- Cəmiyyət

Putin və Trampın söhbətinin təfərrüatları açıqlanıb

Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasında 1 saat 25 dəqiqə davam edən telefon danışığı olub və tərəflər ikitərəfli münasibətləri, Ukraynadakı vəziyyəti, ABŞ ilə İran arasındakı danışıqları, eləcə də bir sıra beynəlxalq məsələləri müzakirə ediblər.

“Report” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Putinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, bu, ilin əvvəlindən bəri iki ölkə liderləri arasında dördüncü söhbət olub və işgüzar, konstruktiv xarakter daşıyıb.

Uşakov bildirib ki, Tramp Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılmasına və sülh yolu ilə nizamlanmaya kömək etməyə hazır olduğunu təsdiqləyib. Öz növbəsində Putin təmas xəttindəki vəziyyətlə bağlı Rusiyanın qiymətləndirməsini diqqətə çatdırıb.

Bundan əlavə, Rusiya Prezidenti ABŞ və İran arasındakı danışıqların əsas məsələlər üzrə uzunmüddətli həll yolları hazırlamağa imkan verəcəyinə ümid etdiyini bildirib.

Putin həmçinin Trampı ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə təbrik edib. Liderlər İkinci Dünya müharibəsi illərində iki ölkə xalqlarının müttəfiqliyinin əhəmiyyətini qeyd ediblər.

Uşakovun sözlərinə görə, Putin Trampa Rusiyaya səfər etmək üçün qüvvədə olan dəvəti xatırladıb. Rusiya Prezidentinin köməkçisi onu da qeyd edib ki, budəfəki telefon danışığının təşəbbüskarı Amerika tərəfi olub.