- Mədəniyyət

“Kapellhaus Garden Hall”: Ulduzlu səma altında klassik musiqi səslənib

Avqustun 14-də “Kapellhaus” Azərbaycan-Alman Mədəniyyət Mərkəzinin nəzdində açıq havada fəaliyyət göstərəcək yeni konsert məkanı olan “Kapellhaus Garden Hall”un rəsmi açılışı olub.

AZƏRTAC xəbər verir ki, konsert proqramında kamera orkestrinin ifasında Azərbaycan və xarici klassik musiqi nümunələri səsləndirilib. Bundan əlavə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Rüstəm Hacıyev və Sabina Məmmədovanın ifasında rəqs nömrələri təqdim olunub.

Məkanın açılışı münasibətilə “qarşılama zonası”nda gitara, handpan və intuitiv vokalı özündə birləşdirən yeni musiqi layihəsi təqdim edilib.

AZƏRTAC-ın müxbiri ilə söhbətində “The Kapellhaus Chamber Orchestra”nın rəhbəri, skripkaçı və dirijor Rövşən Əmrahov yeni məkanın açılışının paytaxtın mədəni həyatında əhəmiyyətli hadisəyə çevrildiyini bildirib.

“Bizim üçün bu, sadəcə, yeni məkanın açılışı deyil, “Kapellhaus”un inkişafında yeni mərhələnin başlanğıcıdır. Bu layihənin arxasında bütün komandanın böyük zəhməti dayanır və bu gün incəsənət həvəskarları üçün yeni cazibə mərkəzinə çevriləcəyinə əmin olduğum məkanı qürurla açırıq.

“Garden Hall” bizə açıq havada konsertlər keçirməyə, yeni yaradıcılıq ideyalarını həyata keçirməyə və musiqinin təbiətin və “Kapellhaus”un tarixi memarlığının əhatəsində səslənəcəyi xüsusi ab-hava yaratmağa imkan verəcək. Kollektivimiz üçün bu, ilham, böyük məsuliyyət və eyni zamanda tamaşaçılara yeni təəssüratlar bəxş etməkdən doğan böyük sevincdir”, – deyə həmsöhbətimiz qeyd edib.

Onun fikrincə, şəhərdə mümkün qədər çox mədəniyyət məkanının olması vacibdir.

“Mədəniyyət istənilən şəhərin inkişafının əsas göstəricilərindən biridir. Keyfiyyətli mədəniyyət məkanları nə qədər çox olarsa, insanların incəsənətlə təmasda olmaq, musiqini, teatrı və canlı ünsiyyəti özləri üçün kəşf etmək imkanları da bir o qədər geniş olar.

Klassik musiqinin heyrətamiz gücü var. O, müxtəlif nəsillərdən olan insanları birləşdirir, müasir həyatın ritmində dayanmağa, düşünməyə, gözəlliyi və harmoniyanı hiss etməyə kömək edir. Belə məkanlar zövq formalaşdırır, gəncləri ruhlandırır və incəsənəti daha əlçatan edir.

Bundan əlavə, mədəni məkanlar şəhərin simasını formalaşdırır. Məhz onlar şəhərin ab-havasını yaradır, onu turistlər üçün cəlbedici edir və burada yalnız iqtisadi inkişafa deyil, həm də mənəvi dəyərlərə önəm verildiyini göstərir. İstərdim ki, Bakı məhz musiqi və incəsənətin şəhər həyatının ayrılmaz hissəsi olduğu müasir mədəniyyət mərkəzi kimi inkişafını davam etdirsin”, – deyə R.Əmrahov vurğulayıb.