və yaxud atlanıb Glinike körpüsünün üstünə “getməkliyim”
(Birinci hissə)
Bəlkə də, bu yazını yazmazdım, macəralarımı eləcə hərdən xatırlayıb doğmalara, dostlara danışıb özüm gülüb, onları həyəcanlandırmaqla kifayətlənərdim. Amma yenə Belininin park-meşələrindən birində gəzdiyim zaman BDU müəlliminin zəng etməsi və söhbət əsnasında bir macəramı danışdıqdan sonra: “Bu hadisəni yazın, Könül xanım, burada çox ibrətamiz məqamlar var”, – deməsi məni düşündürdü və onu haqlı saydım. İndi mən o hekayəni sizə nəql edirəm, nəticələri çıxarmaq sizlik.
Yəqin ki, məni izləyənlər hobbimi yaxşı bilirlər: təkçə səyahət etmək, getdiyim yerlərin xüsusiyyətlərini öyrənmək. Berlinin gəzməli yerləri haqqında internetdən məlumatlar alıb siyahımı tamamlamaq üçün əlimdən gələni edirəm. Siyahıya Hafel çayının üstündəki Glinike körpüsü də daxil idi.
Düzünü deyim, çox da peşəkar turist deyiləm, əksinə, çox naşıyam. Məni mən edən yeganə bir özəlliyimdir: gözüqara olmaq. Bu məkanın da yalnız adını eşidib, körpünün şəklini görməklə üz tutdum yola. Elektron xəritə qarşıma bir çox marşrutlar təklif etdi və mən, nəhayət, Vanzi S-banı – elektriçka stansiyasından çıxıb avtobusla körpünün üstünə getməyi seçdim.
Avtobus tanımadığım yollarla musiqi altında şütüdükcə diqqətim yalnız keçdiyim yolların faunasında idi. Əslində, avtobusda musiqi səslənmirdi, mən qəlbimdə eşidirdim o musiqini, yəqin ki, avtobusun hamar şosedə yağ üzərində sürüşürmüş kimi çıxardığı səslər beynimdə musiqiyə çevrilirdi. Heyrətlə yollara baxırdım, hərdən özümü gözlərimin heyrətdən alacalanmış halında yaxalayırdım, üzümdə açıq-aşkar sezilən təbəssüm belə hallarda ətrafdakıların da diqqətini mənə çəkir. Onlar da heyrətə məni izləyirlər. Yəqin ki, düşünürlər, yalnız göləri uzun illərdən sonra açılan adam ətrafa belə baxar… Kim nə bilsin ki, həyatının qalanını bonus kimi yaşayan bir adam da gördüklərinin necə bir nemət olduğunu çoxlarından daha çox dəyərləndirir?! Axı mən bu yerləri görmədən də həyatda olmaya bilərdim…
Beləcə, öz halımda yolu neçə saata qət etdiyimi hiss etmədən gəlib körpünün üstündə düşdüm. Körpünün gözəlliyi – möhtəşəm iri görüntüsü məni məndən aldı. Çayın genişliyi, üzbəüz sahilində qədim, yaraşıqlı qəsrlər təsəvvürlərimi tarixin dərinliklərinə qədər çəkib apardı. Bir az başımı çayın sahilində lövbər salmış yaxtalarla, bir az da üzüşən qayıqlarla, gəmilərlə qatıb, sonra villaların qarşısında yürüyərək yaşıllıqdan, ağacların təravətindən, yolların səliqəsindən, yamyaşıl çəmənlərdən zövq alaraq, nəhayət, acından, yorğunluqdan əldən düşüb özümlə götürdüyüm pendir, pomidor, acı bibər və burada çox sevdiyim çərəzli qara çörəyin nazik dilimlərini çay dəsmalının üstünə düzdüm. Elə yeməyə başlayırdım ki, qonaqlarım da gəldilər. Qarğalar uçub gəlib məndən iki metr aralıqda çəmənliyə qonub, gözlərinin ucu ilə məni müşahidə edərək nazlana-nazlana qarşımda gəzişməyə başladılar. Çörək boğazımdan keçərdimi?! Pendirləri bir-bir bunlara tərəf atmağa başladım. Çəkinmədən, ürkmədən pendiri dimdiklərinə alıb, nazik holland pendirini götürə bilməyəndə də onu iki qatlayıb, dimdiklərinə vurub, uçub gedib bir az arada ya astaca, ləzəzətlə yeyir, ya da otların arasında gizlədib tələsik geri dönürdülər. Beləcə, bütün pendirlərimi qarğalara yedirdim və özüm pomidor-bibər-qara çörək yeməyə qərar vermişdim ki, qonaqlarım yenə gəlib qarşımda nazlanmağa başladılar. Çörək dilimlərini də bunlara ikram etdikcə özüm pomidor-bibəri heç incimədən nuş edirdim. Çörək də bitdi. Keçdim pomidora. Bir-iki dilim təkif etsəm də, dimdikləyib, görünür, turş dadından məmnun qalmadılar və uçuşub dağılışdılar. Mən isə acı bibərlərimi də son diiminə qədər yeyib bitirdikdən sonra süfrəmi yığışdırıb qalxdım.
Qarğalarla vidalaşıb yoluma davam etdim. Çayın sahilində təkliyimdən zövq alaraq, hər ağaca, hər budağa, hər kola-kosa nəzər salaraq meşə-parkın dərinliklərinə qədər yürüdüm. Uzaqdan nəzərimi cəlb edən mənzərə məni apardıqca aparırdı. Gecə olsaydı, nağıllar aləminə düşdüyümü zənn edib, bəlkə, bir az da üşənərdim: irəlidən mahnı səsi gəlir, rəngarəng paltarlarda adamlar atlanıb düşürdülər. Bunun nağıl olmadığına əmin olmaq üçün onların olduğu yerə qədər davam etdim. Yaşayış yerindən kənar bu yaşıllıq arasında hər yerdə nəzərə çarpan zibil qutularından anladım ki, bu məkanın təyinatı məhz piknikdir. Bir az da buralarda dolaşıb, dilini bilmədiyim gənclərdən çay kənarında fotolarımı çəkməyi xahiş etdikdən sonra havanın toranlaşdığını sezdim. Yavaş-yavaş dönməyə başlasam da, yenə yolumun üstündə hər şeylə əylənərək gəlirdim ki, çayın sahilinə enən bir cığır gördüm. Elə irəliləyib sahilə yaxınlaşmaq istəyirdim ki, gördüyüm məni səksəndirdi: kolların arasında yerdə qara gur saçlı bir baş var idi. Berlində adamların harada istəsələr, yatdıqlarını bilməsəydim, yəqin ki, qorxardım, ağlıma pis hadisələr gələrdi. Səssizcə çəkilib getdim…
Körpünün üstünə çatdıqda hava əməllicə qaralmışdı. Avtobus da bu heyndə (ağcabədililərin təbirincə) gəlib qarşıda məndən, təxminən, beş metr aralıda dayandı. Turistə bənzəyən adamlar qaçışıb avtobusa mindilər. Bircə mən öz yerişimi dəyişmədim. Peşəkar turist olmadığım üçün bilmədim ki, bundan sonra başıma gələcəklər var…
Ardı var.