- Mədəniyyət

Bakıda Beynəlxalq Caz Günü qeyd ediləcək

Hər il aprelin 30-u dünyada Beynəlxalq Caz Günü kimi qeyd edilir. 2012-ci ildə UNESCO tərəfindən elan edilən bu gün dünyanın cazsevər ölkələrində keçirilən konsert proqramları ilə yadda qalır. Dünyada Azərbaycan cazının da özünəməxsus yeri var.

AZƏRTAC xəbər verir ki, aprelin 28-dən 30-dək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşəbbüsü və təşkilatçılığı, ADA Universitetinin eləcə də Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Baku International Jazz Day – Bakı Beynəlxalq Caz Günü silsiləsi keçiriləcək.

Bu il beynəlxalq caz hadisəsinə müxtəlif mədəniyyət icmaları, təhsil müəssisələri, konsert müəssisələri və dövlət qurumları qatılacaq.