- Ədəbiyyat

Nizami irsinin Ustad tədqiqi

Nizami elə bir duhadır ki, səkkiz əsrdə oxunmasına, öyrənilməsinə, orta əsrlərdə şərh edilməsinə baxmayaraq, yenə də sözü ilə diridir və yenidir. Son yüz ildə isə Azərbaycanda yaradılmış nizamişünaslıq bu dahi şairin irsini tədqiq və tədqim etmişdir.

2021-ci il “Nizami ili” elan edilməsi ilə əlaqədar Nizami irsinə bir daha işıq salındı, öyrənildi. Nizamişünaslıqda dəyərli və layiqli tədqiqlər edildi. Bu tədqiqlər içərisində xüsusi marağa səbəb olan görkəmli şərqşünas alim  Əsmətxanım Məmmədovanın Nizami yaradıcılığına həsr etdiyi məqalələr silsiləsi oldu. Tədqiqatçı bir çox məsələlərə diqqət cəlb edərək dilçilik və ədəbiyyatda  yeni mövqedən çıxış etdi. Bu tədqiqlərə mübaliğəsiz Nizami irsinə Ustad baxışı desək, yanılmarıq.

Monoqrafiya bir daha sübut edir ki, Azərbaycanın farsdilli ədəbiyyatını, xüsusən də Nizami irsini araşdırmaq üçün tədqiqatçı mütləq azərbaycanlı şərqşünas olmalı, təkcə dil və ədəbiyyat məsələlərini bilməklə kifayətlənməməli, eyni zamanda, din, fiqh, fəlsəfə, tibb, nücum elmindən də xəbərdar olmalıdır. Eyni zamanda, monoqrafiya indiyə qədər Nizami yaradıcılığında araşdırılmamış bir neçə məsələ ilə əhəmiyyət kəsb edir ki, bu baxımdan tədqiqatın bir neçə üstünlüyü vardır.

Birincisi, Əsmətxanım Məmmədovanın fars dili mütəxəssisi olmasıdır ki, ömrünün böyük hissəsi bu dili tədris etməklə bərabər, dilçiliyə və klassik ədəbiyyatımıza dair sanballı araşdırmalar aparmaqla keçib. Məhz bu tədqiqlərdə fars dilinin əsas fonetik qanunu olan foetik məhdudiyyət qanunu və ondan törəyən fonetik hadisələrin hər birini ilk dəfə olaraq Nizami “Xəmsə”si əsasında tədqiq edib.

İkincisi, monoqrafiyadakı filoloji tədqiqlər Nizami “Xəmsə”sinin orijinalında tədqiq edilərək dil və ədəbiyyat məsələlərinin daha dərindən işlənilməsinə və məna incəliklərinin daha dəqiq verilməsinə nail olunmuşdur. Burada da monoqrafiya öz dəyərini aydın büruzə və müəllifinin peşəkarlığını əks etdirir. Çünki müəllif poetik tərcümələrin orijinalla müqayisəsində məna yetərsizliyini məhz dil baxımından əsas gətirərək birbaşa orijinala müraciət edir, hətta poetik tərcümələrdə buraxılan səhvləri belə qeyd edərək ziddiyyyətli məqamlara da aydınlıq gətirir:

هر آن شخصی که او را هست از آن رنج ،

به   زیـــر خاک باد ار خود بـــود گنـــج .

 (Ona incik olan düşsün məhşərə,

Xəzinə olsa da gömülsün yerə)

Tərcümədən görünür ki, beytin birinci misrası mətnə uyğun çevril­mə­mişdir. Əsas mətndə “ona incik olandan” deyil, onu incitmək istəyən şəxsdən söhbət gedir. Şair deyir ki, “ona əziyyət vermək istəyən şəxs xəzinə kimi qiymətli olsa da torpaq altında olsun.

Mircəlal Zəki “Xosrov və Şirin” məsnəvisini yazıldığı bəhrdə, bir növ klassik Azərbaycan üslubunda etdiyi  tərcüməsində məhz Nizaminin vermək istədiyi fikri verə bilmişdir. Müqayisə et:

(Əgər kəs var ki, var ondan ona rənc,

 Qoy olsun torpaq, altda olsa həm gənc).

Üçüncüsü, görkəmli alim Əsmətxanım Məmmədova Nizaminin türk olduğunu təkcə özünün əsərlərində qeyd etdiyi milli kimliyi ilə yox, məhz millətin varlığının ilk göstəricisi olan dil (türk dili) vasitəsilə təsdiq edir. Nizaminin fars dilinə gətirdiyi ifadələri və dil incəliklərini bir ustalıqla sezən alim bu faktı elmi sübutlarla mütəxəssis səviyyəsində təqdim edir: “Nizami Gəncəvi, şübhəsiz, Azərbaycan üslubunun əsas sütunu olmaqla bu üslubun zirvəsinin fatehidir. Şair yeni tərkib, ifadələr yaratmaq  baxımından fars dilində  yazan ən   məhsuldar yaradıcıdır. Məsnəvilərində  ehtiyac duyduğu zaman lazımı ifadələr, tərkiblər yaradan bu qüdrətli şairin söz yaradıcılığı özlüyündə iki mühüm amilə əsaslanır:

  1. Azərbaycan dili lüğət tərkibinin zənginliyi;
  2. Nizaminin sözyaratma qabiliyyətinə malik zehni və istedadı.

Bu iki xüsusiyyət fars dili lüğət tərkibinin zənginləşməsinə, yeni-yeni ifadə və tərkiblərin yaranmasına səbəb oldu. Qeyd edək ki, azərbaycanlılar bu gün də bu tərcümə metodundan, müasir dövrün ifadəsi ilə desək, kalka üsulundan fars dilində danışan zaman istifadə edirlər”.

Maraqlıdır ki, Ə.Məmmədovanın vurğuladığı bu dil faktorunu Nizaminin xələfi olan, türk dünyasının böyük şairi Əlişir Nəvai də üç yüz il sonra “Mühakimətul-lüğəteyn” əsərində verir. O qeyd edir ki, “türk sözlərini yaradanlar nitqlərini daim təkmilləşdirmiş və özəl məfhumları ifadə etmək üçün sözlər yaratmışlar ki, bu sözləri yalnız bu dili bilən izah etdiyi zaman (sartlara  (farslara) – M.Şəhla) aydın olur”.

Qeyd ediləsi məqamlardan biri də “Xəmsə”də şərt budaq cümlələrinin sintaktik quruluş baxımından dəyişiklərinin izlənməsidir. Burada da “xüsusi şərt şəklinin işlənmə xüsusiyyəti Azərbaycan dilindən edilmiş tərcüməni xatırladır. Diqqət edək, görək türk oğlu türk Nizami  nə deyir?

بیاموزم تــــــــرا گر کار بندی ،

که بی گریه زمانی خوش بخندی.

چو خندان گردی از فرخنده فالی،

بخــــندان تنگد ستی را  به مالی .

/beyamuzəm, to-ra gər kar bəndi,

Ke bigeriye zəmani xəş bexənd.

Ço xəndan gərdi əz fərxonde hali,

Bexəndan təngdəsti-ra be-mali/

(Bir şey öyrədərəm, dinləsən əgər,

Könlün heç ağlamaz, hər zaman gülər.

Xoşbəxtlikdən özün gülən zaman bir

Yoxsula pay verib, onu sevindir)”.

Dördüncüsü, alim tədqiqata cəlb etdiyi Nizami “Xəmsə”si ilə bərabər, “Xəmsə”nin müxtəlif əlyazmalarına, qədim mənbələrə, Nizami əsərlərinə müxtəlif dövrlərdə yazılmış şərhlər və araşdırmalara da üz tutmuş, dünyanın tanınmış nizamişünas alimlərinin əsərlərini də tədqiqata cəlb etmiş, bununla kifayətlənməyib, onlara da obyektiv qiymət vermişdir. Özünün də qeyd etdiyi kimi, “tədqiqatçı araşdırmasını elmi arenada birmənalı təsdiqini tapmış, etibarlı mətnlər üzərində aparmalıdır” prinsipinə sadiq qalmışdır. Bunu filoloji tədqiqlərə cəlb etdiyi ədəbiyyatın zənginliyi də təsdiq edir.

Nəhayət, Əsmətxanım Məmmədovanın monoqrafiyasının mükəmməl alınmasının səbəbi artıq özünün təcrübəsi və elmi-pedaqoji fəaliyyəti ilə Azərbaycan şərqşünaslığında öz  imzasını atmış məhsuldar tədqiqatçı olmasıdır. Çünki o, şərqşünaslığın təməlini qoymuş müqtədir müəllimlərin yetirdiyi mükəmməl tələbə, fakültənin özünəməxsus elmi-pedaqoji təcrübəsini və ənənələrini yaşadan canlı tarixi və şərqşünaslığın qızıl dövrünün barmaqla sayılacaq qədər az qalmış sonuncu mogikanlarından biridir. Bütün bunlarla yanaşı, Əsmətxanım Məmmədova bu monoqrafiyada illərlə araşdırdığı Nizami irsinə bütün əməyini səfərbər etmiş, Nizami ruhuna dərin ehtiramla hər cümlənin, hər sözün üzərində titrəmiş, “Xəmsə”ni zərgər zərifliyi və dəqiqiliyi, sərraf gözü ilə işləmiş, sözün əsl mənasında, ustad bir alimdir.

Əsərdə Azərbaycan nizamişünaslığında bir çox məsələlərə (xüsusən də fonetik hadisələrə) ilk dəfə toxunulsa da, Ə.Məmmədova qeyd edir ki, “onu demək istərdik ki, Nizami dili sintaktik baxımdan demək olar ki, heç tədqiqata cəlb olunmamışdır. Ancaq bu baxımdan “Xəmsə” məsnəviləri   maraqlı faktlarla zəngindir. Tədqiqat boyu Nizami dilinin müxtəlif xüsusiyyətləri, özəllikləri kimi sintaktik tərkibinin araşdırılması, bir tərəfdən şairin söz sənətinin öyrənil­mə­si cəhətdən maraqlıdırsa, başqa bir cəhətdən onun yaşadığı dövrdə fars dilinin, Azərbaycan dilinin (çünki bir çox dil hadisələri Nizami qələmində dilimizdən kalka üsulu ilə yazdığı dilə çevrilmişdir) müxtəlif cəhətlərinin tədqiqi baxımından da diqqət cəlb edəndir”.

Monoqrafiya qeyd etdiyimiz bu mühüm cəhətləri və bir çox özəlliyi ilə nizamişünaslıqda bir yenilik olub Nizami irsinin ilk dəfə olaraq məhz bu istiqamətdə araşdırılmasına bir zəmin yaratmış və gələcək tədqiqatçılara yeni bir cığır açmışdır. İnanırıq ki, əsər bütünlükdə Azərbaycan filologiyasında, xüsusən də nizamişünaslığında çox dəyərli araşdırma olub, həm dilçilik, həm də ədəbiyyatşünaslıqda saysız istinad verilən ən mötəbər mənbə olacaqdır.

Şəhla Məcidova, filologiya üzrə fəlsəfə doktoru