- Mədəniyyət

“Sənətin Kamandar zirvəsi” kitabı nəşr edilib

Borçalı aşıq mühitinin yetirməsi, XX əsr Azərbaycan aşıq sənətinin görkəmli simalarından olan Aşıq Kamandar Əfəndiyevə həsr olunmuş növbəti kitab işıq üzü görüb. Tbilisidə işıq üzü görmüş kitab “Sənətin Kamandar zirvəsi” adlanır.

AZƏRTAC xəbər verir ki, kitabın müəllifi Borçalıda yaşayıb fəaliyyət göstərən folklorşünas alim, professor Mahmud Kamaloğlu, redaktoru Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, rəyçisi professor Şurəddin Məmmədli, məsləhətçisi isə ustad aşığın oğlu Əflatun Kamandardır.

Kitabda Aşıq Kamandar haqqında eyni zamanda gürcü dilində də geniş məlumatlar yer alıb ki, bu da gürcü ictimaiyyətinin sənətkarın həyat və yaradıcılığı ilə yaxındaqn tanış olmasına imkan yaradır.

Xatırladaq ki, Aşıq Kamandar (Kamandar Həmid oğlu Əfəndiyev) 1932-ci il oktyabrın 21-də Borçalıda anadan olub. XX əsrin ikinci yarısından bənzərsiz ifası və dastan söyləmək bacarığı ilə Azərbaycan aşıq sənətində özünəməxsus yer tutub, təkcə Gürcüstanda və Azərbaycanda deyil, eyni zamanda Türkiyə, İran və Orta Asiyada da məşhur olub. Təsadüfi deyil ki, bu gün Borçalı ilə yanaşı, Azərbaycanda, xüsusilə də Təbriz və onun ətraf bölgələrində sənətə gələn gənclərin çoxu Aşıq Kamandar yolunu davam etdirir.

Aşıq Kamandar 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün mükafatçısı olan, 1963 və 1984-cü illərdə Azərbaycan aşıqlarının III və IV qurultaylarında iştirak edib, Əməkdar mədəniyyət işçisi (1984) fəxri adına layiq görülüb.