- Köşə

2020-ci ilin oktyabr ayının 30 gününə nəzər…

 

Gülyaz ƏLİYEVA

Ahıl və müdrik bir kişi oturub bir köşkün qarşısında öz ərazisində kitab satırmış. Gündəlik qazancını  çıxarırmış. O köşkün  yiyəsi də cahilin biri imiş, hər gün bir xurmanı yeyib çəyirdəyini bunun başına atırmış. Hər dəfə kişi bir söz demədən qınayıcı nəzərlərlə ona baxar, sonra çəyirdəyi götürüb dəsmalının içinə qoyurmuş. Bəlkə, ağlı başına gələr, deyə düşümürmüş. Bir belə, iki belə, bu minvalla 3 ay keçir. Köşk yiyəsi isə günü-gündən bir az da harınlaşırmış. Bir gün həmən kitabsatan kişi  dəsmalının arasına yığıb bağladığı çəyirdəkləri götürüb var gücü ilə köşk sahibinin başına çırpır və deyir: “Mən yetərincə səbr etdim, daha  səbrim yoxdur ki, bunu bir-bir sənin başına çırpam! Al payını,  etdiklərinin əvəzi!”

Bir -bir etdiklərinin birdəfəlik cavabını alan köşk yiyəsi o dünyalıq olur…

30 il hövsələ ilə dünyanın, BMT-nın, Minsk Qrupunun, haqqın tərəfində duracağını səbr və hövsələ ilə gözləyən Azırbaycan, nəhayət, ayağa durdu və 30 ildə erməniyə bəslədiyi kini,  qəzəbi, harınlaşmanın, Şuşada Paşinyanın yallısının heyfini, Xocalıda törədilən soyqırımı dəsmala bükərək birdəfəlik tək onun yox, bu müharibəni tərəfkeşliklə izləyən, qızışdıran bütün dünyanın başına çırpdı! İllərdir mənim görmək istədiyim Azərbaycan bax bu! “Azərbaycan yatmış şirdir, yatmış vulkandır” deyirdilər, inanmırdım. Bu gün Azərbaycan düşmənin başına endirilən bir yumruq kimi birləşib! Kiçikdən böyüyə, cavandan qocaya, adi vətəndaşından tutmuş Prezidentinədək hamı bir  yumruqğa dönüb, yumruq kimi birləşərək vətənin, Haqqın, Ədalətin müdafiəsinə qalxıb.

27 il ərzində gedən Qarabağ müharibəsində gəlişindən heç də xoşlanmadığımız 2020-ci ilin qızıl payızı Azərbaycan və dünya hərb tarixinə qızıl xətlə yazılacaq bir dönüş nöqtəsi oldu. Sentyabrın 27-də mənfur ermənilərin Azərbaycana qarşı geniş miqyaslı hərbi müdaxiləsi mənfur ermənpərəstlərin və Ermənistanın işğalçı xislətlərini bir daha aydın göstərdi. Öz böyük havadarlarına güvənən ermənilər torpaqlarımıza hücum zamanı güclü Azərbaycan Ordusu ilə rastlaşacaqlarını ağıllarına gətirmirdilər. Onlar elə güman edirdilər ku, dünya hələ də bu “ərköyün, ilk yaratıq xristianların” nağıllarına inanacaq. 30 ilə yaxın bir vaxt ərzində bizim  humanistliyimizdən, Minsk Qrupunun yarıtmaz, tərəfkeş fəaliyyətindən sui-istifadə edən ermənilər Ali Baş Komandanın əmri ilə cəsarətlə hücuma keçən, öz vətənini canından, qanından artıq sevən əsgərlərə sahib rəşadətli Azərbaycan Ordusu qarşısında çaş-baş qalaraq, günü-gündən tutduqları mövqelərlə yanaşı, başlarını da itirərək qaçmağa məcbur oldular! Bu məqamda hörmətli prezidentimiz Ali Baş Komandan kimi elə bir möcüzə göstərdi, elə bir qəti addım atdı ki, bütün dünyanı heyrətləndirdi. Güclü Milli Ordumuzun qarşısında davam gətirməyən öz  xislətlərinə uyğun olaraq son nəfəslərində daha ağır terrora, hərbi cinayətə əl ataraq cəbhə zonasından çox uzaqda olan Gəncədə iki dəfə dinc əhalinin yaşadığı yerləri qadağan olunmuş raketlərlə vuran ermənilərin məqsədi xalqda vahimə, təlaş yaratmaq, bizi haqq yolumuzdan çəkindirmək, savaşın sərhədini genişləndirmək idi. Ağdamda, Tərtətdə, Bərdədə, Ağcabədidə, hətta Kürdəmir və Qəbələdə dinc sakinlərə tuşlanmış raketlər onların ağıllarını itirməklərinin və son çabalamalarının göstəricisi idi. Lakin onların bu planı da həyata keçmədi. Ali Baş Komandanın ağıla, məntiqə, haqqa, ədalətə söykənən qərarları, qətiyyəti Paşinyana və onun havadarlarına yaxşıca dərs oldu.

İlham Əliyevin məntiqli, qətiyyətli addımları qarşısında siyasət meydanında gülünc vəziyyətə düşən Paşinyana 2-ci dərsi cəbhədə Ali Baş Komandanın əmrlərini şərəflə yerinə yetirən Azərbaycan əsgəri verdi!

Uzun müddət əzilən, haqsızlığa uğrayan, haqlı ola-ola nahaq durumuna düşən, acı bağırsaq kimi uzanan siyasi danışıqlardan yorulan xalq,  nəhayət ki, ürəyindən keçən sözləri Ali Baş Komandanın dilindən eşitmək sevincini də yaşadı. Həm cəbhədəki müvəffəqiyyət, həm siyasi meydandaki haqq sözümüzü eşitmək hər bir azərbaycanlını qürurlandırır. Demək, bu illər ərzində keçirdiyimiz sıxıntıların, verdiyimiz itkilərin hesabı bu bir ay ərzində çəkilməyə başlandı.   Demək, Prezident bu illər ərzində vaxtı heç də boşuna keçirməmiş,  vəziyyəti təhlil edərək strateji plan qurmus, güclü dövlət və yenilməz ordu, beynəlxalq qurumlarla, dünya liderləri ilə  səmərəli əlaqələr yaratmaq yolunda çarpışaraq, çox şükür ki, istədiyinə nail olmuşdur. Demək, nəyi, nə vaxt edəcəyinizi yaxşı-yaxşı düşünərək düzgün mövqe seçmişdir.

Hazırda “Qarabağ Azərbaycandır” şüarını irəli sürməklə və onu qısa müddətdə həyata keçirilməsinə nail olunur. Güclü Milli Ordumuzun qarşısında davam gətirməyən terrorist xislətli ermənilərlə aparılan  Vətən müharibəsində xalqla dövlətin birliyi bir yumruq kimi möhkəmdir, ona görə zərbəsi ağırdır.

Azərbaycan Vətən müharibəsini az itkilərlə, sülhlə sonlandırmaq istəsə də, təəssüflər olsun ki, hər dəfə ermənilərin terrorist xislətli rəhbəri buna imkan vermir. Amma artıq Azərbaycan Ordusu düşmənlərimizi geri çəkilməyə məcbur edir. Çoxlu saxta dostun olmaqdansa, həqiqi, sənin yanında olan tək bir dostunun olması belə həm insana, həm də dövlətə  mənəvi güc almaqda böyük köməkdir. Haqq işimizdə bizə hər cür dəstək olan türk qardaşlarımız da daim var olsun!

Qarabağdan köçkün düşmüş, ümidini heç vaxt itirməyən, doğma torpaqlara nə vaxtsa qayıdacağını həmişə arzu edən bir insan kimi, bu gün əminliklə Şuşaya qayıdacağımıza inanıram! Şuşasız Qarabağ Qarabağ deyil! Hörmətli şərqşünas alim Nəriman Qasımoğlunun dediyi kimi: “Şuşasız Qarabağ ola bilməz. Şuşa Qarabağın zümrüd tacıdır. Şuşasız heç sülh də ola bilməz. Ali Baş Komandan da dedi ki, Şuşasız bizim işimiz yarımçıq qalardı. Qarabağı onsuz necə təsəvvür etmək olar? Biz Şuşaya gedib çıxmayana, Qarabağı tam azad etməyənə qədər başladığımız işi yarımçıq qoya bilmərik. Gözləntim budur ki, biz Şuşaya da daxil olacağıq”. Biz Ali Baş Komandanı doğma Qarabağ torpağımızda Şuşada, Ağdamda salamlayacağımıza inanırıq!.

Mənim doğum tarixim 8 may Şuşanın işğal olunduğu tarixə düşürdü. Bu illər ərzində hər ad günümdə əllərimi Allaha açıb sidq-ürəkdən Ondan bir arzu diləmişəm. Nə olar, mənə bir gün 8 may tarixində Şuşada müzəffər Azərbaycan Ordusunun paradında iştirak etməyi qismət elə! Tələbə ikən çıxdığımız Şuşa şəhərinə qocalığımızda bir qürur və fərəhlə qayıtmağı qismət elə, ya Rəbbim! İndi Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” şüarı hər kəsdə bir qürur, hər bir məcburi köçkün ailəsində inam və Şuşaya qayıdacağımıza əminlik doğurur! O günü görəcəyimizə əminliyi artırır! Tariximiz, tarixi toppaqlarımızla yanaşı, qədim Oğuz elinin toponimlərini də bizə qaytardığınız üçün Ali Baş Komandana sonsuz təşəkkürümüzü bildiririk! Son zamanlar Qarabağ cəbhəsindəki uğurlar, tarixi qələbəmiz bizi olduqca çox sevindirir. Hər gün Ağdama, doğma ata-baba yurdumuza dönəcəyimiz günün xəyalı ilə yaşayır və qürurlanırıq. 30 ildən sonra bizə bu gözəl sevinc hisslərini qaytaran əsgərlərə  minnətdarlığımız, şəhidlərin ruhuna borcumuz sonsuzdur.

Bu gün xalqın uşaqdan böyüyə bütün üzvü Ali Baş Komandanın çıxışlarınızı böyük səbrsizliklə gözləyir. Onun cəsarətli çıxışlarınızda işlətdiyi söz və cümlələri, jest və mimikaları uşaqdan böyüyə hamı əzbər bilir. Çünki o, xalqın ürəyindən keçənləri dilinə gətirməklə xalqla dövlətin birliyinin sarsılmaz olduğunu düşmənlərimizə sübut etdi.

Ömrüm boyu ən müqəddəs arzum doğma Azərbaycanımızın müstəqilliyini, azadlığını, ərazi bütövlüyünü görmək olub. Aydın məsələdir ki, bu mənim kimi neçə-neçə insanın arzusudur bu. Yaşadığımız bu bir ay bizi günbəgün o arzuya yaxınlaşdırmaqdadır!

30 gün! Bir xalq olaraq son yüzilliklərdə yaşadığımız ən qürurlu günlər məhz bu bir aya düşdü! Azərbaycan Ordusu tərəfindən 165 kənd, 4 şəhər, 3 qəsəbə və bir neçə yüksəklik işğaldan azad edilib. Düşmənin dəyəri 2 milyarddan çox olan hərbi texnikası məhv edilib və hərbi qənimət kimi götürülüb.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə çox yaxın zamanda işğal altında olan bütün torpaqlarımız azad ediləcək!

Otuz ildə bizi başa düşməyənlərə otuz gündə çox şeyi başa saldıq! Həmçinin də özümüz çox şeyi başa düşdük!

Zəfər sənindir, Azərbaycan əsgəri! Şuşa səni gözləyir!