27 sentyabr – Anım Günü ilə əlaqədar Milli Kitabxanada Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ilə 44 günlük Vətən müharibəsini geniş işıqlandıran “TÜRKSOY Media Mükafatı -2020”ə layiq görülmüş media nümayəndələrinin görüşü və kitabxananın hazırladığı “Qarabağ Azərbaycandır! – 44 günlük II Qarabağ müharibəsi” adlı elektron məlumat bazasının təqdimatı keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan torpaqlarının azad edilməsi uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, hazırda Azərbaycan xalqı, dünya azərbaycanlıları, Azərbaycanın dostları böyük Zəfər sevincini yaşayırlar: “Bildiyimiz kimi, heç bir Zəfər qansız, qurbansız başa gəlmir. Çox təəssüflər olsun ki, 44 günlük haqq savaşımızda biz də çoxsaylı şəhidlər verdik. Biz bu günümüzə görə onlara borcluyuq. Zaman keçsə də, Azərbaycan xalqı heç vaxt öz şəhidlərini unutmayacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Anım Gününün, eləcə də Zəfər Gününün təsis edilməsi şəhidlərimizin ruhunun yaşadılması deməkdir”.
K.Tahirov Azərbaycanın haqq işinin dünyaya çatdırılmasında iştirak edən türkdilli ölkələrdən olan jurnalistlərə öz təşəkkürünü bildirib.
Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı çıxış edərək deyib ki, bilavasitə TÜRKSOY-un baş katibi Dusen Kaseinovun təklifi ilə 44 günlük müharibə zamanı Azərbaycanın səsini dünyaya çatdıran jurnalistlərə “TÜRKSOY Media Mükafatı”nın təsis olunması qərara alınmışdır: “Biz Azərbaycanın həmin ölkələrdəki səfirliklərinə müraciət edərək 36 nəfər jurnalisti bu mükafata layiq görmüşük”.
Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova iştirakçılara “Qarabağ Azərbaycandır! – 44 günlük II Qarabağ müharibəsi” adlı elektron məlumat bazasını təqdim edib. O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncamına və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Qarabağ Azərbaycandır! – 44 günlük II Qarabağ müharibəsi” adlı elektron məlumat bazası hazırlanıb. Elektron məlumat bazası “Rəsmi sənədlər”, “İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir”, “Düşmən işğalından azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısı”, “II Qarabağ müharibəsi şəhidləri”, “Nəşrlər”, “II Qarabağ müharibəsinin xatirəsinin əbədiləşdirilməsi”, “Müharibə iştirakçılarına verilən orden və medallar”, “Erməni terroru”, “Videoqalereya” bölmələrindən ibarətdir.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxış edərək tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə, Milli Kitabxana rəhbərliyinə və TÜRKSOY-a öz təşəkkürünü bildirib. O, 44 günlük müharibə zamanı daim yanımızda olan bütün qardaşlarımıza, o cümlədən jurnalistlərə müraciət edərək Azərbaycanın səsi olduqlarına, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında iştirak etdiklərinə görə təşəkkür edib. O, Milli Kitabxananın əməkdaşları tərəfindən “Qarabağ Azərbaycandır! – 44 günlük II Qarabağ müharibəsi” adlı elektron məlumat bazasının da hazırlanmasının təqdirəlayiq layihə olduğunu bildirərək, belə layihələrin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynadığını söyləyib.