral 1916-cı ildə Petroqradda 38 yaşında qan zəhərlənməsindən vəfat edir. Andrey dəhşətli əzablar çəkir və ucadan inildəyirmiş. Sofya Andreyevna gündəliyində oğlunun əzablarını bağışlaması üçün Allaha dua etdiyini yazırdı. Ölümündən iki gün əvvəl ucadan tövbə edir və sonra huşunu itirir.
Dəfn mərasimində ailəsi, həmkarları ilə yanaşı qaraçıların çoxsaylı çələngləri diqqəti cəlb edirmiş.
Deyilənə görə, ölümündən bir müddət əvvəl Andrey qəribə yuxu görübmüş: özü öz dəfn mərasimində iştirak edirmiş…

1-ci foto: Andrey ilk ailəsi ilə

2-ci foto: Yekaterina Artsimoviç

Yazı İnternet materialları əsasında hazırlanıb.