- Dil

Bu, dövlət dili haqqında qanuna hörmətsizlikdir

Vasif SADIQLI

“Quzu, keçiyiz biz”

M.Ə.Sabir

“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyi yaranandan Bakının müxtəlif ərazilərində ticarət, ictimai iaşə və digər obyektlərdə ədəbi dil normalarına riayət edilməsi ilə bağlı monitorinqlər keçirilib. Qısa müddətdə Bakının müxtəlif yerlərində 300-ə yaxın foto çəkilib. Onların mühüm hissəsi sosial şəbəkələrdə paylaşılıb, ayrı-ayrı məqaləələrə əlavə edilərək ictimailəşdirilib. Monitorinqlər göstərir ki, Azərbaycan dilinin dövlət dili kimi maneəsiz inkişafı ilə bağlı üzərinə konkret öhdəliklər düşən strukturlar öz vəzifəsini yaxşı icra etmir. Televiziya və radio verilişlərində də ədəbi dil normaları kobud şəkildə pozulur.

Dövlət başçısının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması haqqında Fərmanında deyildiyi kimi, “ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir”. Deyəsən, ölkədəki orfoqrafik anarxiya, bu sahədə cəzasızlıq hökm sürməsi kənardakıları da cəsarətləndirib. Bir neçə il əvvəl “BBC.com”un tanış əməkdaşına əcnəbilərə məxsus xüsusi isim və adların transliterasiya olunmadan yazılması ilə bağlı iradımızı bildirmişdik. Cavabı belə oldu: “beynəlxalq media qurumunun rəhbərliyi” belə tövsiyə edib.

Bəli. Azərbaycan ədəbi dilinin orfoqrafiya qaydalarını “beynəlxalq media qurumunun rəhbərliyi” müəyyən edirmiş. Vəziyyət bu qədər acınacaqlıdır. Qeyd edək ki, “Azərbaycan Respublikasında dövlət dili haqqında” AR qanununa görə, “Azərbaycan Respublikası dövlət dilinin işlənməsini, qorunmasını və inkişafını təmin edir” (maddə 1.3). Azərbaycan dilinin orfoqrafiya qaydaları isə Orfoqrafiya Komissiyası tərəfindən hazırlanır və Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydaları pozmağa heç kəsin haqqı yoxdur. Aşağıdakı nümunələr Azərbaycan ədəbi dilinin normalarına hörmətsizliyi çox bariz şəkildə göstərir. Görünür, beynəlxalq media qurumlarının rəhbərliyinə bu cəsarəti verən ölkədə ədəbi dilimizin normalarına olan etinasızlıq və müvafiq qurumların susqunluğudur.

“BBC.com” portalı.

“Britaniya: Baş nazirin müşavirinin hərəkətinə görə hökumət üzvü istefa verib” adlı informasiyadan seçmələr:

“Britaniyada karantin qaydalarını pozmaqda ittiham olunan Baş nazirin böyük müşaviri Dominic Cummings-lə bağlı qalmaqalın genişlənməsi fonunda hakim partiyadan hökumət üzvü öz istefasını elan edib”.

Şotlandiya işləri üzrə nazir müavini Douglas Ross istefasını çərşənbə axşamı günü təqdim edib. Twitter-də öz addımını izah edən Ross yazıb ki…”.

“Böyük müşavir koronavirus simptomlarının üzə çıxmasından 15 gün sonra ailəsini Barnard Castle şəhərinə aparıb”.

“Observer və Sunday Mirror qəzetlərində dərc olunmuş məqalələrdə…”.

“Downing Street həmin ittihamların “yalan” olduğunu bəyan edib, Nazirlər Kabinetinin naziri Grant Shapps deyib ki, Dominic Cummings istefaya göndərilməyəcək”.

“Mühafizəkarlar partiyasının üzvü ser Roger Gale, deyib ki, “Baş nazirin işçiləri üçün bir qanun, qalanlar üçün isə başqa bir qanun ola bilməz”.

“Mühafizəkarlar partiyasından deputat Caroline Nokes öz Twitter səhifəsində yazıb: “Bizim əksəriyyətimiz üçün bir qayda, başqaları üçün isə fərqli qaydalar ola bilməz”.

“Hakim partiyadan olan daha bir deputat Damian Collins deyib ki… “

İndi isə keçək digər mətnlərə:
“Sadiq Khan – Londonun ilk müsəlman meri”

“Daha bir mühafizəkar deputat Craig Whittaker deyib ki…”

“Ayətolla Əli Xamneyi Qərb ölkələrinə xəbərdarlıq edib”.
Yeni Zelandiyanın xarici işlər naziri Winston Peters, Yeni Zelandiyada səfərdə olan Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlunun da daxil olduğu türkiyəli rəsmilərə açıq şəkildə etirazını bildirib.
“Türkiyə prezidenti Recep Tayyip Erdogan seçki kampaniyası çərçivəsində …”
“Görüntülər hücumçunun Facebook səhifəsində canlı göstərilib və az sonra orijinal video silinsə də, bəzi səhifələr onu tez yükləyə bilib. Nəticədə YouTube və Twitter də daxil olmaqla digər platformalarda yayılıb”.
“Cənab Erdoğan həmçinin Türkiyənin ana müxalifəti – CHP partiyasının lideri Kemal Kılıçdaroğlunu tənqid edərək, onun “terrorizmin İslam dünyasından qaynaqlandığı” barədə danışdığı videonu göstərib”.

“Azadlıq radiosu”

27 may – “The Guardian: Türkiyə Aralıq hövzəsində hegemonluğa can atır”

The Guardian yazır ki, Wael Amr ilk dəfə təyyarəyə minəndə bunun məhz belə olacağını təsəvvürünə gətirməmişdi.

MBH-nin qoşunları ölkənin şərqindəki müxalif parlamenti dəstəkləyən general Khalifa Haftarın Liviya Milli Ordusuna qarşı döyüşürlər.

“Haftar sadəcə olaraq sonunda Gaddafi kimi növbəti diktatora çevriləcək”.

27 may – “ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılma tarixi bəlli deyil”

“ABŞ Prezidenti Donald Trump deyir ki, Əfqanıstandakı hərbçilərin çıxarılması üçün hədəf tarix qoymayıb”.

“Hökumət atəşkəsin uzadılacağına ümid etdiyini bildirib. Talibanın sözçüsü Suhail Shaheen isə 900 məhbusun buraxılmasını “yaxşı proqres” adlandırıb…”

“Prezident Ashraf Ghani hökumətin Talibanla sülh danışıqlarına hazır olduğunu deyib”.

26 may – “Khamenei ‘plastik güllələrə’ görə üzr istəyib”

“İranın ali rəhbəri ayətüllah Ali Khamenei-nin nümayəndəsi ölkənin cənub-qərbindəki Xuzistan vilayətində ötən həftə təhlükəsizlik qüvvələri ilə toqquşmalarda yaralanmış bəzi adamlara baş çəkib”.

“Yarırəsmi Fars xəbər agentliyinin mayın 25-də dərc etdiyi videoda Seyed Abdolnabi Mousavifard-in ayağından ağır plastik güllə yarası almış bir gənclə görüşdüyü görünür”.

“Prezident Hassan Rohani mayın 25-də ölkənin enerji nazirinə və Xuzistan ostandarına əhalinin içməli su probleminin tez bir zamanda həll olunması təlimatı vermişdi”.

“Xuzistan ostandarı Gholamreza Shariati də sakinlərdən üzr istəyib və onların su probleminin iki həftəyə həll olunacağını vəd edib”.

8 may – “ABŞ-da Rusiyanın seçki müdaxiləsi ilə bağlı protokollar açıqlanıb”

“Konqresin Kəşfiyyat Komitəsinin sədri Adam Schiff bu barədə deyib…”

“O həmçinin Demokrat Partiyasının serverlərinə və namizəd Hillary Clinton-un şəxsi poçtuna haker hücumunun da seçki nəticələrinə nə kimi təsir göstərdiyini bilmədiyini söyləyib”.

“Bu dindirmə zamanı Trump-ın böyük oğlu rusiyalı vəkil Natalia Veselnitskaya ilə guya Clinton-u gözdən salacaq informasiya üçün görüşdüyünü deyib.

“Flynn 2017-ci ildə vitse-prezident Mike Pence-ə özünün Rusiya səfiri Sergei Kislyakla danışıqları barədə yanlış məlumat verdiyinə görə vəzifəsindən kənarlaşdırılmışdı”.

8 may – Gürcüstan Ukraynadakı səfirini geri çağırır

“Gürcüstan Ukraynadakı səfiri Teymuraz Sharashenidzeni məsləhətləşmələr üçün Tbilisiyə çağırıb. Bu haqda “Exo.Kavkaza” portalı Gürcüstanın Xarici işlər naziri David Zalkaliani-yə istinadla yazır”.

“Ukraynanın Xarici işlər naziri Dmitry Kuleb isə Lb.ua portalına müsahibəsində həmkarına cavab verib”.

“Ukrayna Prezidenti Volodymyr Zelenskiy mayın 7-də Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili-ni islahatlar komitəsinin başçısı təyin edib”.

“2014-cü ildə keçmiş prezident 2007-ci il 7 noyabr mitiqinin iştirakçılarından qisas almaqda, İmedi televiziyasının binasına qanunsuz girməkdə, biznesmen Badri Patarkatsishvilinin əmlakının qanunsuz mənimsənilməsində və sairədə ittiham olunub”.

“Gürcüstanın keçmiş prezidenti 2015-ci ildə Ukraynanın ovaxtkı prezidenti Petro Poroshenko-nun göstərişi ilə vətəndaşlıq alıb, Odessa vilayətinin başçısı təyin olunub”.

P.S. Bütün bu qeyd edilənlər xalqımızın ən böyük dəyərlərindən biri olan dilimizə, onu qoruyan qanunlarımıza, dövlətimizə və xalqımıza qarşı aşkar hörmətsizlikdir. İstər beynəlxalq olsun, istərsə qeyri-beynəlxalq heç bir media qurumu və ya digər struktur özündən orfoqrafiya qaydaları icad edə bilməz. Müvafiq dövlət qurumlarını öz vəzifə borclarına əməl etməyə çağırırıq.