ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) 9/11 terror aktının 25-ci ildönümündə “Əl-Qaidə”nin hücuma hazırlığına dair məlumatların yer aldığı 71 sənədin məxfiliyini ləğv edib.
“Report” “The New York Times” (NYT) nəşrinə istinadən xəbər verir ki, yayımlanmış materiallar xüsusi xidmət orqanlarının hazırlanan terror aktı barədə əvvəlcədən bilməsi ilə bağlı Terror aktlarına qarşı mübarizə üzrə Milli Komissiyanın bəyanatlarını təsdiqləyir.
“Müstəsna şəffaflıq naminə məxfiliyi ləğv edilmiş 71 materialı dərc edərək o faciəli çərşənbə axşamı itirdiyimiz insanların xatirəsini yad edirik. Bu, MKİ-nin tarix boyu 11 sentyabr hadisələri ilə bağlı ən böyük analitik materialıdır”, – idarənin direktoru Con Retkliff bildirib.
Sənədlərin böyük hissəsi xüsusi xidmət orqanlarının Üsamə bin Ladeni necə izləməsinə həsr edilib. Bir neçə hesabat göstərir ki, MKİ 1998-ci ildən “Əl-Qaidə”nin hazırladığı hücumla bağlı xəbərdarlıqlar alıb. Mətndə qeyd olunur ki, mənbələrin məlumatı qeyri-müəyyən olub, buna görə də hücumun hədəfini və vaxtını birmənalı şəkildə müəyyən etmək çətinləşib.
Qeyd edək ki, 2001-ci il sentyabrın 11-də “Əl-Qaidə” yaraqlıları dörd sərnişin təyyarəsini qaçırıblar. İkisi Ümumdünya Ticarət Mərkəzinin əkiz qüllələrinə, üçüncüsü Vaşinqtonda Pentaqonun qərb qanadına çırpılıb, dördüncü təyyarə isə Pensilvaniyada Pitsburq yaxınlığında qəzaya uğrayıb. Həmin gün 2977 nəfər həlak olub.









