Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. 31 Dekabr hər bir azərbaycanlı üçün əziz gündür. Bu münasibətlə “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” (FADMM) Azərbaycan xalqını – həm respublikamızda, həm də xaricdə yaşayan soydaşlarımızı təbrik edir. Azərbaycanda yaşayan soydaşlarımızın sayı 10 milyon olsa da, dünyada 50 milyondan artıq azərbaycanlı yaşayır. Sayımız çoxdur, amma məqsədimiz, amalımız eynidir: Vətənimizin inkişafı, müstəqilliyimizin sarsılmazlığı, xalqımızın əmin-amanlığı, insanlarımızın rifahı, ana dilimizin saflığı! Bu amallar hamımızı birləşdirir, həmrəy edir. Bu həmrəyliyi biz 44 günlük azadlıq müharibəsində gördük. Hər bir azərbaycanlının bir nəfər kimi gözü cəbhədə, ürəyi vuruşan oğullarımızın yanında idi. Həmrəylik şəhid olan igidlərimiz üçün yanan ürəklərdə, qazilərimizin problemlərinin həlli üçün uzanan əllərdə, atasız qalan şəhid övladları üçün keçirilən tədbirlərdə, oğul itirən analara təsəlli üçün deyilən sözlərdə… idi.
O günlər və sonrakı dövrdə xalqımız bir yumruq kimi birləşdi, həmrəyliyini sözdə yox, əməldə göstərdi. Budur əsl həmrəylik!
Yola saldığımız ildə “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” xaricdə yaşayan soydaşlarımızla əlaqələr qurmuş, Kanada, Hollandiya, İsveç, Latviya, Macarıstan, Rusiya və digər ölkələrdə yaşayan soydaşlarımızın ana dilindən istifadəsi, onun tədrisi və təşviqi istiqamətində imkanlarını öyrənmiş, problemlərinin həllinə çalışmışdır. Bu, FADMM-in bütün dünya azərbaycanlılarını vahid ədəbi dil, leksika, qrammatika, orfoqrafiya… ətrafında birləşdirmək səylərinin bir hissəsidir. Bu istiqamətdə fəaliyyətimiz davam edir və daha da genişlənir.
Həm Azərbaycanda, həm də xaricdə yaşayan soydaşlarımız ana dilimizin saflığı, inkişafı uğrunda, yad dillərin təsiri ilə korlanmaması üçün çalışırlar, yollar axtarırlar. Başqa ölkələrdə yaşayan soydaşlarımızın işi daha çətindir. Əcnəbi dillərdə təhsil alan balalarımızın ana dilini unutmaması üçün əllərindən gələni etməklə yanaşı, həm də dilimizin, ədəbiyyatımızın yayılması, başqa dilli insanlara çatdırılması, sevdirilməsi üçün çalışırlar. Bax, budur əsl həmrəylik!
Qoy üzümüzə gələn bu yeni il dünyada yaşayn bütün azərbaycanlılara düşərli olsun. Yeni il doğma Qarabağımıza yeni ruh, yeni nəfəs gətirsin, torpaq uğrunda canından keçmiş şəhidlərimizin ruhu şad olsun, dağıdılmış, viran qalmış şəhərlərimiz ruhlar şəhəri kimi tanınmasın, azad, abad diyara, gülüstan bir yurda çevrilsin. Qan-qadadan, bomba və tank tırtıllarından yorulub bezmiş ana torpaq artıq dincəlsin, gül-çiçək açsın, yurdumuzdan bir daha güllə səsi eşidilməsin, əvəzində məktəblərdən quş civitisi kimi səs-səsə verən xoşbəxt balalarımızın səsi gəlsin.
Azad, abad, demokratik Azərbaycan bütün dünya azərbaycanlılarının fəxr, iftixar yeri olsun! Oğuz elimiz bir də qan-qada görməsin. Qarabağımızda uca ağaclarımız bir daha yıxılmasın, kölgəsi daha da qalın olsun. Axar çaylarımız qurumasın. Yenidən qurulan evlərimiz yağmalanıb dağıdılmasın, el-obalarımız, evlərimiz böyüksüz, tədbirli ağsaqqalsız, ağzı dualı ağbirçəksiz olmasın, hər bir evdən xoşbəxt uşaq səsləri gəlsin. Bayramınız mübarək olsun!