Bu gün Azərbaycanda Milli Musiqi Günüdür.
“Report” xatırladır ki, 1885-ci il sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəyli dünyaya göz açıb.
Bu tarix Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur və 2009-cu ildən başlayaraq Ü.Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir.
Bu gündən sentyabrın 28-dək Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Festival çərçivəsində Bakı, Gəncə, Şəmkir və Şuşada açıq havada və müxtəlif məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans, ustad dərsləri və digər tədbirlər nəzərdə tutulur.
Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının Milli Musiqi Gününə təsadüf edən ilk günü – sentyabrın 18-də Şuşa şəhərində açıq havada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında “Leyli və Məcnun” operası nümayiş olunacaq. Eləcə də Bakıda Fəvvarələr Meydanında Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri bayram konserti təqdim edəcək. Həmin gün axşam isə Heydər Əliyev Sarayında Xalq artisti Arif Məlikovun dünyanın bir sıra teatrlarının repertuarını bəzəyən “Məhəbbət əfsanəsi” baleti uzun fasilədən sonra yenidən öz vətənində nümayiş olunacaq.