- Mədəniyyət

Bolqarıstan Milli Televiziyasında Azərbaycan milli mətbəxinin nümunələri təbliğ olunur

Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə əlaqədar ölkəmizin Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə Bolqarıstan Milli Televiziyasında cari ilin oktyabr ayında Azərbaycanın milli mətbəxini tərənnüm edən silsilə verilişlər yayımlanacaq.

Səfirlikdən bildirilib ki, oktyabrın 15-də yayımlanan ilk verilişdə Azərbaycan milli mətbəxinin şah yeməyi sayılan şah-plovun hazırlanma qaydası nümayiş olunub və bu yemək barəsində izləyicilərə ətraflı məlumat verilib. Verilişdə qeyd olunub ki, Azərbaycanda plovun 200-dən artıq növü var və ölkənin müxtəlif bölgələrində bu ləzzətli plov özünəməxsus qaydada bişirilir. Bu baxımdan Qarabağ plovu xüsusilə seçilir. Bildirilib ki, plov bir çox ölkələrin milli mətbəxinə daxil olsa da, onun ən mükəmməl və çoxsaylı növləri məhz Azərbaycanda bişirilir.

Qeyd edək ki, oktyabr ayının sonunadək Bolqarıstan Milli Televiziyasında yayımlanacaq silsilə verilişlərdə Qarabağ, Gəncə, Bakı və digər bölgələrimizin mətbəxlərinə dair ləziz təamlar təqdim olunacaq.