Çinin dövlət şirkətlərindən birinin Rusiyaya Ukraynaya qarşı istifadə edilən “Geran” tipli zərbə PUA-larının istehsalında tətbiq olunan karbon lifinin hazırlanması üçün xammal tədarük etdiyi iddia olunur.
Bu barədə “The Telegraph” araşdırmasında Rusiyaya aid sənədlərə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, söhbət yüksək möhkəmliyə malik karbon lifinin istehsalında istifadə olunan 46 ton poliakrilonitril lifindən gedir.
“The Telegraph”ın araşdırmasına əsasən, material 2026-cı ilin əvvəlində Çindən Rusiyanın “Alabuqa-Volokno” şirkətinə göndərilib.
Nəşr qeyd edir ki, Rusiyanın uzaqmənzilli “Geran” zərbə PUA-larının əsas hissəsi “Alabuqa” xüsusi iqtisadi zonasındakı müəssisələrdə istehsal olunur.
“The Telegraph”ın məlumatına görə, sözügedən xammaldan hazırlanan karbon lifi PUA konstruksiyalarında istifadə oluna bilər. Nəşr tədarükün Çin şirkətlərinin Rusiyanın hərbi PUA istehsalındakı roluna dair yeni suallar yaratdığını yazır.









