- Mədəniyyət

Filarmoniyada Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olacaq

İyunun 30-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti təşkil olunacaq.

Filarmoniyadan AZƏRTAC-a verilən məlumata görə, konsertdə dirijor, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə solistlər beynəlxalq müsabiqələr laureatı Theodosia Ntokou (piano, Yunanıstan) və Əməkdar artist Səbinə Əsədova (mezzo-soprano, Azərbaycan) öz çıxışlarını dinləyicilərə təqdim edəcəklər.

Proqramda L.V.Beethovenin “Piano və orkestr üçün c-moll” konserti (op. 37, №3), G.Faurenin “Pelleas et Melisande” süitası (op. 80, Bakıda ilk ifa), M.Ravelin “Şəhrizad” vokal silsiləsi (mezzo-soprano və orkestr üçün 3 poema) və “Vals” xoreoqrafik poeması səsləndiriləcək.