- Köşə

Hər işin ibtidası tərbiyədir

 Gülyaz ƏLİYEVA

Hər işin ibtidası tərbiyədir Məktəb təkcə təhsil deyil, həm də tərbiyə ocağıdır. Amma təəssüf ki, bu gün bu amil, yəni məktəbin tərbiyə ocağı olması sanki ikinci plandadır. Doğrudan da, şəxsiyyətin yetişməsində tərbiyə irsiyyət və mühitlə yanaşı çox mühüm rol oynayır. Aristotel yazırdı ki, “təhsildə irəli gedib tərbiyədə geri qalanlar irəli deyil, geri gedirlər”. Elmindən fayda gələn müəllim min abiddən üstün tutulub bütün dövrlərdə, bütün zamanlarda.

Məktəb hər zaman uşaq və gəncləri müstəqil həyata hazırlamaqda, onların şəxsiyyət, layiqli vətəndaş kimi yetişməsində, vətənpərvərlik tərbiyəsində böyük rol oynayıb. Doğrudur, ailənin, cəmiyyətin tərbiyəyə təsirini unutmamaq lazım. Amma gəlin görək, bu gün təhsil ocaqları tərbiyə verməkdə də öndədirlərmi? Təəssüf ki, bu gün məktəblər tərbiyədən daha çox təhsil ocağı kimi fəaliyyətdədir və təhsilə tərbiyədən daha çox önəm verilir. Elə məktəblərin fəaliyyətinə qiymət verilərkən də əsas diqqət nə qədər məzunun ali məktəbə qəbul olunmasına yönəldilir, cəmiyyətə yararlı, ənənəyə bağlı, milli-mənəvi, ümumbəşəri dəyərlərə sadiq şəxsiyyət yetişdirilməsi sahəsindəki uğurlar kimsəni maraqlandırmır.

Müəllim bütün dövrlərdə cəmiyyətin aparıcı siması, tərbiyə verəni, öndə gedən ən hörmətli üzvü, gəncliyin hərtərəfli insan kimi formalaşmasında əsas simalardan biri, bəlkə də, birincisi olub.

Hələ 12 -ci əsrdə Xaqani üzünü gəncliyə tutib:
Fitnə törətmə, ey fitnəkar cavan,
Fitnədir elləri dərdlərə salan
deyirdisə, demək, o dövrdə də “fitnə törədən”, tərbiyəsində naqislik olan gənclər olub. Onları düz yola çəkmək o dövrdə, bəlkə, nəsihətlə mümkün olurdusa, bu gün problemin həlli yolları çox dərinlərə gedir və yetərincə çətinləşib.

Bu gün müəllim cəmiyyətdə əvvəlki şöhrətini, çəkisini, dəyərini, qiymətini saxlaya bilmirsə, bunun günahının bir səbəbini cəmiyyətin özündə, ictimaiyyətdə, bir sıbəbini də özümüzdə axtarmalıyıq. Görəsən, harada səhvə yol vermişik? Bəlkə, haradasa tərbiyəni 2-ci plana atıb, daha çox elm öyrətməyə üstünlük veririk? Tərbiyəsi olmayana elm öyrətməyin isə heç bir faydası yoxdur.

Hələ neçə əsr bundan öncə Füzuli yazırdı:

Ey müəllim, aləti-təzvirdir əşrarə elm,
Qılma əhli-məkrə təlimi-məarif, zinhar.
Hər nə təzvir etsə əhli-cəhil, ona olmaz səbat.

Qitənin mənası belədir ki, ey müəllim, əbəs yerə məkr əhlinə elm öyrətmə, bu, ona baş kəsmək üçün iti qılınc verməkdir.

Naqislərə bilik verməyin, çünki o, bilikdən şər işlər üçün istifadə edər və beləliklə, cəmiyyət üçün, bəşəriyyət üçün ən qorxulu adama çevrilər, – deyiblər.

Keçmişdə müəllimiyi ən şərəfli peşə sayan, müəllimə ən yüksək dəyər verən bir məmləkətdə necə oldu ki, vəziyyət son illərdə bu həddə gəlib çatdı?!

Keçən əsrdə təhsil, elm, maarif bütün ictimaiyyətin, görkəmli ziyalıların diqqət mərkəzində idi Görkəmli şəxslərin, ədiblərin hər biri təhsilə aid müxtəlif bədii əsərlər, məqalələr yazırdı. Məsələn,

Ömər Faiq Nemanzadə: “Dərdimiz və dərmanımız”,”Dilimiz və imanımız”, “Müəllimlərimiz nə üçün Bakıya qaçırlar”,”Bizə hansı elmlər lazımdır?”,”Mən kiməm?”…

Mirzə Ələkbər Sabir : “Uçitellər”, “Uşaqdır”, “Müəllimlər syezdi”, “Oxutmuram əl çəkin”,”Ürəfa marşı”…

Bəs indi?! Bu əsrdə və təhsildə bu qədər problemlər varkən təhsilə yazılar, məqalələr həsr edən ziyalılarımız, yazıçılarımız, qəlbi vətən eşqi ilə döyünən ictimai xadimlərimiz hanı?

Müəllimi döyülən bir məmləkətin gələcəyi şillə-təpik yeyər. Müəllimi döyülən məmləkətin uşaqları tərbiyəsiz olar…

Bəlkə, bunun səbəbi milli-mənəvi dəyərlərimizdən, soykökümüzdən, adət-ənənələrimizdən uzaq düşüb, xarici təsirlərə, yabançı, zərərli bayram, atributu qan -qada olan “İfritələr bayramlarına” uymağımızda, zərərli, ölüm, qan-qada təbliğ edən filmlərdə, unternet klublarında və ya sadəcə, ailədədir? Ailə öz əvvəlki təməlindən ayrı düşüb. Əvvəllər bir uşağın tərbiyəsinə ana-valideyn cavabdeh olardı, indisə övladının pis yollara getməsi, müəllimə cavab qaytarması, onu ələ salması çoxunun vecinə deyil. Valideynlik borcu uşağı hamıdan yaxşı geydirmək, hamıdan yaxşı yedirmək, ən bahalı telefon almaq, ən bahalı məktəblərə qoymaqla bitmiş hesab olunur. Ta bu uşaq necə tərbiyə alır, kimlərlə oturub-durur, müəllimə hörmət edirmi – bütün bunlar valideynlərin çoxunu maraqlandırmır. Amma unudurlar ki, bu gün tərbiyəsiz böyüyən uşaq sabah ailənin, sonra isə cəmiyyətin bəlasına çevriləcək.

Bir Çin atalar sözündə deyilir: “Əgər sənin planın bir illikdirsə, ağac ək, yox, əgər 10 illikləri əhatə edəcəksə, insan tərbiyə et”.

Gəlin onilliklərimizi düşünək və övladlarımıza gələcəyimiz naminə birlikdə tərbiyə verək! Əks təqdirdə sabah döyülən siz olarsınız.

Həqiqətən də, hər bir işin ibtidası tərbiyədir