- Mədəniyyət

Qırğızıstanın köçəri mədəniyyəti – Berkutçuluq, kökbörü və kımız

Qırğızıstan təkcə möhtəşəm dağları və İssık-Kul gölü ilə deyil, əsrlərdir qorunan köçəri ənənələri ilə də diqqət çəkir. Burada qədim həyat tərzinin izlərinə bu gün də rast gəlmək mümkündür. Qartalla ov etmək, at belində köçəri oyunlar oynamaq və at südündən hazırlanan kımız içmək qırğız xalqının mədəniyyətində xüsusi yer tutur.

Modern.az Qırğızıstana xas olan maraqları ənənələri təqdim edir.

Berkutçuluq – insan və qartalın qeyri-adi bağı

Qırğızıstanda ən diqqətçəkən ənənələrdən biri berkutçuluqdur. Berkütçü adlandırılan ovçular qızıl qartalları kiçik yaşlarından götürərək böyüdür və xüsusi təlim keçirlər.

Qartal zamanla sahibinin səsinə, hərəkətlərinə və ov zamanı verilən işarələrə öyrəşir. Ovçular at belində hərəkət edir, qartal isə havadan ovunu müəyyənləşdirərək aşağı şığıyır və onu caynaqları ilə tutur.

Lakin bu münasibətin ən təsirli tərəfi qartalın illərlə ovçunun yanında qalmasından sonra yenidən təbiətə buraxılmasıdır. Ənənəvi berkutçuluqda qartalın azadlığa qaytarılması onun təbiətdə öz həyatını davam etdirməsinə və nəsil artırmasına imkan vermək kimi qəbul edilir.

Beləliklə, ovçu illərlə birlikdə olduğu qartaldan ayrılır. Qartal yenidən Tanrı dağlarının səmasına qayıdır.

Kökbörü – at belində sərt mübarizə

Qırğızıstanın qədim köçəri mədəniyyətindən gələn digər məşhur ənənə isə kökbörüdür. At belində oynanan bu oyun böyük fiziki güc, çeviklik və cəsarət tələb edir.

 

Oyunda iki komanda xüsusi əşyanı, ənənəvi formada keçi cəmdəyini rəqibin “qazan” adlanan hədəfinə çatdırmağa çalışır. Oyunçular sürətlə hərəkət edən atların üzərində həmin əşyanı bir-birindən almağa çalışır və bunun üçün böyük fiziki gücdən istifadə edirlər.

Kökbörü sadəcə əyləncə deyil. Bu oyun qırğızların köçəri keçmişi, atçılıq mədəniyyəti və döyüşçü ənənələri ilə sıx bağlıdır. Bu gün də ölkədə kökbörü yarışları keçirilir və idman növü böyük maraqla izlənilir.

Kımız – yaylaq həyatının ayrılmaz hissəsi

Qırğızıstanda qədim ənənələrdən biri də kımız hazırlamaqdır. Kımız mayalandırılmış at südündən hazırlanır və uzun illərdir qırğız mətbəxinin əsas içkilərindən biri hesab olunur.

Yay aylarında köçəri həyat tərzinin izlərini qoruyan ailələr yaylaqlara çıxır, yurdalarda yaşayır və at südündən kımız hazırlayırlar. Süd xüsusi qabda mayalandırılır və müəyyən müddətdən sonra özünəməxsus dadı və turşməzə xüsusiyyəti olan içkiyə çevrilir.

Kımız bu gün yalnız yerli əhalinin deyil, Qırğızıstana gələn turistlərin də marağını çəkir. Bir çox ziyarətçi yaylaqlara gedərək yurdalarda qalır, ənənəvi yeməklərin və kımızın dadına baxır, beləliklə, köçəri həyatını yaxından tanımaq imkanı əldə edir.

Qartalla ov, at belində kökbörü və yaylaqda kımız – Qırğızıstanda qədim köçəri mədəniyyət müasir dövrdə də öz canlılığını qoruyur.

Nicat Rüstəm