- Mədəniyyət

Qobustan qoruğunda Vətən müharibəsi qəhrəmanlarının xatirəsi anılıb

Qobustan Milli Tarix-Bədii Qoruğunda Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-dən etibarən Silahlı Qüvvələrimizin başladığı əks-hücum əməliyyatları nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, işğal altındakı torpaqlarımızın azad olunması uğrunda əsgər və zabitlərimizin müstəsna şücaət nümayiş etdirməsi, habelə Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində 44 günlük müharibə zamanı 100-ə yaxın mülki soydaşımızın qətlə yetirilməsi haqda məlumat verilib.

Qeyd edilib ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib.

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq”, – deyə Vüqar İsayev söyləyib.

Sonda Vətən müharibəsindən bəhs edən videoçarx nümayiş olunub.