Sentyabrın 23-də Müasir İncəsənət Muzeyində gənc rəssam Raminə Saadatxanın “Xaosun enerjisi” adlı rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərginin açılışından əvvəl sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Şamilli çıxış edərək rəssamın yaradıcılığı və sərgi haqqında təəssüratlarını bölüşüb.
Sərgidə rəssamın son üç ildə ərsəyə gətirdiyi 50-yə yaxın rəsm əsərinin nümayiş olunduğunu deyən E.Şamilli, Raminə Saadatxanın öz dəst-xətində universal müəllif yanaşmasını formalaşdıran bir rəssam olduğunu qeyd edib.
“Sərgidə rəssamın əsərləri təsviri sənətin müasirliyindən danışır. Rəssamın əsərləri müasir dünyaya mifləri yükləyir və zamandan asılı olmayaraq insan arxitipləri və simvollarını təsvir edir. Təsviri dilə diqqət yetirsək görərik ki, bu əsərlərdə fon yoxdur. Bütün kompozisiya fiqurlardan ibarətdir. Bu prinsiplər min illər boyu türk dünyasının xalçalarında işlənilib. O xalçaların hamısında abstrakt elementlər var. Raminə Saadatxanın yaradıcılığında qədim və müasir dünya forma və məzmun cəhətdən maraqlı şəkildə qarşılaşıb”, – deyə E.Şamilli vurğulayıb.
Rəssam tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Sərgidə nümayiş olunan əsərlərdə rəssam müxtəlif estetika və üslubları birləşdirərək, abstrakt ekspressionizm elementləri ilə kollaj pop sənəti üsullarından istifadə edərək formalar yaradıb. İstifadə etdiyi rənglər isə onun əsərlərinə əlavə şərh qatır və ya əksinə, görüntünü şifrələyir. Bu müasir dövrlə, mif və ekzotik aləmlərlə rezonans yaradır. İncil təsvirlərinə istinad edən Raminə, nəticədə ümumiləşdirmə tələb edən bəzi formalar yaratmaq üçün özünütəhlilə üz tutur.
Raminə Saadatxanın vizual oriyentasiyasının təsiri başqadır – formaların hərfi sadəliyi ilə deyil, əksinə, təsviri quruluşların ağlasığmaz mürəkkəbliyinin nümayişi ilə – təmiz abstraksiyadan tutmuş fiqurativ “sadəlövhlüyə” qədər fərqlənir. Onun əsərləri qədim Azərbaycan xalçaları və orta əsr miniatür rəsmləri ilə formaların düzülüşü, rəng kompozisiyaları və ecazkar mühitin ötürülməsi üsulları ilə müəyyən əlaqəyə malikdir.
Sərginin ekspozisiyasında, həmçinin Raminə Saadatxanın əsərlərindən ibarət məşhur Azərbaycan musiqiçisi İsfar Sarabskinin oranjiman etdiyi “Le vent nous portera” kompozisiyanın əsasında rejissor Samir Kərimoğlunun hazırladığı videoart nümayiş olunur.
Sərgi oktyabrın 24-dək ziyarətçilər üçün açıq qalacaq.