- Mədəniyyət

Azərbaycan UNESCO-nun iştirakı ilə Venesiyada keçirilən beynəlxalq forumda təmsil olunub

İtaliyanın Venesiya şəhərinin San Klemente adasında UNESCO-nun iştirakı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə “Rise from the ashes” (“Küllərdən qalx”) adlı humanitar xarakterli multikultural forum keçirilib.

AZƏRTAC xəbər verir ki, 17-ci Venesiya Memarlıq Biennalesi çərçivəsində “Vasconi Architectes by Thomas Schinko” memarlıq şirkətinin təşəbbüsü ilə təşkil olunan beynəlxalq forumda dünyanın tanınmış şəxsləri ilə yanaşı, azərbaycanlı memarlar, sənətçilər, incəsənət nümayəndələri və tələbələr iştirak ediblər.

Tədbirin əsas məqsədi Beyrut şəhərinin rekonstruksiyası, həmçinin şəhərin Baş memarlıq planı üçün həll yollarının tapılması olub. Forumda, eyni zamanda, təcrübəli beynəlxalq təlimçilər müxtəlif mövzularda çıxışlar ediblər.

UNESCO-nun Baş Konfransının prezidenti Altay Cengizer çıxış edərək UNESCO-nun Baş direktoru xanım Odre Azulenin bu foruma dəstək olduğunu iştirakçıların diqqətinə çatdırıb. Tədbirdə tanınmış memar Renzo Piano, UNESCO-nun xoşməramlı səfiri Hedva Ser, UNESCO-nun Venesiya bölgəsi üzrə rəsmi nümayəndəsi Ana Luiza Thompson-Flores, Livan Mühəndislər və Memarlar Federasiyasının prezidenti Cad Tabet, ALBA Universitetinin prezidenti Andre Bexazi, Beynəlxalq təhlükəsizlik, enerji və ətraf mühit üzrə direktorlar şurası və Pentaqonun baş məsləhətçisi Çarlz Sills və digər nüfuzlu şəxslər iştirak etdilər.

Forumda, həmçinin peşəkar təlimçilər tərəfindən müxtəlif aktual mövzularda çıxışlar olub. “Millionaire Concept Network”un dəstəyi ilə konfransda iştirak edən Afrika Sağlamlıq Federasiyasının idarə heyətinin sədri Mohamed El Sahilinin məruzəsi dinlənilib.

Tədbirdə “Eurasia Analytics”in direktoru Gülmira Rzayeva, “Millionaire Concept Network”un İtaliya üzrə direktoru Turan Sadigi, elm, cəmiyyət və rəssamlıq sahəsində 20 illik təcrübəyə malik rəssam Koen Vanmexelen, “SnarkArt” şirkətinin icraçı direktoru Nadia Taiga və digər şəxslər iştirak ediblər. Forumda NFT rəssamı kimi məşhurluq qazanan Krista Kim şəhərlərin yenidən qurulması üçün UNESCO-ya sənət, memarlıq sahəsində, cəmiyyətdə inqilab edəcək fikirlər təqdim edərək bu işdə qlobal miqyasda fəaliyyət göstərən təşkilatların, institutların və yaradıcı şəxslərin önəmli rol oynadığını qeyd edib. “TheSuperWorld” virtual daşınmaz əmlak platformasının baş icraçı direktoru və həmtəsisçisi Hrish Lotlikar isə daha yaxşı bir dünya yaratmaq üçün AR/VR/Blockchain və AL texnologiyalarından istifadə etməyin vacibliyini bildirib.

Livanın məşhur sənətçisi Rudy Rahme qala gecədə canlı performans nümayiş etdirib. Türk sənətçisi Özge Günaydın isə “Küllərdən qalx” simvolunu yaradıb. Qala gecəsinin ən mühüm məqamı isə azərbaycanlı tanınmış caz ifaçısı Etibar Əsədlinin Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i ifa etməsi olub.

Tədbirin təşkilatçısı, “Vasconi Architectes by Thomas Schinko” memarlıq şirkətinin vitse-prezidenti, həmyerlimiz Aytən Mirzoyeva gələcəkdə belə bir formatda forumun Gəncə şəhərinin və Qarabağın yenidən qurulması üçün Mədəniyyətlərarası Dialoqa dair Sülh Yaradıcılıq Mərkəzinin iştirakı ilə Azərbaycanda keçirilməsinin nəzərdə tutulduğunu deyib.