Avropanın MTG-I2 meteoroloji peykini daşıyan “Ariane 6” raketi Fransa Qvianasındakı Kuru kosmodromundan kosmosa qalxıb.
Bu barədə “Report” Avropa Kosmik Agentliyinə istinadən xəbər verir.
Agentlik qeyd edib ki, buraxılış yerli vaxtla saat 17:11-də (Bakı vaxtı ilə saat 19:11) baş tutub. “Ariane 6” raketinin doqquzuncu uçuşu bu tip raketin 2024-cü ilin iyulunda istismarından bəri ən uzun uçuş olub. Peyk geostasionar transfer orbitinə yerləşdiriləcək.
MTG-I2 ayrıldıqdan sonra öz mühərriklərinin köməyi ilə təxminən 36 min km. yüksəklikdə geostasionar orbitə çatacaq. Aparat oradan Avropa və Şimali Afrikanı daim müşahidə edə biləcək.
Peyk atmosferi izləmək və meteoroloji məlumatların dəqiqliyini artırmaq üçün nəzərdə tutulub. Xüsusilə, ildırım çaxması da daxil olmaqla sürətlə inkişaf edən hava hadisələrini izləməyə və kosmosdan ildırımın davamlı qeydini aparmağa imkan verəcək.
“Ariane 6”, 1996-cı ildən 2023-cü ilə qədər Kurudan buraxılan “Ariane 5″i əvəz edən yeni nəsil Avropa raket daşıyıcısıdır. Raket iki versiyada mövcuddur: iki bərk yanacaq gücləndiricisi olan “Ariane 62” və dörd versiyalı “Ariane 64”. “Ariane 6″nın ilk buraxılışı 9 iyul 2024-cü ildə baş tutub.









