Gənc nəslin vətənpərvərlik və milli dəyərlərə hörmət ruhunda tərbiyəsində yaxından iştirak edən Respublika Gənclər Kitabxanasının əməkdaşları 27 sentyabr- Anım Günü münasibətilə silsilə materiallar hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, bu materiallara çoxlu sayda videoçarxlar, biblioqrafik vəsait və biblioqrafik bülletenlər daxildir.
“Dövlətçilik tariximizin ən parlaq səhifəsi” bülletenində Azərbaycan tarixinin ən parlaq və şanlı səhifəsi olan 44 günlük II Qarabağ müharibəsi haqqında 2021-ci ildə nəşr edilmiş 43 adda ( 30 Azərbaycan, 6 türk, 4 rus, 3 ingilis dilində) elmi, siyasi, tarixi, publisistik, bədii kitabların şəkilləri və annotasiyalı biblioqrafik təsvirləri, rəsmi sənədlər, 207 adda (125 Azərbaycan, 83 rus dilində) dövri mətbuatda çıxan məqalələrin təsvirləri, Vətən müharibəsinə dair şeirlər toplanıb. Kitab təsvirləri əlifba ardıcıllığı ilə, dövri mətbuat materialları əks xronoloji qaydada verilib. Vəsaiti tərtib etməkdə məqsəd istifadəçiləri II Qarabağ müharibəsinə dair kitablarla tanış edərək məlumatlandırmaqdır.
Bundan əlavə, 44 günlük Vətən müharibəsində xalqımızın qazandığı tarixi Qələbə və Zəfər təntənəsini tərənnüm edən bədii ədəbiyyat nümunələri haqqında məlumatları istifadəçilərin diqqətinə çatdırmaq məqsədilə “II Qarabağ müharibəsi bədii ədəbiyyatda” adlı biblioqrafik vəsait də tərtib olunub.
Respublika Gənclər Kitabxanasının əməkdaşları biblioqrafik vəsaitlərdən əlavə bir sıra vətənpərvər ruhlu, milli ordumuza, şəhidlərimizə, 44 günlük müharibənin hadisələrinin xronikasına həsr olunmuş videomateriallar da hazırlayıblar. Videoçarxlarda Zaur Ələsgərli, Rəşad Ələkbərov, Adil Əfəndiyev, Nicat Qasımzadə, Şamil Babayev kimi igid Azərbaycan oğullarından bəhs edilir, onların döyüş yolu, qəhrəmanlıqlarından danışılır.
Kitabxana əməkdaşları “Azərbaycan əsgərinə” şerini səsləndirərək izləyicilərə videomaterial formasında təqdim edib.
Sözügedən materialların hər biri kitabxananın rəsmi saytında və sosial şəbəkələrində yerləşdirilib.