- Mədəniyyət

“Xəmsə və yaxud könüllər mülkünün sultanı” tamaşasının premyerası olub

Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin qələmə aldığı dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyatından bəhs edən “Xəmsə və yaxud könüllər mülkünün sultanı” tamaşasının premyerası olub.

AZƏRTAC xəbər verir ki, Dərbənd Azərbaycan Dram Teatrının səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru Əməkdar artist Sərvər Əliyev, quruluşçu rəssamı Dağıstanın Əməkdar rəssamı Naida Alimetovadır.

Tamaşa barədə fikirlərini bölüşən Sərvər Əliyev deyib: “Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olub. Bu münasibətlə dahi şairə həsr olunan müxtəlif tədbirlər keçirilir. Biz də bu ilə töhfə olaraq “Xəmsə və yaxud könüllər mülkünün sultanı” tamaşasını hazırladıq. Tamaşanın üzərində 44 gün çalışmışıq, necə ki, Azərbaycan əsgəri 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. Onu da qeyd etmək istəyirəm ki, Nizaminin ailə həyatının bağı Dərbənlə də bağlıdır. Belə ki, Dərbənd əmiri tərəfindən şairə kəniz kimi göndərilən Afaqla Nizami ailə həyatı qurur. Dərbənlilər Nizami yaradıcılığını çox sevirlər”.

Səhnə əsərində dahi Nizaminin obrazını gənc aktyor Sərxan Səmədov canlandırıb.

 48 Oxunub