- Mədəniyyət

Şuşada Birinci Türk Dünyası Mədəniyyət Forumu keçiriləcək

Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq geniş tədbirlər planı hazırlanıb. TÜRKSOY, Azərbaycan Respublikasının müvafiq nazirlikləri və digər dövlət qurumları, habelə digər əlaqədar təşkilatlarla birgə illik tədbirlərin və bir sıra yeni layihələrin həyata keçirilməsi gündəlikdədir. Bu xüsusda, böyük məmnuniyyət hissi ilə elan etmək istərdim ki, oktyabr ayında planlaşdırılan Nazirlərin Daimi Şurası çərçivəsində Şuşada Birinci Türk Dünyası Mədəniyyət Forumunun keçirilməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət naziri Adil Kərimli “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı–2023” ilinin rəsmi açılış mərasimində deyib.