- Köşə, Manşet

Vasif SADIQLI. Tumba-Yumbalıların duası

Qədim zamanlarda Tumba-Yumba adlı bir qəbilə vardı. Bu qəbilənin üzvləri axşam yatırdılar, səhər görürdülər ki, qiymət bahalaşıb. Nəmi bahalaşıb? Nə olasıdı? Ya qaz bahalaşıb, ya su, ya pomidor, ya da xiyar, hulu, ev pulu, kəfən pulu, ehsan pulu….

Molla çağırıb Quran oxutdururdular, xeyri olmurdu, oruc tuturdular, xeyri olmurdu. Qərara aldılar ki, gedib Dürüst baba dağında dua etsinlər. Çıxdılar, dua etdilər, döndülər. Amma qiymətlər yenə ən yaxşı halda köhnə templə dəyişirdi. Nəhayət, biri dedi ki, cümə günü getmək lazımdı. Elə də etdilər. Çıxdılar, dua etdilər, döndülər. Amma qiymətlər yenə ən yaxşı halda köhnə templə dəyişirdi. Arvad-kişi dizlərini yerə qoyub, əllərini göyə qaldırıb dua edirdilər. Xeyri olmadı. Heyvanları ac saxlayıb, sonra dua etdilər, yenə nəticəsi olmadı. Dünyagörmüşlərdən biri dedi ki, dombalaq aşıb, sonra səcdəyə gedib dua etmək lazımdır. Sınadılar. Əvvəlcə bir uşaq göndərirdilər, gedib dayanırdı yaxınlıqdakı ərzaq dükanında. Uşaq bir dəfə donbalaqdan əvvəl, bir dəfə də səcdədən sonra eyni məhsulların – seçmə gündəlik tələbat mallarının qiymətini ucadan bağırırdı. Dünyagörmüşün itabı da fayda vermədi.

Naəlac üz tutdular deputat Qayəsinur Dürüstbəylinin yanına. Dərdlərini ərz elədilər, Dürüstbəyli əvvəlcə sağ cibindən çıxardığı dəsmalla sol gözünün, sonra sol cibindən çıxardığı dəsmalla sağ gözünün suyunu sildi. Sonra gördü ki, çatdıra bilmir, üzr istəyib hamamdan yekə dəsmal gətirib yaşını silə-silə onlara dedi: “Nuri-düçeşmlərim, sizə bir sual verəcəm, əgər dürüst cavab verdiniz, bu məsələni Milli Məclisdə qaldıracam, yox əgər vermədiniz, bəxtinizdən küsün.
Adamlar dedilər, deginən.
– Tutalım, siz çölnən gedirsiniz, birdən qarşınıza bir dəstə çoban iti çıxır, sola dönmək istəyəndə ordan da bir dinozavr çıxır, geri qayıtmaq istəyəndə görürsünüz ki, arxadan da bir neçə ayı gəlir. Məcbur olub, irəli gedirsiniz. Qarşıdan bir “Belarus” traktoru gəlir. İndi gəlirik suala: Əgər bu traktorun qabaq təkərləri dal təkərlərindən böyükdürsə və qapısı bayıra açılırsa, supermarketdə yulaflı peçenyenin kilosu neçəyədir?
Yerbəyerdən dilləndilər:
– 3 manat 80 qəpik
– 4 manat 59 qəpik
– 5 manat 11 qəpik
Dürüstbəyli dərindən nəfəs aldı, ahını Dürüst baba dağına yönəldib, bir az məmnunluqla dedi:
– Tapmadınız. supermarketdə yulaflı peçenyenin kilosu 10 manat 99 qəpikdir. Yazda ala bilmədiyim gilasın bərəkəti haqqı, sizə kömək edə bilmərəm deyib, bıldır-bıldır gözlərinin yaşını tökdü…

Bundan da bir şey çıxmayanda naəlac qalıb uzaqdakı Uca dağa üz tutdular. Ayaqlarını soyunub dağa dırmaşmağa başladılar. Onlar hönkür-hönkür ağlayır, üzlərini cırırdılar. Dırnaqlarının açdığı şırımla qanları süzülürdü. Dağa dırmaşdıqca tikanlar ayaqlarını yaralayır, barmaqları daşlara dəyib əzilirdi. Nəhayət, ən hündür yerə çıxmağı qərara aldılar. Çıxdılar, dua etdilər, Tarif Şurasının üzvlərini sərt şəkildə qarğadılar. Allahdan istədilər ki, Tarif Şurası üzvlərinin hamısının başının tükü tökülsün, sonra, canım sizə desin, dilləri qurusun, qərar yazan və yazmayan barmaqları bir-bir çürüyüb tökülsün. Kimsə dedi ki, birdən əl barmaqları quruyanda ayaq barmaqları ilə yazarlar, yutubda hətta birdən ayaq barmaqları ilə şəkil çəkən görüb. Bəddua etdilər ki, ayaq barmaqları da düşsün. Və nəhayət, Tarif Şurası üzvlərinin dişlərinin tökülməyini də əlavə etdilər ki, birdən qələmi dişləri ilə tutub yazarlar.

Bu vaxt yuxarıdan bir səs eşitdilər: “Ey Tumba-Yumba əhli. Özünüzü yormayın. Nə duanız qəbul olunacaq, nə də bədduanız. Çünki çoxunuz saxtakar və diletantsınız. Sən həkim, pul verib diplom alıbsan, Nə qədər insanı müalicə əvəzinə o dünyalıq edibsən. Yanındakı aptekçi saxta dərmanlar satır, özü də mayasından 20 dəfə baha. Tacir, sən Çin mallarını saxta etiketlə Avropa malı kimi sırıyırsan… Müəllim, seçkilərdə paçka ilə bülleten atan sən deyilmidin? Və ya sən – ağsaqqal hesab olunan qoca, sən televiziyaya çıxanda üyütdüyün yalanları xatırlayırsan? Ey Tumba-Yumba əhli! Mədənizdə haram, dilinizdə yalan, ürəklərinizdə kin-küdurət, pul hərisliyi, qanlı əllərinizi Allahın dərgahına uzadırsınız Bu zaman Allahın sizə olan qəzəbi daha da artır. Ona görə nə duanız, nə də bədduanız qəbul olunacaq…

Di yeriyin.

Xeyirli çərşənbə axşamları…