Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Krivoy Roqdakı ticarət mərkəzinə endirdiyi və nəticədə azı 5 nəfərin öldüyü zərbəni terror aktı adlandırıb.
“Report” xəbər verir ki, bu barədə Ukrayna lideri sosial şəbəkələrdə yazıb.
Zelenskinin sözlərinə görə, pilotsuz uçuş aparatları ilə ticarət mərkəzinə iki dəfə zərbə endirilib. İlk zərbədən və başlayan yanğından təxminən yarım saat sonra hadisə yerinə gələn xilasetmə xidmətlərinə təkrar zərbə endirilib.
“Belə zərbələr terror aktıdır və dünya bunlara müvafiq şəkildə reaksiya verməlidir”, – Zelenski vurğulayıb.
Hazırda mövcud olan məlumata görə, 5 nəfər ölüb.
Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja isə bildirib ki, yaralananların sayı artaraq 91-ə çatıb. Onlardan 20 böyüyün və 1 uşağın vəziyyəti ağırdır.









