- Dil

Pərvanə BAYRAMQIZI. Baninin bəyənmədiyi dil               

Həddindən çox nəyəsə bağlı olmaq, kimisə sevmək qüsurları görmək qabiliyyətinə mənfi təsir edir. Bizə əziz olanların çatışmazlıqlarına ya bilərəkdən göz yumur, əyər-əskiyini “imtiyazları” kimi qəbul edirik, ya da reallığı dərk etmədən bəzi pis əməlləri onlar üçün “caiz” hesab edirik. Həqiqət isə harda olsa, nə yolla olsa, özünü göstərir. Görmək istəməyənlərə isə cəsarətli insanlar, tənqidçilər “yolunu-izini başa salırlar”.

Bəyə, xana, Bakının neft milyonçularına kinim-qəzəbim yoxdur. Hər halda onlar da nəyinsə qaydaya düşməsinə çalışıb, nəyinsə formalaşmasında iştirak edib, nələrsə qoyub gediblər. Vətənimizin tarixində mürəkkəb hadisələr o qədərdir ki, kimisə gözüyumulu tənqid etmək, yaxud tərifləmək doğru deyil. Siyasi şəraiti nəzərə almaq vacibdir. Belə bir sınaqlardan özümüzün necə çıxa biləcəyimiz bəlli olmaz, amma yenə də gərək zərərimizə olan məqamları ört-basdır etməyək.

Bakının milyonçularını xeyriyyəçi, maarifçi kimi qələmə verənlərə, o dövrdəkilərin yüksək mədəniyyətə sahib olduqlarını söyləyənlərə bir neçə kitabı oxumağı tövsiyə etmək olar. Həmin əsərlərin vasitəsilə onların həyat tərzini öyrənmək mümkündür. Doğrudur, yazılan hər bədii əsəri dövrün reallıqlarını əks etdirən fakt kimi əsas götürmək olmaz, qərəzlə yazılmış kitablar da çoxdur. Bir erməninin, yaxud ermənikimilərin həqiqəti yazacağına kim zəmanət verər? Elə özümüzünkülərin arasında da bəzən erməniyə qarşı qırğın törətdiyimizi yazanlar olub. Qurban Səidin “Əli və Nino”, “Şərqdə neft və qan” romanlarında, Baninin “Qafqaz günləri” avtobiorafik kitabında bizimkilərin ermənilərə münasibətlərinin əsl səbəbləri əhatəli təsvir edilmir. Yalnız nifrəti önə çəkirlər. “Şərqdə neft və qan” əsərində də ermənilərin öldürüldükləri vurğulanır. Buna Azərbaycan xalqının sağalmaz yaralarının səbəb olduğunun üstündən keçirlər.

Bunlar öz yerində, yazını Fransada yaşamış, fransızca yazan azərbaycanlı Baninin öz dilinə münasibətinə görə başlamışam.

Ana dilinin sevdirilməsi zərurətdir. Dilin dəyəri aşılanmasa, uşaqlarda ana dili haqqında təsəvvür formalaşa bilməz. Kortəbii surətdə mənimsənilən dilə münasibət Baninin münasibəti kimi nəticə verər. Neft milyonçusunun, mədəni təbəqənin, maarif tərəfdarı olan adamın ailəsindəki vəziyyəti həmin ailədə böyüyən qızın dilindən oxuyaq:

“Süfrə başında böyüklərin çətin anlaşılan rusca danışığı, dayənin uşaqlara almanca müraciəti və Azərbaycan kəlmələri qəribə dil qarşılığı əmələ gətirirdi. Azərbaycanca gedən söhbətlər daha çox qışqırığa oxşayır, kobud və cingiltili səslənirdi. Mən bu dili sevmirdim, elə buna görə də heç bir vaxt bu dildə düzgün danışmağı öyrənə bilmədim”. Cümlələr indi sevə-sevə söhbət açdığımız o vaxtkı Bakı ailəsi ilə tanışlıqdır. Hansı evdə ana dilini sevdirən olub? Milyonçu bəylər uşaqlarına dayəni, müəllimi əcnəbilərdən tutublar. Yad dilllərin öyrənilməsi marağı Azərbaycan dilindən xilas olmaq istəyi təsiri bağışlayır. Bu gün də dilimizə laqeyd münasibətdən şikayətlənirik. Bu, ötən əsrdən qalma mərəzdir. Dilə sevgisizliyin bünövrəsi o vaxtdan qoyulub.

“Nahar vaxtı hamı azərbaycanca danışırdı; bu dil nədənsə, adətən, acıqlı olanda yada düşürdü.” Burda yadıma “Baharın on yeddi anı” filmi düşür. Ağrıdan əziyyət çəkən qadının hansı dildə “ana” deyəcəyini gözləyirlər. Yəni ağrı-acı, əsəbi, gərgin vəziyyət insanın kimliyini üzə çıxarır.

“Şərqdə neft və qan”dan başqa bir nümunəyə baxaq:

“Yüz ildən bəri onları əhatə edən xalis azərbaycanlı qonşuluğa baxmayaraq, bu şvablar özləri ilə gətirdikləri xasiyyətdən bircəciyini də itirməyiblər, yerlilərdən də, demək olar ki, heç nəyi götürməyiblər. Onların əksəriyyəti ölkənin dilində bircə söz də bilmir. Heç də hamısı alman ədəbi dilində danışmır, zira ana dilləri şvab dialektidir. Başqa dillərə ehtiyac duymurlar, çünki heç kəslə ünsiyyət qurmurlar. Helenendorflular öz alman səciyyələrinin qorunub-saxlanılmasına qayğı ilə yanaşırlar. Tez-tez Almaniyaya adam göndərirlər və çalışırlar ki, zəngin bir alman kəndinə qapanıb heç nədə geri qalmasınlar. İllərdir, xaricdən gətirdikləri müəllimlərin “ədəbi alman dilində” dərs dediyi alman məktəbləri var…”

Özümüzü həmin adamlarla müqayisə edək: yəqin ki, ana dilimizi çoxdan unutmuş, onların qızlarını sevmişdik (yaxud əksinə). Yazıçılarımız da tələm-tələsik başqa xalqın qızı ilə evlənməyin təbliğatını aparmaq üçün azad məhəbbətin tərənnümü adı ilə siyasi məsələyə keçmişdilər. Hirslənməyin, Nəriman Nərimanovun “Bahadır və Sona” romanının məhəbbətə aid olmasından çox milləti azərbaycanlı kişilərin erməni, rus, gürcü qadınları ilə evlənməsi prosesinə alışdırmağa xidmət etdiyini düşünürəm. Bu, təbliğat idi. O vaxtlar vəzifəyə kimi irəli çəkirdilər? – arvadı erməni, gürcü olanları. Sonralar da yüksək vəzifədə olanların haqqında “anası ermənidir” deyildiyini eşidirdik. Bu cür “yastıqları” başımızın altına qoyub milləti yuxuya veriblər. Biz də ki yatmağı sevən xalqıq. Yatırıq, yatırıq, oyanan kimi də xaricə qaçırıq.

Keçən dəfə müəllimlərin tədris etdikləri fənni sevdirməkləri ilə ana dilinin təbliğini eyniləşdirmişdim. Yanılmadığımı Baninin fikirləri ilə isbat edirəm:

“Mənim təsəvvürümdə “Əminə” sözü “Fransa” sözü ilə eyni idi. Sonralar mənə vətən olmuş bu ölkəyə ilk məhəbbətim də elə Əminəyə məhəbbətimdən yaranıb. Həmin vaxt istəyirdim ki, ətrafımda hər şey fransızsayağı olsun, hamı fransızca danışsın. Lap nənəmə də fransız dili öyrətmək arzusundaydım. Həmişəki kimi öz stulunda oturmuş nənəmə yaxınlaşır, başqa dil bilmədiyi üçün azərbaycanca ondan xahiş edirdim ki, mənə “Bonjour ma petite fille” – (Salam, mənim balaca qızım) desin”. Görürsünüz? Məxsus olduğumuz nəsnəni sevdirə də bilərik, ona nifrət də oyadarıq. Analar bu dildə qarğamaqdan, qışqırmaqdan çəkinmədikcə, ziyalılar ana dilinə arxa çevirib biznes maraqları yolunda qeyri dillərə meyil saldıqca Banin kimi soydaşlarımızın sayı artacaq. Qərbləşdikcə vətənimizdə qəribləşirik. Qərbləşib qəribləşdikcə qəribələşirik. Bizdən geriyə – gələcəyə nə qalacaq?

Ana dilinin təbliğatı, onu sevdirmək, bütün yaxşı əməlləri aşılamaq bizim cəmiyyət kimi öz yolumuzu təyin etməyimiz, millət kimi formalaşmağımız üçün vacibdir. Göz, könül oxşayan bitkilərin hamısına zəhmət çəkilir. Yabanı şəkildə sürətlə böyüyən alaq otlarınısa  yolub atırlar.

P.S. Qanınızı qaraltmağa ürəyim gəlmir, amma obyektivlikdən uzaq olmaq insanlıqdan sayılmaz. Oxuculardan nikbinliklə ayrılacaqdım, reallıq imkan vermədi.

“Milli kimlik yaşamaq səbəbi olmalıdır. Heysiyyətsiz, milli qürur olmadan ömür sürmək diri ikən yox olmaqdır” deyirik. Bu əsas ideyamızdır, belə düşünür, belə yaşayırıq, hətta bunu təbliğ edirik, amma hara qədər? Hardan bilək ki, bir gün yenə qanla qurulan bir quruluşa bizi səcdəyə məcbur etməyəcəklər? Qaniçənlərin dünyasında sabah başımıza hansı müsibətlərin gətiriləcəyini bilə bilmərik. Tarixdə nələr yaşanılmadı? Represiya illərində baş verənləri kağızdan oxumaq asandır, həmin dövrdə onu canı ilə yaşayanların aqibəti necə oldu? Diyar-diyar, pərən-pərən salmadılarmı? Qırğınla şura hökuməti qurmadılarmı? Qətllərlə sovet hakimiyyətini dağıtmadılarmı? Hamısında da xalqdan istədikləri kimi istifadə etdilər. Güc kimdədirsə, onun istəyi olur. Əməllər fərqli idi, sənədlərdə isə başqa şeylər yazıldı. Yeri-yurdu bilinməyənlərin çoxundan bu gün də xəbərsizik. Mürəkkəb siyasi quruluşlarda özün kimi qalmaq mümkündürmü? Xalq neynəyə bilər? Topu yox, tüfəngi yox. Olanı yalnız iradəsidir, onu da “kullanıb”  atırlar – silahlandırıb qırğına verirlər. Qanun yenə güclərin qaydaları olur. Qanunsuzların qanunları ilə yaşayırıq. Qansızlarsa heç kimi yaşatmır. Dünyada sadə insanlara aid heç nə yoxdur, dərd-sərdən başqa.

Banini milli kimliyə bağlı olmadığı üçün qınadım… amma bir az da utandım. Mesenat Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın Bakının küçələrindəki son günlərini xatırlayaq… Dilimiz gödəkdir. İki varlı ailənin qızı – Baninlə Sara xanım. Biri qürbətdə yaşayıb təzədən həyata başladı, biri “Vətənində diləndi gəzdi”. O, bayatıdakı misranı həyatındakı ağrılarla doğrultdu. Sara xanıma sahib çıxmayan xalq Banini qürbət sevgisinə görə qınamalı deyil. Burda qətiyyətlə nəsə demək çətindir. Yaşamadan başqasının acısını duymaq ürək istəyir. Hər halda vətəndə dilənçi kimi gəzib orda ölməyi üstün tutanlar da, qürbətdə xan olmağı seçənlər də var. Bu milli kimliyə nə dərəcədə bağlı olmaqdan irəli gəlir.

Bugünkü Bakının küçələrini qeyri millətlərin sözləri ilə “bəzəməyi” sükutla qarşılasaq, azərbaycanlı baninləri təzədən yetişdirmış olacağıq.

Azərbaycan dilində gözəl danışaq, qışqırmayaq ki, övladlarımız ana dili deyəndə yalnız qəzəbin ifadə edildiyi dil anlamasınlar. Böyük ideyalarla, sağlam əqidə ilə yaşayaq, özümüzə inanaq, barı bundan sonra səhv buraxıb xəcalət çəkməyək. Bunu ürəkdən istəyək. Hər şey sevgiyə bağlıdır. Sevdiklərimizin yolunda çəkilən zəhmətin nəticəsi bəhrədir. Bəhrə! Təki