- Ədəbiyyat

“Yolsuz cəmiyyət”in yolu

Pərvanə BAYRAMQIZI

“Yolsuz cəmiyyət…”

Bu ifadəni şair-tərcüməçi Firidun Ağazadədən tez-tez eşidirəm. Daha doğrusu yazılarında, rəylərində rast gəlirəm. Onun bəyəndiyim başqa bir fikri də var – “söz məni apardı”. Elə “Yolsuz cəmiyyət”  birləşməsi də məni apardı. Qorxulu səslənir. Zamanımıza çox uyğundur. Yolu olmayan bir cəmiyyət nə istiqamətini təyin edə, nə də hara getdiyini bilər. Cəmiyyət üçün yolsuzluq faciədir, dövlət üçün də nizamsız cəmiyyət təhlükədir. Hamımız bundan narahatıq.

Milli ideologiya güclü dövlətin sütunlarından biri olsa da bu fikri hamı eyni cür qəbul etmir. Onu Sovet hakimiyyətinin marağına xidmət edən məqsəd və məram kimi dəyərləndirənlər, gərəksiz olduğunu bildirənlər də var. Tutaq ki, milli ideologiya anlayışı sovetdən qalıb, elə isə milləti hansı ideya ilə irəli aparmaq olar? Sadə insanlar belə səhər oyananda hər hansı bir plan qurub, axşamacan ona uyğun hərəkət edirlər. Xətt cızıb üzəri ilə addımlamağa bənzəyən nizam-intizamlı həyat tərzi əksər insanlar üçün xarakterikdir. Milli ideologiya da sadə halıyla buna bənzəyir.

Sən, mən, o, biz… oluruq millət. Dövləti də millət təşkil edir. Böyük dövlətin təməli sağlam cəmiyyətlə qoyulur, sağlam cəmiyyəti də ayrı-ayrı fərdlər təşkil etdiyindən birinci insan yetişdirilməlidir. Vətəndaş yetişdirməyə hardan başlamaq lazım olduğunu da milli ideologiya haqqında gətiridiyim çıxarışlardan sonra yazacam.

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasov yazır ki:

“Milli ideologiya milli dövlətin ən yaxşı zəkalarının böyük zəhməti hesabına materiyanı ruhi qüvvəyə çevirən, mənəvi-əxlaqi potensialı qoruyub saxlayan, bu potensialı lazımınca yeniləşdirən və zənginləşdirən fenomendir.”

N.Şəmsizadənin: “Yalnız konkret, özünəməxsus ideologiyası  olan xalqın milli dövləti ola bilər” fikrini misal göstərən fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov da bu qənaətdədir ki, milli ideologiya öz inkişafında iki mərhələdən – birincisi, etnik milli ideyadan, ikincisi isə milli-dövlət ideyasından keçir. Milli etnik ideyada hər bir etnosun öz milli marağı birinci yerdə durursa, milli dövlət ideyasında iqtidar, ərazi və əhali vəhdəti ön sıraya keçir..”

Subyektiv yanaşaraq bildirim ki, həm cəmiyyət üçün yol olaraq, həm də milli ideologiya əvəzi hər bir vətəndaş aşağıdakı sualları özünə verməli, dövlətçilik, millətçilik maraqlarını qorumalıdır.  Vacib prinsiplər uğrunda mübarizə aparmalıyıq.

– Biz kimik?

  • Başqa millətlərdən nə ilə fərqlənirik?
  • Bizi fərqləndirən keyfiyyətlər vacibdir, ya yox?
  • Onları atmalı, yoxsa yaşatmalıyıq?
  • Biz nə istəyirik?
  • Haraya getməliyik və hara gedirik?
  • Məqsədimiz nədir?
  • Nail olmaq üçün neynəməlyik?

Əgər bu prinsipləri milli ideologiya kimi qəbul etsək, deyə bilərik ki, milli ideologiya möhkəm dövlətin  çetryoju, ilk cizgiləridir. Kiçik bir ailədən başlayan prioritetlər ideologiyaya çevrilir, millətə yansıyır, millilik formalaşır.

Bəlkə, güclü olmayaq deyə bizi milli ideologiyadan çəkindirirlər?

Düşmənlərimizin ideologiyası da bizim torpaqlarımız sayəsində Ermənistan dövləti qurmaqdır.

Oxuduğum maraqlı fikirləri bölüşməkdən özümü saxlaya bilmirəm. Mətndə əritmək istəmədim. Elə bu cür yaxşıdır. Həcminə “fokslanmayın”.

“… əgər ideologiya nədir, yaxud milli ideologiya nədir sualına cavab axtarsaq, deyə bilərik ki, ideologiya sosial qrupların və ya bütün cəmiyyətin mənafelərini ehtiva və müdafiə edən, sosial reallığı bu mənafelər prizmasından ifadə edən və əməli fəaliyyət direktivləri, oriyentasiyaları olan nəzəriyyələr, ideyalar və məlumatlar sistemi kimi müəyyənləşdirilir.

Milli ideologiya fərdləri, qrupları bir mərkəzdə birləşdirə bilir, milli həmrəyliyin təmin olunması işinə birinci dərəcədə yardım göstərir.

Beləliklə, əgər milli ideologiyanın, yaxud qısaca olaraq ideologiyanın cəmiyyətdə rolunu xarakterizə etməyə çalışsaq, deyə bilərik ki, ideologiya səfərbəredici, maarifləndirici, tərbiyəedici, inteqrativ, adaptiv, kommunikativ səciyyə daşıyan əsas mənəvi substratdır.

Bəzi hallarda milli ideologiyanın yerinə demokratiya, hüquqi dövlət, azadlıq kimi anlayışları milli ideologiya kimi təqdim etməyə çalışırlar. Əlbəttə ki, bu, yeni bir baxış və müstəqil fikir deyil. Bu, zaman-zaman imperialist mərkəzlərin ayrı-ayrı cəmiyyətlərdə anarxist demokratiya, yaxud ziddiyyətli demokratiya qurmaq və beləliklə də, həmin cəmiyyətləri istismar etmək məqsədilə ortaya atdıqları imperialist düşüncə ünsürüdür. Demokratiya heç vaxt milli ideologiya ola bilməz. Demokratiya milli məqsəd ola bilər, milli dəyər ola bilər. Azadlıq məqsəd ola bilər, ideologiya ola bilməz. Ona görə də, imperialist mərkəzlər inkişafda olan dövlətlərə məhz bu dəyərləri ideologiya kimi təqdim etməklə, bir növ həmin dövlətləri ideologiyasızlaşdırlar. Məqsəd isə aydındır, onlar da bilirlər ki, ideologiyasız dövlət ola bilməz. Müasir imperializmin əsas məqsədlərindən biri də ekspansiya obyekti kimi gördüyü ölkələri lidersizləşdirmək, ideologiyasızlaşdırmaq və nəhayət, dövlətsizləşdirməkdir.

Azərbaycanın bu gün ideologiyasız, lidersiz cəmiyyətə sürüklənməsi, əslində, Azərbaycanın dövlətsizləşdirilməsinə hədəflənən addımlardır ki, bu da əsla milli və dövlətçilik maraqlarımızla üst-üstə düşə bilməz.

Ümumiyyətlə, ideologiyalar bir sıra səciyyəvi xüsusiyyətlərinə görə, müxtəlif qruplarda təsnifatlandırılırlar. İdeologiyalar sosial mənafeyə münasibətinə görə mütərəqqi, mühafizəkar, mürtəce, liberal, radikal, millətçi və beynəlmiləl olur. Sosial bazasına görə, milli, sinfi, qrup və irqi olur, daxili strukturuna görə isə dini, dünyəvi, rasional, irrasional, universal və s. olur. İdeologiyalar nüfuz dairələrinə görə isə milli və ümumbəşəri olur”.

“Milli ideologiya vətəndaş həmrəyliyi və ictimai ahəngdarlığı təmin edən vasitədir”
Hikmət Babaoğlu “Yeni Azərbaycan” qəzetinin Baş redaktoru
“Trend”

Bunları öyrəndik. İndi dərdimizə çarə tapaq.

Bu gün biz nəylə məşğuluq? Son bir ildə hansı ideologiya ilə yaşamışıq? Suala “Heç nə, heç hansı” cavabı verməkdə haqlıyıq. Məqsədsiz-filansız günləri ötürürük. Hər şey o məşhur pis məsələ dönüb: başımızın milçəyini qoruyuruq. İndi hamı eyni vəziyyətdədir. Təhsil müəssisələrini, kitabxanaları və digər maarif ocaqlarını qapamaqla asanlıqla yolsuz cəmiyyət qururuq.

İdeyalar güclü mütaliə, həyat təcrübəsi və fərdin malik olduğu individual keyfiyyətlərin vəhdətindən doğur. Bunların yolu da kitabxanalardan keçir. Bizsə onu insanların üzünə bağlamışıq. 2020-ci ilin aprel ayından sms icazə tətbiq olunan gündən üzü bəri baş verənləri bilirsiniz. Pandemiya, karantin rejimi… bir yanda işini itirən, bir yanda virusa yoluxub, canının hayına qalan insanlar. Ünsiyyət itdi, adamlar bir-birinə yaxınlaşmaqdan çəkindi, toy etmək və kütləvi tədbirlər qadağan olundu. Virus təhlükəsi ilə üz-üzə ikən müharibə də başladı. Yəqin ki, kitabxanaşünaslar “Pandemiya dövründə kitabxanalar” mövzusunda elmi əsərlər yazacaqlar. Müharibə kitabxanaların taleyindən həmişə faciəsi ilə keçib. Fatehlər viran qoyduqları ölkənin kitabxanalarını yandırıb, talayıb, itirib-batıblar. Bizdə isə işğalsız-filansız kitabxanalar “viran” qalıb.

Müharibə və kitabxana mövzusunda Eldəniz Məmmədovun yazdığı “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının Dövri Mətbuat Fondu: tarixi, müasir vəziyyəti, oxuculara xidmət və inkişaf perspektivləri (1923-2007-ci illər)” kitabında 1941-1945-ci illərin müharibəsi zamanı və ondan sonrakı illərdə Milli Kitabxananın necə qaynar iş rejimi ilə fəaliyyət göstərdiyi yazılır. Oxuduqca adam 2020-ci ilin sentyabr ayında Ermənistanla müharibə zamanı kitabxanaların neçə ay ondan öncə qapadılmasına görə dərin təəssüf hissi keçirir. Qırx dörd günlük müharibə ərəfəsində yazıçılar, şairlər yazdılar, əsgərləri ruhlandırdılar, şəhidlərə layla dedilər. Amma sözügedən kitabda bəhs olunan işlərdən heç biri görülmədi. Məsələn, belə bir vacib iş: “1942-ci ildə 60, 1943-cü ildə isə 140-dan artıq kitab sərgisi təşkil edilmişdi. Kitabxananın maraqlı keçən kütləvi tədbirlərində geniş xalq kütlələri yaralı əsgərlər iştirak edirdilər. Kitabxana səyyar məntəqələr təşkil edirdilər. (“Xəzər hərbi gəmilərində və s.”)” İndiki müharibədə isə “evdə qal”maqla məşğul olduq.

Qapısı bağlı kitabxanalarla nə edəcəkdik.

Kitabdan köçürdüyüm aşağıdakı hissə ilə indiki vəziyyəti müqayisə edəndə təsəlli tapmaq olur.

“Bu dövrdə milli ideologiyanın formalaşmasında əsaslı informasiya vasitəsi kimi qəzetin müntəzəm nəşrinə böyük ehtiyac vardı. Görkəmli şəxslərin qəzetdə çıxış etməsinə tələbat duyulurdu. Həmin illərdə milli jurnalist kadrları çatışmırdı.  Odur ki, əksər qəzetlərdə o dövrün ziyalıları, professor-müəllim heyətinin nümayəndələri çalışır, redaktorluq edirdilər.  Belə ziyalılardan akademik Mehdi Mehdizadəni, görkəmli alimlər Əhməd Seyidzadə, Mərdan Muradxanov, Şövqi Ağayev və başqalarını göstərmək olar.”

Bu gün də Vətən sevgisilə çətinliklərə atılan ziyalılar çoxdur. İkinci Qarabağ Müharibəsində də ziyalılarımızdan, yazıçı, jurnalist, şair, həkim və müəllimlərimizdən cəbhəyə könüllü gedənlər çox oldu. Aralarında şəhid olanlar da var. Onlar yazdıqlarını, təbliğ etdiklərini əməllərində göstərdilər. Hələki kitabxanalarda həmin insanlarla oxucuların görüşünü təşkil etmək mümkün deyil.  Yəqin ki, kütləvi kitabxanların gələcəkdə bu yöndə tədbirləri çox olacaq.

Daha bir “əriməmiş” hissə:

“XX əsrin 40-cı illərinə dair M.F.Axundov adına Milli Kitabxananın arxiv sənədlərində həmçinin Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi statistik hesabatlarında hələ 1940-cı ildə Azərbaycan Respublikası ərazisində illik tirajı 469 min nüsxə olan 15 adda jurnal və birdəfəlik tirajı 619 min, illik tirajı isə 101 milyon nüsxə olan 141 adda qəzet, həmçinin bu qəzetlərdən 89 adda Azərbaycan dilində qeyd olunmuşdur.

Bu dövrdə M.F.Axundov adına  Azərbaycan Dövlət Ümumi Kitabxananın (indiki Milli Kitabxananın) dövri mətbuat (qəzet və jurnal) fondunda 346 adda qəzet və 391 adda jurnal mühafizə edilirdi.

“Müharibənin ilk dövrlərindən Milli kitabxanın qarşısına çıxan əsas çətinlik onun yeni ədəbiyyatla komplektləşdirilməsi idi. Çünki bu illərdə kitabxanın qarşısında duran əsas vəzifələrdən biri və bəlkə də, birincisi öz fonduna xalqımızın qəhrəman keçmişini cəbhədə və arxada göstərdiyi döyüş və əmək qəhrəmanlıqlarını, Azərbaycan oğullarının faşistlərə qarşı fədakar mübarizəsini və igidliklərini əks etdirən yeni nəşrləri əldə edib onun geniş miqyaslı təbliğini həyata keçirməkdən ibarət idi.  Onu da nəzərə almaq lazımdır ki, müharibə illərində müəyyən iqtisadi çətinliklər və ilk növbədə kağız çatışmazlığı ilə əlaqədar nəşriyyatlarımızın fəaliyyəti ildən-ilə zəifləyirdi. Buna görə də müharibənin ilk aylarından başlayaraq nəşriyyatların tematik planlarında əsaslı dəyişiklər edilmiş, nəşr edilməsi nəzərdə tutulan kitabların repertuarı, həcmi, tirajı, müharibə şəraitinə uyğun olaraq yeniləşmişdi. Bu illərdə əsasən hər şey cəbhə üçün, hər şey qələbə üçün şüarının həyata keçirilməsinə xidmət edən kitabların nəşri və yayılmasına daha çox diqqət yetirilirdi. Bundan başqa nəşriyyatlar tərəfindən “Böyük Vətən Müharibəsi qəhrəmanları”, “Komsomolun hərbi kitabxanası”, “Müdafiəyə hazır ol” “Məktəblinin hərbi kitabxanası” və s. seriyalarla kitablar buraxılmağa başladı. Belə kitabların xeyli hissəsi cəbhəyə göndərildi.”

Əlavə şərhə ehtiyac yoxdur, məncə…

Müharibə və pandemiyadan qabaq kütləvi kitabxanada çalışarkən “elektron kartoteka” adı verdiyim bir qovluq yaratmışdım. Orada ana dili, vətən və müharibə mövzusunda yazılmış şeirlər toplamışdım. Hər üçü həmişə diqqətdə olan mövzudur. İkisini sevgiylə, digərinə də pis münasibət formalaşdırmaq üçün işləmişdim.

Bir məqam da diqqətimi çəkməkdədir: “1944-cü ilin avqust ayında SSRİ Xalq Komissarları Soveti ”Kütləvi və məktəb, ali və orta təhsil müəssisələrinin kitabxanaları, dövlət, ümumi və elmi kitabxana işçilərinin əmək haqqının yüksəldilməsi  haqqında” qərar qəbul etmişdir”. Bundan sonra vurğulanır ki, bu qərar bütün kitabxana işçiləri kimi Milli Kitabxananın da kollektivini  ruhlandırmış, oxuculara xidmət işini daha da təkmilləşdirmək üçün əlverişli  şərait yaratmışdır. Ona görə də Milli Kitabxananın 1944-cü il sentyabr ayının 5-də keçirilmiş iclasında kollektivin nümayəndələri çıxış edərək bu qərarı dövlətin kitabxana işinə olan qayğısı kimi qiymətləndirmiş və buna cavab olaraq oxuculara xidmət işini daha da yaxşılaşdırmaq üçün əzmlə çalışacaqlarına söz vermişdilər.”

Doğrusu, bu mənə həmişə qəribə gəlib: maaş artırılmasaydı qələbə üçün həvəssiz çalışacaqdılar?

İşlədiyim müddətdə az maaşın işləməyə mənfi təsir göstərməsi mövzusunda müzakirələrə çox qatılmışam. Əlbəttə, normal maaş almaq daha yaxşıdır, amma yüz otuz beş manat məvaciblə işə başlamağım həvəslə, məsuliyyətlə çalışmağıma heç vaxt mane olmayıb.

Millətimizdə şəhidinə, qazisinə, əsgərinə ehtiram həmişə olub. Məhz sevgi hissi bu gün az maaşla işləyən kitabxanaçıları “Yaşat” fondu üçün pul köçürməkdən çəkindirmir. Çünki bir əsgər bir ananın deyil, bütöv Vətənin oğludur.

“Müharibə illərində Milli Kitabxananın oxuculara xidmət işində soraq-məlumat və biblioqrafiya xidməti çox mühüm yer tuturdu. Bu dövrdə oxucuların biblioqrafik mövzu tərkibində xeyli dəyişikliklər baş vermişdi.  Belə ki, sorğuların tam əksəriyyəti bu və ya digər dərəcədə müharibə şəraiti və müharibə mövzuları ilə əlaqədar idi.

1941-ci ilin sentyabr ayından başlayaraq Milli Kitabxanada müharibə ilə əlaqədar iki mövzu kartotekasının əsası qoyuldu. “Sovet İttifaqının Böyük Vətən müharibəsi” və “Azərbaycan böyük Vətən müharibəsi günlərində” adlanır. Bunlardan əlavə kitabxana tərəfindən müharibənin ayrı-ayrı hadisələrinə, Sovet ordusunun, Azərbaycan əsgərinin qəhrəmanlıqlarına həsr edilmiş operativ mövzu kartotekaları tərtib edilirdi.  Belə mövzu kartotekalarının içərisində “Azərbaycanlı Sovet ittifaqı Qəhrəmanları”, “Azərbaycan əsgərlərinin Moskva uğrunda döyüşlərdə qəhrəmanlıqlar” kimi özündə yüzlərlə kitab dövri mətbuat materiallarını əks etdirən Azərbaycan və rus dillərində tərtib edilmiş biblioqrafik kartotekaları misal göstərmək olar.

Bu kartotekaların əsasını cari jurnal və qəzetlərdə dərc edilmiş materiallar, Ali baş Komandanın əmrləri, Vətən müharibəsi mövzusunda yazılmış bədii və publisistik əsərlər  təşkil edirdi.

Yazıçılar jurnal və qəzetlərdə faşistlərə qarşı xalq qəzəbini ifadə edən adamları döyüşə səsləyən şeir və hekayələrlə çıxış edirdi. Ədəbi tənqid yazıçıların diqqətini günün ən vacib və aktual məsələlərinə cəlb edir, oxucularda vətənpərvərlik duyğularını duyğularını coşduran əsərlərin yazılmasına istiqamətləndirirdi. Yazıçılar həyatın, cəmiyyətin sifarişini gözləmir, cəbhənin hansı yerində, hansı vəzifələrin yerinə yetirilməsində qələmə daha çox ehtiyac olduğunu həssaslıqla duyur, mübariz vətənpərvər pafosu ilə cavb verirdilər”.

İndi ondan da möhtəşəm oldu. İgidlər öz Vətənləri üçün döyüşürdülər, insanlar ilk dəfə olaraq həmrəy oldular. O həmrəylik bizi qələbəyə doğru apardı.

Çatmaq istədiyimiz məkan uzun bir yolun sonundadır. Yol istiqamətdir, yol bizi ünvana aparan xəttdir. Məşhur şeirdə deyildiyi kimi:

Yollar dünyada çoxdur,
Sayı-hesabı yoxdur.
Bostan yolu, bağ yolu,
Aran yolu dağ yolu.
Bir yol var ki dünyada
Onu getmirsən hədər…

O yolun Məktəb yolu olduğunu bilirsiniz.

Məktəb deyəndə təkcə elm öyrənmək, təhsil almaq üçün getdiyimiz tədris ocağı nəzərdə tutulmur. Hər şeyin məktəbi var. “Vətən eşqi məktəbi” də var ki, Əhməd Cavad “Səndən ötrü can verməyə cümlə hazırız” deyib yaratdı onu. Şəhriyar da həmin məktəbdə “Ustadımız deyib heçdir Vətənsiz can, Azərbaycan!” harayıyla dərs aldı.  O məktəbi hər kəs keçməlidir. Məktəbimiz, kitabxanamız, milli ideologiyamız varsa yolumuzla düz gedəcəyik. Yolsuz cəmiyyətin yolu budur.