- Mədəniyyət

Nəqli esse: akademik meyarlar və nümunəvi mətn

Könül Aydın Nəhmətova,
Filologiya üzrə fəlsəfə doktoru

Dövrümüzdə internet vasitəsilə biliklər  əlçatandır. İstənilən mövzu ilə bağlı anındaca məlumat ala bilirik. Bu gün müəllimlər və şagirdlərin də suallarına cavab tapmaq üçün ilk müraciət etdikləri yer internetdə. Elmi kitablar, akademik mənbələr deyil, internetdir. “Nəqli esse”  anlayışını da aydınlaşdırmağın ən qısa yolu internetdən istifadə etməkdir. İnternetdəki mənzərə nədir:  nəqli esse nümunələri axtaranda daha çox şəxsi hekayərlə rastlaşırıq. Halbuki nəqli esse yalnız müəyyən hadisənin danışılması deyil, həm də həmin hadisənin müəllif tərəfindən dəyərləndirilməsi və mənalandırılmasıdır.  Purdue Online Writing Lab (OWL), UNC Writing Center, Patterns for College Writing (Kirszner və Mandell) və The St. Martin’s Handbook (Lunsford) kimi akademik mənbələrin ümumi yanaşmasına görə, nəqli esse şəxsi hekayədən fərqli olaraq daha məqsədli və strukturlaşdırılmış akademik yazı növüdür.

Bu mənbələr vurğulayır ki, nəqli esse sadəcə hadisənin nəql edilməsi deyil, müəyyən bir əsas fikir ətrafında qurulur və hadisələr həmin fikri izah etməyə və ya dəstəkləməyə xidmət edir. Ümumilikdə, bu yanaşmalara görə, şəxsi hekayə daha sərbəst və emosional xarakter daşıdığı halda, nəqli esse məqsədli ideya, struktur və nəticə yönümlülüyü ilə seçilən akademik yazı formasıdır.

Akademik yanaşmaları nəzərə alaraq,  şagirdlərin ilk növbədə nəqli essenin klassik struktur xüsusiyyətləri ilə tanış edilməsi məqsədəuyğun görünür.

Təqdim etdiyimiz nümunə klassik nəqli esse strukturuna uyğun qurulmuşdur. Belə mətnlərdə müəllif yalnız yaşadığı hadisəni nəql etmir, eyni zamanda həmin təcrübənin onun üçün hansı məna daşıdığını göstərir. Hadisə nəqli essenin əsas materialı olsa da, müəllifin çıxardığı nəticə və irəli sürdüyü fikir mətnin əsas məqsədini təşkil edir.

Müasir yazı təlimində isə “personal narrative” (şəxsi hekayə) anlayışı daha geniş mənada işlədilir. Bir çox Amerika məktəb proqramlarında bu termin həm hekayə, həm də nəqli esse xüsusiyyətlərini özündə birləşdirən yazı növü kimi təqdim edilir. Bu səbəbdən nəqli esse ilə şəxsi hekayə arasındakı sərhədi bütün hallarda qəti şəkildə müəyyənləşdirmək mümkün olmur.

Bununla belə, orta məktəb proqramlarında hekayə və esse fərqli yazı növləri kimi öyrədilir. Hekayənin əsas məqsədi hadisəni bədii şəkildə təqdim etməkdirsə, nəqli essedə müəllif yaşadığı və ya müşahidə etdiyi təcrübə üzərində düşünür, onu şərh edir və müəyyən nəticəyə gəlir. Birinci şəxsin təhkiyəsindən istifadə olunması mətni avtomatik olaraq esseyə çevirmir. Nəqli essenin fərqləndirici xüsusiyyəti müəllifin təcrübəyə münasibətinin və həmin təcrübədən çıxardığı nəticənin mətnin aparıcı xəttinə çevrilməsidir.

Aşağıda təqdim olunan nümunə və qeyd edilən xüsusiyyətlər nəqli essenin mahiyyətini və strukturunu daha aydın təsəvvür etməyə kömək edə bilər.

ÜZMƏYİ ÖYRƏNMƏK

(Nəqli esse)

Yeni bir şey öyrənmək qorxulu təcrübə ola bilər. İndiyə qədər etməli olduğum ən çətin işlərdən biri üzməyi öyrənmək idi. Mən həmişə sudan qorxmuşam, amma qərara gəldim ki, üzgüçülük öyrənməli olduğum vacib bir bacarıqdır. Həm də düşünürdüm ki, bu, yaxşı idman növüdür və mənim fiziki cəhətdən daha güclü olmağıma kömək edəcək. Ancaq bilmirdim ki, üzməyi öyrənmək məni daha özünəinamlı bir insan da edəcək.

Yeni vəziyyətlər məni həmişə bir az həyəcanlandırırdı və ilk üzgüçülük dərsim də istisna deyildi. Soyunub-geyinmə otağında çimərlik geyimimi geyindikdən sonra hovuzun kənarında müəllimi və digər şagirdləri gözləyərək çəkinə-çəkinə dayanmışdım. Bir neçə dəqiqədən sonra müəllim gəldi. O, gülümsədi, özünü təqdim etdi və daha iki şagird bizə qoşuldu. Hər ikisi məndən yaşca böyük olsa da, üzməyi bilmədiklərinə görə utanmırdılar. Mən də tədricən özümü daha rahat hiss etməyə başladım.

Biz hovuza girdik və müəllim suda qalmağımıza kömək etmək üçün qollarımıza rəngarəng üzmə vasitələri taxdı. Digər şagirdlərdən biri olan Mey artıq əvvəllər başlanğıc kursunu bitirmişdi, ona görə də üzmə taxtasını götürüb təkbaşına hovuz boyunca hərəkət etməyə başladı. Digər şagird Cerri və mən isə hovuzun kənarından tutaraq brass üsulu ilə ayaq vurmağı öyrənirdik. Müəllim bir-bir bizə üzmə taxtasından tutdurur, bizi suda çəkir, biz isə ayaqlarımızla hərəkət edirdik. Çox keçmədi ki, Cerri bunu özü bacarmağa başladı və hovuzun qısa tərəfi boyunca sürətlə hərəkət etdi.

Mənim üçün isə işlər o qədər də asan getmirdi. Ancaq müəllim çox səbirli idi. Bir neçə həftə sonra ayaqlarımla hərəkət etməyə öyrəşəndə, o mənə qol hərəkətlərini də öyrətdi. İndi eyni vaxtda həm qollarıma, həm də ayaqlarıma diqqət yetirməli idim. Özümü çox yöndəmsiz hiss edirdim. Lakin gözlədiyimdən daha tez hər şey qaydasına düşməyə başladı və mən üzə bildim! Bu, möhtəşəm bir hiss idi — sanki uçurdum, bəlkə də suyun üzərində sürüşərək irəli atılırdım.

Üzməyi öyrənmək mənim üçün asan olmadı, amma sonda əzmkarlığım öz bəhrəsini verdi. Mən yalnız üzməyi öyrənib su qorxuma qalib gəlmədim, həm də öyrənməyin özü haqqında vacib bir dərs aldım. İndi yeni bir vəziyyətlə qarşılaşanda əvvəlki qədər əsəbi olmuram. Başlanğıcda özümü narahat hiss edə bilərəm, amma bilirəm ki, həmin vəziyyətdə təcrübə qazandıqca və bacarıqlarım inkişaf etdikcə özümü daha rahat hiss edəcəyəm. Qarşına qoyduğun məqsədə nail olmaq həqiqətən gözəl və azadlıq verən bir hissdir.

Nəqli Esselər

  1. Nəqli esse haqqında yadda saxlanmalı olan ilk vacib məqam odur ki, o, bir hekayə danışır. Müəllif aşağıdakılardan biri haqqında yaza bilər:

keçmişdə yaşadığı bir təcrübə və ya hadisə;

yaxın zamanda baş vermiş və ya davam edən bir təcrübə və ya hadisə;

valideyn və ya nənə-baba kimi başqa bir şəxsin başına gəlmiş hadisə.

  1. Nəqli esse haqqında ikinci vacib məqam odur ki, hekayənin bir məqsədi və ya əsas fikri olmalıdır. Bu fikrin mətndə hekayənin süjetindən kənar açıq şəkildə ifadəsi əsas şərtdir. Klassik nəqli esse strukturunda müəllifin tematik ideyası mətnin giriş hissəsində verilir. Şagirdlərin nəqli essenin tələblərini dərk etmələri üçün öncə bu strukturu mənimsəmələri vacibdir.
  2. Akademik yazı növü olaraq, nəqli essenin strukturunda nəzərə alınmalı məsələlərdən biri də budur:

Sonuncu abzasda müəllif nəql etdiyi hadisə, bölüşdüyü  təcrübə ilə bağlı vacib bir nəticəyə və ya qənaətə gəlir.
Bəzi nəqli esselərdə sonluq yalnız nəticə deyil, həm də refleksiya (düşüncə), emosional yekun və ya hadisənin təsirini vurğulama formasında ola bilər.