- Mədəniyyət

“Azərxalça” Moskvada keçirilən beynəlxalq sərgidə iştirak edəcək

“Azərxalça” ASC-nin fabriklərində hazırlanan xalçalar ev tekstili, interyer parçaları və bəzək materiallarının beynəlxalq sərgisində nümayiş etdiriləcək.

AZƏRTAC xəbər verir ki, dünyanın ən böyük ev tekstili istehsalçılarını, təchizatçılarını və dizaynerlərini bir araya gətirən “HEIMTEXTILE 2021” sərgisi sentyabrın 14-dən 16-dək Moskvadakı “EKSPOTSENTR”də keçiriləcək.

“Forum” pavilyonunun FC40 stendində, Azərbaycanda ən böyük əl işi xalça istehsalçısı olan “Azərxalça” ASC-nin fabriklərində hazırlanan xalçalar təqdim olunacaq. Sərgiyə gələnlər eksklüziv məhsullarla tanış ola, qədim Azərbaycan xalçaçılıq sənəti nümunələrini seyr edə bilər və istədikləri təqdirdə interyerin bənzərsiz predmetini ala bilərlər.

“Fabriklər Azərbaycanın bütün bölgələrində mövcuddur. Hər bir bölgədə onun istehsalçılarının riayət etməyə çalışdıqları öz xalçaçılıq ənənələri var. Bölgədən asılı olaraq xalçalar bəzək, sıxlıq, istifadə olunan materialların birləşməsi (pambıq, yun, ipək) və xovun hündürlüyü ilə fərqlənir. “Azərxalça” ASC həm ənənəvi Azərbaycan xalçaları, həm də məzmunlu xalçalar istehsal edir. Həmçinin sərgidə müasir interyerlərdə çox yaxşı görünən pastel rənglərindən istifadə etməklə hazırlanan yeni xalça kolleksiyası təqdim olunacaq. “Azərxalça” ASC öz missiyasını qədim Azərbaycan xalçaçılıq sənətinin qorunub saxlanılmasında, davam etdirilməsində və inkişaf etdirilməsində, Azərbaycan xalçalarının dünyada tanınmasında və yeni satış bazarlarının axtarılmasında, yeni nəsil xalça sənətçilərinin, toxucularının və texnoloqlarının yetişdirilməsində görür”, – deyə sərgi təşkilatçılarının mətbuata açıqlamasında qeyd olunur.