- Köşə

Mübariz AZƏRBAYCANLI. Ermənistan Abdollahianın təyyarəsini göydəykən vurdu, Amilinin “pısdığı” isə özünə qaldı…

Moskva səfərindən “quyruğunu” büzüb geri qayıdan Amilinin “şirlərindən” biri – İranın baş diplomatı Hüseyn Əmir Abdollahiyanın hansı hala düşdüyünü artıq çoxları bilir. Ancaq elə məsələlər də var ki, onu İran mollalarının üzünə şapalaq kimi çırpmaq lazımdır.

Əvvəlcə ordan başlayaq ki, İran konstitusiyasının 152-ci maddəsinə görə bütün müsəlmanların hüquqlarının müdafiəsi İran xarici siyasətinin əsas prinsiplərindən biri hesab olunur. Bu Konstitusiyasının 154-cü maddəsində isə dünyanın istənilən yerində məzlumların dəstəklənməsi nəzərdə tutulur. Maraqlıdır, bəs onda nədən bu prinsiplər işğala məruz qalmış qüzey Azərbaycan müsəlmanlarına deyil, işğalçı xristian ermənilərə şamil edilir?

Əlbəttə, Azərbaycanın bu prinsiplərdən irəli gələcək hansısa yardıma heç də ehtiyacı yoxdur. İranın Azərbaycana ən böyük müsəlman dəstəyi o olar ki, sadəcə sussun və Arazı “bulandırmasın”. Ancaq Ərdəbilin baş mollası Seyid Həsən Amili qaragözlük edərək öz “xütbələrində” Azərbaycana xitabən “Biz sənə nə vaxt pısdıx etdük, Azarbaycan?” sualı verərək güneyli soydaşlarımızın başını aldatmağa çalışır. Bu üzdən onda gərək biz bu “pısdığları” elə onun öz şivəsində bir-bir yadına salaq ki, bəlkə daha yaxşı anlasın və birdəfəlik sussun.

Əvvəlcə Seyid Həsən Amiliyə onu ərz edək ki, onun “şiri” hələ 1992-ci ilin mayında Qarabağ probleminin tənzimlənməsi adı ilə guya vasitəçilik edəndə, iki ölkənin nümayəndə heyətlərinin Tehranda olduğu zaman Şuşa şəhərinin işğalına açıq şəkildə şərait yaratdı. Bu, pısdığın birimincisi. Əgər bu pısdığ deyildisə, onda nədən sənin “şirin” o zaman quyruğunu tərpədib bu işğala görə Ermənistana bir “diş” atmadı? Axı, Ermənistan tərəfi bu addımla həm də sənin o boyda “şirinə” tülki kimi xəyanət edib, cahani mülkdə olan-olmaz hörməti-izzətini yerə çırpmış oldu.

Bundan əlavə, məgər İran hələ birinci Qarabağ savaşı zamanı Arazın o tayından baxaraq Azərbaycan Ordusunun kordinatlarını ermənilərə ötürmürdümü, onlara hər türlü yardımlar etmirdimi? İşğal zamanı sənin “şirin” tülkülük edən Ermənistana ağzının tör-töküntüsünü verib qidalandırdımı? Azazboyu Azərbaycan ərazilərində işğalda qalan rayon-kəndlərin mülklərini söküb daşımırdımı, ikinci Qarabağ savaşında sərhədə radarlar quraraq Azərbaycan Ordusunun rabitə sisteminə problemlər yaratmırdımı, Rusiya müdafiə naziri Şoyqunun “taxta şalban” adlandırdığı silah-sursatı uçaqlarla öz ərazisindən rahatlıqla Ermənistana keçməsini təmin etmirdimi? Üstəlik savaşdan sonra belə, sənin “şirin” dinc oturmayıb üstünə “İran-Ermənistan-Stepanakert” yazılmış qayimə ilə Azərbaycan ərazisinə qanunsuz olaraq  yanacaq adı altında nələrsə daşıdığı da məlum oldu.

İndi də belə bir yeni xəbər var ki, ötən il savaş zamanı Zəngilana gedən ən qısa və rahat yol Araz çayı boyunca uzanan torpaq yol olsa da, ancaq Xudafərin su anbarını keçəndən sonra Azərbaycan Ordusunun ön qüvvələri Azərbaycan ərazisində İran əsgərləri ilə qarşılaşıblar. İran əsgərləri əvvəlcədən hazırladıqları beton maneələr vasitəsilə, bir neçə pikap və odlu silahla silahlanmış halda Azərbaycan Ordusunun qarşısını kəsib. Bunu guya su anbarını qorumaları ilə əlaqələndiriblər. Onlarla danışıqlar bir fayda vermədiyindən, Azərbaycan Ordusu burada bir neçə saat vaxt itirib. Təbii ki, bu isə düşmən tərəfə bir neçə saatlıq özünü toplamağa vaxt qazandırıb. İndi sən özün də bir bax, ağaye Həsən, bu qədər sadaladığımız pısdığ deyil, bə nəmənədi? Dəxi bundan böyük pısdığ ki, olmaz? Bə, pısdığ nə cür oley?

Müstəqil Azərbaycanın ərazisi olan Qarabağı hansı haqla, “Qarabəğ islam torpağidir”, deyirdin? Məgər yer üzündə islam adlı millət, ərazi, torpaq varmı? Yaxşı, əgər Qarabağı islam torpağı hesab edirdinsə, onda bəs nədən Paşinyan İrandakı erməni klubunda “Qarabağ Ermənistandır, nöqtə” deyəndə susdun? Necə oldu, “Qarabəğ islam torpaği” olmadı? Bundan başqa, işğal zamanı o yerlərdəki Azərbaycana məxsus məscidləri bərpa adı ilə farslaşdıranda, bu müqəddəs evlərin  içində saxlanılan donuzları məgər sənin “şirin” görmürdümü?! Donuz demişkən, sənin Əhmədi Necatın donuz yeyən Sarkisyanı qucaqlayanda nə yaxşı heç ondan iyrənmirdi? Bax belə, ən yaxşısı budur ki, sus, dilini birdəfəlik kəs qoy öz “şirinin” büzüşmüş quyruğunun altına və ilk növbədə hamınız yığışın gedin öz konstitusiyanıza əl gəzdirin.

İndi ilk baxışda görünən odur ki, guya İranı əsas qıcıqlandıran Azərbaycanın İsraildən 2 milyardlıq silah-sursat almasıdır. Bu üzdən də o “şirə” dönüb yerində nərə çəkir. Amma İran mollaları anlamalıdırlar ki, bizlərdə şirlə oynamırlar, onu zooparkda qəfəsdə saxlayıb uşaqlara göstərirlər ki, vəhşi təbiətlə tanış olsunlar. Əslində isə İsraildən alınan silahlahlar İranı “şirə” çevirmir, sadəcə Azərbaycan işğalda olan ərazilərinin əksər hissəsini düşməndən azad etdiyindən Tehran alışır. Çünki burada, Azərbaycanla Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması reallığa çevrilir. Bununla yanaşı, Qafan-Gorus yoluna görə İran sürücülərindən torpaq haqqı tələb etməsini İran həzm edə bilmir. Bu üzdən də İran yeni Gorus-Qafan yolunun tikintisinə Ermənistana kömək məqsədilə öz kisəsindən pul verir ki, bu da simic mollaları daha da alovlandırır.

Ancaq Tehran hələ də anlamır ki, ermənilər Amilinin adlandırdığı “Əmrikə” yönümlü siyasət aparmaqdadırlar və ilk fürsət düşən kimi elə birinci İranın dağıdılmasında ön cərgədə olacaqlar. Məgər Azərbaycanla havadan və qurudan bütün yolları bağlayan İranın, baş diplomatı Abdollahiyan Moskvaya şikayətə getdiyi gün “Azərbaycan Hava Yolları” Bakı-Naxçıvan reyslərinin yerinə yetirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlamadımı? Məcazi mənada desək, məgər bu, rəsmi İrəvanın Abdollahiyanın təyyarəsini göydəykən vurması demək deyilmi?

Bu arada, onu da deyək ki, Abdollahiyan birbaşa elə hava limanında olarkən  Azərbaycandan şikayətləndiyi halda, ancaq Lavrovla danışıqlardan sonra “Rusiya 24” telekanalına verdiyi müsahibədə bildirdi ki, “Azərbaycan və Ermənistan bizim yaxşı qonşularımızdır və biz onlardan biri ilə digərinə qarşı işləyə bilmirik. Xarici siyasətimiz bərabərdir. İndi guya, Abdollahiyan da İranın Azərbaycana qarşı etdiyi bu boyda “pıstığlardan” bixəbərdir. Üstəlik utanmadan “İki gün əvvəl həmkarım – Ermənistanın xarici işlər naziri Tehrana gəldi. Yaxşı olardı ki, azərbaycanlı həmkarımızın da İrana səfər etmək imkanı olsun”, deyərək, hətta özünün də belə bir fürsət yarandıqdan sonra Ermənistana, həmçinin Azərbaycana səfər edəcəyinə söz verdi.

Belə yerdə rəsmi Bakı Abdollahiyana mütləq deməlidir ki, buyur “bişirdiyin sıyığı” əvvəlcə özün qaşıqla, sonra kiməsə təklif et… Niyə Azərbaycan baş diplomatı haqlı olduğu halda Tehrana özlərini şir-pələng adlandıran mollaların ayağına getməlidir? Qoy Abdollahiyan zəhmət çəkib özü gəlsin Bakıya və onun şir olduğunu deyil, məhz pişik olduğunu bütün dünya görsün. Heç şübhəsiz ki, Zəngəzur dəhlizi açılacaq və İranın indiyədək etdiyi bütün bu “pısdığları” özünə qalacaq…