2023-cü ildə Şuşa türk dünyasının mədəniyyət paytaxtı olanda, Macarıstanın Veszprem şəhəri də Avropanın mədəniyyət paytaxtı olacaq. Mədəniyyətlərarası dialoqun təşviqi üçün bu iki şəhərin əməkdaşlığında maraqlıyıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın payız sessiyasında Nazirlər Komitəsinin sədri qismində çıxışında Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto söyləyib.
O deyib: “Azərbaycanın mədəniyyət naziri ilə də danışmışam. Bildirmişəm ki, biz işğaldan azad edilmiş Qarabağ ərazisindəki dini-mədəni abidələrin, xristian dini irsinin bərpasına yaxından dəstək verməkdən məmnun olarıq. Bakıda olarkən katolik icmasının rahibi ilə görüşdüm. O bildirdi ki, Azərbaycan hökuməti onlara çox böyük qayğı və hörmətlə yanaşır. Bu, həqiqətən də nümunə götürüləsi haldır”.