İlin son Ay tutulması başa çatıb.
“Report” xəbər verir ki, yarımkölgəli Ay tutulması saat 05:23-də, qismən tutulma saat 06:33-də başlayıb.
Maksimum tutulma saat 08:12-də olub. Qismən tutulma saat 09:51-də, yarımkölgəli Ay tutulması saat 11:01-də başa çatıb.
Avqust ayında ilin son tutulma hadisəsi başlayıb.
Bu barədə “Report”a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bu, Qismən Ay tutulmasıdır. Yəni Yerin Kölgəsi Ayı tamamilə örtməyəcək. Belə ki, qismən Ay tutulması Ay Yerlə Ayın orbitinin kəsişmə nöqtəsinə tam düşmədiyi halda baş verir. Ayın orbit müstəvisi Yerin orbit müstəvisi ilə cəmi 5°-lik bucaq əmələ gətirir. Bu bucaq çox böyük olmadığı üçün Ay hər ay Yer ilə Günəş arasındakı xəttin üzərindən dəqiq keçmir. Buna görə də tutulmalar hər ay deyil, Ay, Yer və Günəşin uyğun konfiqurasiyada – bir düz xətt üzərində və ya kiçik fərq olduğu halda baş verir. Ay tutulması yalnız tam Ay fazasında mümkün olur.
Tutulma saat 05:23-də başlayıb, saat 11:01-də bitəcək. Təbiət hadisəsi Avropa, Afrika, Şimali və Cənubi Amerika, Sakit, Atlantik və Hind Okeanında müşahidə olunmur. Azərbaycan üçün 05:35-də artıq mülki alaqaranlıq vaxtıdır və Ay üfüqdən yuxarıda olsa da, tutulma başlayandan cəmi 12 dəqiqə sonra hava işıqlanacaq, bu müddət isə yarımkölgəli tutulma fazasına düşəcək. Yarımkölgəli Ay tutulması isə adi gözlə çətin seçilir, sadəcə Ayın işığının cüzi azalması kimi hiss olunur.
Xatırladaq ki, 2026-cı ildə daha əvvəl olan üç tutulma hadisəsi – iki Günəş və bir Ay tutulmasından heç biri Azərbaycan ərazisindən müşahidə olunmayıb. 2027-ci ildə isə ikisi Günəş, üçü isə Ay tutulması olmaqla, ümumilikdə beş tutulma hadisəsi olacaq ki, onlardan 21 fevralda baş verəcək Yarımkölgəli Ay tutulması və 2 avqustda baş verəcək Tam Günəş tutulması Azərbaycandan müşahidə olunacaq. Günəş tutulması zamanı Azərbaycan tam kölgə zolağına düşmədiyindən tutulma ölkə ərazisindən Qismən Günəş tutulması kimi müşahidə olunacaq.









