- Cəmiyyət

Polşa dron istehsalı zavodunun yandırılmasında xarici kəşfiyyatın izinin olduğunu açıqlayıb

Polşa Milli Prokurorluğu dronlar üçün ehtiyat hissələri istehsal edən zavodun yandırılmasında xarici kəşfiyyatın ehtimal olunan iştirakı faktı üzrə istintaqa başlayıb.

“Report” xəbər verir ki, bu barədə nəzarət orqanının məlumatında deyilir.

Söhbət avqustun 31-də Skarjisko-Kamennedə “WB Electronics” şirkətinin anbar binalarının qəsdən yandırılmasından gedir. Prokurorluğun məlumatına görə, yanğın tərkibində tezalışan maddələr olan partlayıcı qurğudan istifadə etməklə törədilib. Nəticədə anbar məhv olub, dəymiş ziyan isə ən azı 15 milyon zlota (4 milyon ABŞ dollarından çox) məbləğində qiymətləndirilir.

İş xarici kəşfiyyat fəaliyyətində iştiraka görə məsuliyyəti nəzərdə tutan Polşa Cinayət Məcəlləsinin 130-cu maddəsi üzrə aparılır.

Hadisə yerində prokurorlar, Daxili Təhlükəsizlik Agentliyinin və Keltsedəki Baş Polis İdarəsinin əməkdaşları çalışır. Hələlik heç kimə ittiham irəli sürülməyib.